Onlayn ictimai-siyasi qəzet
İraqın neft naziri Hayyan Əbdül-Qani və Suriyanın energetika naziri Məhəmməd Bəşir Kərkük-Bəniyas neft kəmərinin bərpasını müzakirə ediblər. Musavat.com xəbər verir ki, məlumatı İraq Neft Nazirliyi yayıb. Bildirilir ki, kəmərin bərpası İraqa neft bazarlarını şaxələndirməyə və Aralıq dənizi vasitəsilə tədarükünü bərpa etməyə imkan verəcək
Əbdül-Qani vurğulayıb ki, İraq Suriya vasitəsilə neft ixracını bərpa etməklə yanaşı, cənub limanlarından neft tədarükünü artırmağa, Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə tədarükünü bərpa etməyə çalışır və həmçinin Livan neft kəməri ilə Kərkük-Bani sisteminin davamı olan Aralıq dənizindəki Tripoli limanına nəqli nəzərdən keçirir.
Qeyd edək ki, İraqın Şimali Kərkük əyalətindən Suriyanın Aralıq dənizindəki Baniyas limanına uzanan 850 km-lik neft kəməri 1950-ci illərin əvvəllərində tikilib. 2000-ci ilə qədər ölkələr arasında siyasi fikir ayrılıqları səbəbindən marşrut bağlanıb, 2003-cü ildə isə ABŞ-ın İraqa müdaxiləsi zamanı bu sistemə ciddi ziyan dəyib. Bəzi ekspertlər hesab edir ki, bu kəmər bərpa olunarsa, neft o zaman Avropaya da gedə bilər və sistemin özü Kərkük-Ceyhan kəmərinə alternativə çevrilər.
İraq və Türkiyəni birləşdirən Kərkük-Ceyhan neft kəməri 2023-cü ilin fevralında güclü zəlzələdən sonra dayandırılıb. Daha sonra, martın 25-də Parisdəki Beynəlxalq Arbitraj Məhkəməsinin (ICC) Bağdadın icazəsi olmadan Kürdüstan Regional Hökumətinə müstəqil boru kəməri tədarükünü asanlaşdırmaqla ikitərəfli razılaşmanı pozduğuna dair qərarından sonra Ankara Şimali İraqdan neft idxalını dayandırıb.
İllərdir ki, kürd hakimiyyət orqanları onlara neft ixrac etməyə və Bağdaddakı federal hökumətdən müəyyən maliyyə müstəqilliyini qoruyub saxlamağa imkan verən konstitusiya boşluğundan istifadə edirdilər. Lakin fevral ayında İraqın Ali Federal Məhkəməsi regional hökumətin müstəqil neft sektorunun mövcudluğunu qeyri-qanuni elan edib və kəşfiyyat, hasilat və ixraca nəzarətin mərkəzi hökumətə verilməsi barədə göstəriş verib.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ