İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Qafqaz məğlubiyyətini niyə etiraf etdi: Rusiyanın yeni “müdaxilə planları” qurduğu iddia olunur

Cənubi Qafqazın gələcək taleyi böyük ölçüdə Vaşinqton anlaşmalarının necə icra ediləcəyindən asılı ola bilər, çünki Rusiyanın öz əlindəki bütün imkanları və resursları məhz regional sülh prosesinin tam sona çatmasını əngəlləməyə yönəldəcəyi qətiyyən şübhə doğurmur... Ona görə də, Rusiyanı yeni tarixi situasiya ilə barışmağa məcbur etmək üçün ilk növbədə ABŞ və Türkiyənin regiona yolu tam şəkildə açılmalıdır, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır, qitələrarası ticarət və tranzit marşrutları işə salınmalıdır...

Cənubi Qafqazda güc balansını dəyişdirən tarixi hadisələr davam etməkdədir. Belə ki, Vaşinqton görüşü bu baxımdan, yeni regional mərhələnin başlanğıcına yol açmış oldu. Ağ Evdə keçirilən imza mərasimində ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı onilliklər boyu davam edən münaqişəyə son qoyulduğu üçün təbrik etmişdi. Onun qənaətinə görə, 37 il ərzində davam etmiş münaqişənin dayandırılması prosesində Kreml də iştirak etsə də, Rusiya Cənubi Qafqazda sülh yarada bilmədi.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi bu önəmli məqamı qətiyyən boşuna qabartmayıb. Çünki prezident Donald Tramp əmindir ki, Rusiyanın onilliklər boyu bacarmadığı işin öhdəsindən ABŞ çox qısa müddətdə gələ bilib. Yəni, Ağ Ev sahibi Donald Tramp bir tərəfdən, Rusiyanın regional sülh masasındakı uğursuzluğunu qabartmağa, digər tərəfdənsə, ABŞ-ın geostrateji qələbəsini tarixiləşdirməyə çalışırdı. Və Ağ Ev sahibinin bu açıqlaması həm də Cənubi Qafqazın geopolitik xəritəsini dəyişdirən, regionda ABŞ-ın nüfuzunu gücləndirən, Rusiyanın isə mövqelərini sarsıdıcı səviyyədə zəiflədən geostrateji prosesin ilkin nəticələrinin rəsmən elan edilməsi anlamı da daşıyır.

zengezur-xezer-Снимок.JPG (49 KB)

Məsələ ondadır ki, Kremlin Qafqaz diplomatiya meydanında məğlubiyyətə uğraması artıq inkaredilməz reallıqdır. Çünki Vaşinqton anlaşması faktiki olaraq, 1994-cü ildən bəri bölgədə “şəriksiz vasitəçi” statusunu qoruyan Rusiyanın əlindən bütün geopolitik imtiyazların alınması ilə nəticələnib. Ona görə də indi Kremlin Cənubi Qafqaz üzərində nəzarəti demək olar ki, yoxa çıxmağa başlayıb. Və bu, Rusiyanın daxilində neoimperialist siyasi dairələrdə olduqca ciddi narahatlıq yaradıb.

Maraqlıdır ki, Rusiyanın tanınmış avrasiyaçı ideoloq-strateqi Aleksandr Duqin bu hadisəni “hər bir rusun üzünə vurulan şillə” adlandıraraq, Kremlin sarsıdıcı məğlubiyyətini açıq şəkildə etiraf edib. Aleksandr Duqin hesab edir ki, Rusiya artıq postsovet məkanına nəzarət etmir. Onun fikrincə, əgər, Cənubi Qafqazda Rusiyaya hörmət edilməsə, dünya səhnəsində Kremllə heç kim hesablaşmayacaq. Rus ideoloq-strateq son baş verənləri sadəcə, bir regionda məğlubiyyət deyil, həm də ümumiyyətlə, Rusiyanın “imperiya statusu”nu böyük şübhə altına salan proses olaraq, dəyərləndirir. Və Aleksandr Duqinin bu ritorikası əslində, Rusiya siyasi dairələrində getdikcə güclənən daxili strateji narazılığın əlamətidir, çünki o, Rusiyanın düşdüyü durumun günahkarlarının mütləq cavab verməli olduğunu deyərək, rus diplomat-məmurların şəxsi məsuliyyət daşınmasını da tələb edir.

Təbii ki, Ağ Evin yeni Cənubi Qafqaz siyasəti, üstəlik, bu regionda ABŞ-ın başlatdığı böyük geopolitik oyun hazırda Rusiya olduqca ciddi problemlər vəd edir. Çünki Vaşinqton görüşü ilə artıq açıq müstəviyə keçirilmiş ABŞ-ın bu regiona yönəlik sülh diplomatiyası müəyyən önəmli strateji məqsədlərə xidmət edir. Belə ki, Ağ Ev onlliklər ərzində üzləşdiyi regional uğursuzluğun ardından ilk dəfə olaraq, Cənubi Qafqazda ABŞ-ın geopolitik nüfuzunu bərpa etmək şansı qazanıb.

zengezur-dehliz-yeni-dizayn-Снимок.JPG (50 KB)

Çünki ABŞ uzun müddətdən bəri, bu bölgədən siyasi baxımdan, kənarda qalmış kimi görünürdü. İndi isə ABŞ regional sülh prosesində əsas vasitəçi kimi çıxış etməklə, Cənubi Qafqazda öz təsir dairəsini sürətlə genişləndirmək imkanlarına malikdir. Digər tərəfdən, Vaşinqton görüşünün mövcud nəticələri prezident Donald Trampa həm daxili, həm də xarici  siyasətdə “münaqişələri həll edən lider” imici yaratmaq imkanları açır. Və nəhayət, Ağ Ev bu siyasi-diplomatik uğurla Rusiyanın ənənəvi təsir zonasına daxil olub, üstəlıik, Kremlin Cənubi Qafqaz siyasətində kifayət qədər ciddi boşluq yaradıb.

Maraqlıdır ki, Vaşinqton görüşünün nəticələri Rusiyanın Cənubi Qafqaz üzrə daha bir rəqibi olan Türkiyənin də maraqlarına tamamilə cavab verir. Belə ki, mövcud situasiya rəsmi Ankaraya həm siyasi-diplomatik, həm də strateji üstünlüklər qazandırır. Çünki Türkiyə həm Azərbaycanın strateji müttəfiqidir, həm də ABŞ-la yanaşı, NATO-nun avanqard dövlətidir. Ona görə də, son geopolitik hadisələr sayəsində indi Türkiyənin həm sülh prosesində, həm də gələcək regional infrastruktur layihələrində əsas iştirakçı rolu daha da möhkəmlənib. Və Zəngəzur dəhlizinin açılması Türkiyə üçün Orta Asiyaya birbaşa çıxış imkanı verəcək, bu isə həm iqtisadi, həm də hərbi-strateji baxımdan, olduqca əhəmiyyətlidir.

868122a99f67292f06606760be9b9843.jpg (340 KB)

Bəzi ehtimallara görə, bundan sonra Cənubi Qafqazın gələcək taleyi böyük ölçüdə Vaşinqton anlaşmalarının necə icra ediləcəyindən asılı ola bilər. Çünki Rusiyanın əlindəki bütün imkanlar və resursları işə salaraq, Cənubi Qafqazda sülh prosesinin tam sona çatmasına əngəl törətməyə çalışacağı qətiyyən şübhə doğurmur. Ona görə də, Rusiyanı yeni situasiya ilə barışmaq məcburiyyətində buraxmaq üçün ilk növbədə Vaşinqton anlaşmasının tam şəkildə icrası vacibdir. Əgər, buna nail olunarsa, onda Azərbaycan və Ermənistan arasında sərhədlər də sabitləşmiş olacaq, regionda isə qitələrarası ticarət və tranzit yolları açılacaq. Və bu, Rusiyanın kobud müdaxiləsinin bloklanmasında həlledici faktora çevrilə bilər.

Göründüyü kimi, Vaşinqton görüşü Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsidir. Bu, yalnız iki ölkə arasındakı düşmənçiliyin sona çatdırılması deyil, həm də qlobal güclərin regiondakı mövqelərinin yenidən müəyyən edilməsi deməkdir. Hazırda Cənubi Qafqazda ABŞ və Türkiyə güclənir, regiona yeni “müdaxilə planları” qurduğunu sezdirən Rusiya isə itkilərini kompensasiya etməyin yollarını axtarır. Avropa isə yeni enerji və tranzit imkanlarının açılmasında birbaşa maraqlanır. Və bu baxımdan, Vaşinqton anlaşmasının praktikada böyük həssaslıqla icrası indi Cənubi Qafqaz üçün taleyüklü məsələdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR