Onlayn ictimai-siyasi qəzet
Alyaskada Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş Vaşinqtonun müttəfiqlərinin narahat edib. Onlar görüşdə gözlənilməz qərarların qəbul ediləcəyindən ehtiyat edirlər.
Bu, beynəlxalq mediada uyğun mövzuda yazılmış məqalələrinin ruhundan aydın olur.
Düzdür, Rusiya və Ukrayna kimi onlar da Moskva ilə Kiyev arasındakı münaqişədən yorulublar və müharibənin tezliklə bitməsini istəyirlər, amma bunun “nəyin bahasına olursa-olsun”la yox, mümkün qədər ədalətlə bitməsinin tərəfdarıdırlar. Onların qorxuları daha çox onunla bağlıdır ki, Tramp müttəfiqlərinə Putinlə hansı şərtlərlə razılaşmağı planlaşdırdığı barədə məlumat vermir.
Aparıcı NATO ölkələrinin liderləri və Aİ rəhbərliyi ABŞ prezidentinə xəbərdarlıq ediblər ki, danışıqların nəticəsindən asılı olmayaraq, Ukraynanın taleyini Ukraynasız və Avropasız həll etmək olmaz. Bu, Avropanın lider ölkələrinin qırmızı xəttidir.
Ancaq belə bir ümid böyükdür ki, avqustun 15-də Alyaskada keçiriləcək görüş, nəhayət, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün müəyyən qədər real şans verəcək. Tərəflərin bu danışıqlara hansı təkliflərlə gəldiyi barədə dolğun məlumatlar olsaydı, bəlkə də daha optimist (və ya pessimist) olmaq mümkün idi.
Tramp və Putinin konkret olaraq nə barədə razılığa gəlməyi planlaşdırdıqları qeyri-müəyyəndir.
Heç o da bilinmir ki, Ukrayna savaşı iki lider arasında yeganə söhbət mövzusu olacaq, yoxsa bu, bəzi Amerika-Rusiya razılaşmalarının yalnız bir hissəsi olacaq. Başqa məsələlər də var: Putin və Tramp sanksiyaların (ən azı ABŞ prezidentinin öz qərarı ilə ləğv etmək hüququna malik olduğu bir neçəsi) ləğvini müzakirə edəcəkmi?
Qarşıdan gələn danışıqlarla bağlı yaranan bu və bir çox digər sualların cavabları bu gün hətta Qərb ölkələrinin aparıcı siyasətçilərinə də bəlli deyil və bu onları narahat edir.
Trampın avqustun 15-də Putinlə Alyaskada görüşmək niyyətini elan etməsindən cəmi bir neçə saat sonra Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, İtaliyanın baş naziri Giorgio Meloni, Almaniya kansleri Fridrix Merz, Polşanın baş naziri Donald Tusk, Finlandiya prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə danışıqlar aparıb və birgə bəyanat qəbul ediblər. Vaşinqtonun boz kostyumlu müttəfiqlərnin bu bəyanatda Rusiya və ABŞ prezidentləri arasında razılaşmanı təsdiqləməyə hazır olduqları bir neçə əsas şərt var.
Onlardan birincisi budur ki, Ukraynada sülhə gedən yolu Ukraynasız müəyyən etmək olmaz. Başqa sözlə, Kiyevə münaqişənin həllinə yönəlmiş istənilən qərara veto hüququ verilməlidir. Bugünkü Ukraynanın Qərb yardımından asılılığını nəzərə alsaq, bu şərti deklarativ hesab etmək olar, lakin ən azı bu, bir çox Avropa ölkələrinin hakimiyyət orqanları tərəfindən irəli sürülüb və prinsipial olaraq mühüm hesab edilir. Estoniya parlamentinin komitə sədri Marko Mixelson deyib ki, Alyaska “yeni Yalta” olmamalıdır. O, “Yalta konfransı”ni xatırladarkən, 1945-ci ildə Şərqi Avropanın SSRİ-nin təsir dairəsinə verilməsini nəzərdə tutur. Adı çəkilən konfransda böyük dövlətlər kiçik ölkələrin xalqlarının rəyini soruşmadan onların taleyini həll etmişdilər.
İkinci şərt odur ki, Ukraynaya “güclü və etibarlı təhlükəsizlik zəmanətləri” verilməlidir. Bəyanatda “NATO” sözü yoxdur, amma Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bildirib ki, ölkəsinin təhlükəsizliyinin yeganə güclü təminatını Şimali Atlantika Alyansına qoşulmaqda görür. Kiyev son bir ildə bu məsələ ilə bağlı ziddiyyətli siqnallar alır. ABŞ-nin müdafiə naziri Pit Heqset Avropaya səfəri zamanı qəti şəkildə bəyan edib ki, Ukraynanın NATO-ya qəbulu artıq gündəmdə deyil. Lakin NATO-nun baş katibi Mark Rutte bunun tam əksini deyib və bu, alyansın qapılarının hələ də Ukrayna üçün açıq olduğu deməkdır.
Onu da xatırladaq ki, Macarıstan istisna olmaqla, Aİ-də heç kim Kiyevin Avropaya inteqrasiyanı istisna etməyib. Aİ indi bir çox cəhətdən NATO-nun funksiyalarını təkrarlayan və ya tamamlayan müdafiə birliyinə çevrilir.
Bəyanatda irəli sürülən digər şərt isə “danışıqların başlanğıc nöqtəsi”nin hazırkı təmas xətti boyunca atəşkəs olmasıdır. Yəni əvvəlcə atəşkəs elan edilir, sonra hər şey müzakirə olunur. Yada salaq ki, İstanbul danışıqlarında Rusiya Federasiyası əks mövqeni müdafiə etmişdi: əvvəlcə Kremlin münaqişənin əsas səbəbləri hesab etdiyi şərtlər aradan qaldırılır, yalnız ondan sonra hərbi əməliyyatlara son qoyulur.
Nəhayət, sənəddə ABŞ-nin müttəfiqlərinin “Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü”nə sarsılmaz sadiqliyi vurğulanır.
“Wall Street Journal” anonim qalmaq istəyən iki avropalı məmura istinadən bu ifadənin nə demək olduğunu izah etməyə çalışıb. İddialara görə, avropalılar və Zelenski Trampa ərazilərin bərabər mübadiləsi əsasında Putinə sülh təklif etməyi məsləhət görür. Prinsipcə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ictimai bəyanatlarında buna bənzər bir şey təklif edib. Lakin Avropa liderlərinin bəyanatında Ukraynanın ərazi bütövlüyünün qeyd olunması onu göstərir ki, onların nöqteyi-nəzərindən Rusiyanın Krım və Donbas üzərində suverenliyinin hüquqi tanınması olmadan mübadilə yalnız faktiki ola bilər.
Nə olursa olsun, bu gün Zelenskinin Tramp və Putin arasında gözlənilən danışıqlar xəbərindən sonra təkrarladığı Ukraynanın rəsmi mövqeyi var: "Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna konstitusiyasındadır. Bundan heç kim geri çəkilməyəcək və geri çəkilə bilməz".
Yəni rəsmi Kiyev təkcə Donbası deyil, Krımı da Ukrayna kimi tanıyacaq. Zelenski bu barədə Tramp və Putinə şəxsən Alyaskadakı görüşdə deyə bilər - əgər o, görüşdə iştirak edərsə. Rusiya Federasiyası və ABŞ prezidentləri arasında danışıqlarda digər dövlətlərin liderlərindən hər hansı birinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Araz Altaylı, Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ