Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ordusu bir rəsmi, nizami hərbi qurumdan daha üstün anlam, ruhi güc və fəlsəfə daşıyır.
Ordumuz müstəqil dövlətin iradəsinin, ulusal ruhunun, milli şüurun canlı təcəssümünün qutlu ifadəsidir. Orduya dair istənilən vurğu özündə həm siyasi məzmun, həm mədəni yaddaş, həm də dövlətçilik fəlsəfəsi daşıyır. 26 İyun – Silahlı Qüvvələr Günü, bu baxımdan, təqvimdəki tarixdən daha yüksək - milli dirəniş və qürur günü kimi dəyərləndirməni haqq edir.
Haşiyə: Bu əziz gün öz başlanğıcını 1918-ci ildən - Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun rəsmən yaradıldığı tarixdən götürür.
Milli Ordu ideyası ilk dəfə 1918-ci ilin mayında, Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra gündəmə gəlmişdi. Lakin gerçək təşkilatlanma iyunun 26-dan sonra başlandı. O zaman qardaş Osmanlıdan gəlmiş əfsanəvi komandan Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu da yeni formalaşan Azərbaycan Milli Ordusuna hərbi dəstək göstərdi.
Cümhuriyyətimizin ilk hərbi paradı 1918-ci il sentyabrın 15-də Bakıda keçirilmişdir. Bu parad, Qafqaz Türk-İslam Ordusunun Bakını azad etməsinin şərəfinə təşkil edilmişdi. Bolşevik işğalından sonra 15 generalı öndə olmaqla, zabitləri, digər hərbçiləri güllələnən Ordunun, ordunu yetişdirən xalqın yenidən dirçəlməsi və xarüqəlır yaratması özü də bir möcüzə deyilmi? İlk paradımızın keçirildiyi meydanda isə - otarixdən 40 il sonra Lenin Muzeyi tikildi… Ancaq zaman o açılışdan nəinki 40, heç 30 il keçməmiş Muzey Mərkəzi, o Mərkəzdə də İstiqlal Muzeyi fəaliyyətə başladı! Tarix və ədalət bu olsa gərək! Haqqın incəlsə də üzülməməsi bu olsa gərək! Və Ermənistanın güclü hərbi-siyasi dəstəkçilərinə, dünya erməniliyi şəbəkəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə-zada baxmayaraq 30 illik işğala son verən şanlı Ordu bu xalqın, ölkənin bağrında yetişdi! Öz Müzəffər Ali Baş Komandanı ilə əcdadın ruhunu şad etdi, bugünün gefçəkliyini yaratdı, gələcək nəslə yol göstərdi!
Bəli, 1918-ci ildən çox öncələrdən - qədimlərdən, ortaq türk keçmişindən və ilk Azərbaycan dövlətlərindən başlayır. Özünəxas gələnəkləri, qüdrət kökləri olan Azərbaycan Ordusunun çağdaş şahlanış dönəmi heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyasında öz yerini tapmışdır.
1969-cu ildən etibarən hərbi kadr hazırlığına başlanması, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin təsisi, Sovet ordusunun tərkibində azərbaycanlı zabitlərin təmsilçiliyinin artırılması – bunlar uzaqgörən liderin gələcək üçün atdığı strateji addımlar idi.
Müstəqilliyin ilk illərində müəyyən xaotik durum, nizamsız silahlı dəstələr və siyasi təlatümlər ölkəni silkələyirdi. Belə kritik anda – 1993-cü ildə Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə dövlətin qüvvət sütunu yenidən ucaldı.
Ordu quruculuğunun institusional əsasları gücləndirildi. 1994-cü il atəşkəs durumunu faydaya dönüşdürmək mümkün olduqdan sonra Silahlı Qüvvələrin formalaşmasında yeni mərhələ başlandı – strukturlaşma, kadr hazırlığı, beynəlxalq bağlar, texniki bazanın gücləndirilməsi kimi sürəclər paralel şəkildə yürüdüldü.
Prezident İlham Əliyevin ordu quruculuğuna yanaşması isə iki əsas istiqamətə əsaslanır: döyüş qabiliyyətinin artırılması və çağdaş ordu modelinin formalaşdırılması.
Məhz bu strategiyanın sonucudur ki, Azərbaycan Ordusu bu gün Güney Qafqazın ən qüdrətli silahlı qüvvəsi, dünya reytinqlərində ilk 50 ordu sırasındadır.
Hərbi sənaye kompleksinin yaradılması, “Komando” briqadalarının təsisi, Türkiyə modelinə uyğunlaşdırma, sosial təminat və hərbi təhsilin yüksəldilməsi kimi addımlar Azərbaycan Ordusunu XXI yüzilin çağırışlarına hazırlıqlı duruma gətirmişdir.
44 günlük Vətən müharibəsinin yalnız hərbi qələbə olmadığı da artıq dartışma mövzusu deyil. Bu, həm də illərlə qurulan ordu strategiyasının, siyasi iradənin və milli həmrəyliyin təntənəsiydi. Ordu dövlətin və xalqın şərəfini müdafiə etməklə yanaşı, tarix yazdı - şanlı tarix! Şuşaya bayrağı qaldıran hərbçilərimiz sadəcə şəhər azad etmədi, əlbəttə… – əlbəttə, onlar milli qüruru, dövləti ləyaqəti yenidən təqvimə həkk etdi.
Azərbaycan postmüharibə dönəmində də ordu quruculuğunu dinamik şəkildə davam etdirir. “Komando” qüvvələrinin formalaşması, Milli Müdafiə Universitetinin yaradılması, qardaş Türkiyə ilə hərbi-siyasi inteqrasiyanın dərinləşdirilməsi, NATO ilə davam edən işbirliyi – bütün bu istiqamətlər ordu sahəsində sistemli düşüncənin mövcudluğunu göstərir.
2023-cü ilin sentyabrında bir sutkadan da az vaxt içində lokal antiterror tədbiri ilə suverenliyin tam bərpası göstərdi ki, bu ordu təkcə qələbə qazanmaq üçün deyil, həm də sabitliyi qorumaq üçün yetişib. Bax, bu, Azərbaycan Ordusunun yeni simasıdır – strateji güc, texnoloji çeviklik və mənəvi məsuliyyətin universal sintezi!
Bəli, ordu xalqın bir hissəsidir. Bu fikir sadəcə publisistik deyim deyil, əslində, milli təhlükəsizlik fəlsəfəsinin özəyidir. Vətənə sədaqət yalnız cəbhədə olmur ki - o, hər bir gəncin şüurunda, müəllimin dərsində, aydınların qələmində, ailənin tərbiyəsində başlamalıdır. Dövlət bu baxımdan orduya münasibəti sadəcə maliyyə deyil, mədəniyyət məsələsi kimi görməkdə haqlıdır.
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. Bəli, bu gün toplumda artıq “artıq “qorxmayaq, ordumuz var” ifadəsi deyil, “qorxanlar bizdən qorxsun, çünki bizim qürurlu ordumuz var” ritorikası mövcuddur.
Silahlı Qüvvələrin Günü münasibətilə keçirilən tədbirlər, parada çevrilən tarixi hadisələr, inşa edilən Zəfər muzeyləri və yeni yaradılan hərbi məktəblər – bunların hər biri bir məqsədə xidmət edir: Azərbaycan müstəqilliyini qorumaqla qalmır, onu davamlı şəkildə möhkəmləndirir.
26 İyun – Silahlı Qüvvələr Günü, əslində, Azərbaycanın hər gün yazdığı tarixidir. Bu tarix təkcə generalın qılıncı, əsgərin silahı deyil – bu tarix həm də ulusun güvəni, dövlətin gücü və şanlı ordunun ləyaqətidir! Maşallah olsun!
Şəhidlər ölmədi,
Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ