İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakı cavab gözləyir! Rusiyanın dili nə zaman açılacaq?

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ildə Ukrayna səmasında vurulan MH17 reysi ilə bağlı Rusiyanı rəsmi şəkildə məsuliyyətə cəlb edib.

Bu barədə Niderland hökumətinin yayımladığı bəyanatda bildirilib.

Bəyanata əsasən, Rusiya Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının mülki təyyarələrə qarşı silah istifadəsini qadağan edən müddəalarını pozub. Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurası növbəti mərhələdə Rusiyanın dəymiş ziyanı necə kompensasiya edəcəyi məsələsini müzakirə edəcək.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Amsterdam-Kuala Lumpur marşrutu üzrə hərəkət edən MH17 reysi Ukraynanın Donetsk vilayəti üzərində vurulmuş və təyyarədəki 298 nəfərin hamısı həlak olmuşdu. Hadisə beynəlxalq aləmdə böyük rezonans doğurmuş, Rusiya isə ittihamları uzun müddət rədd etmişdi.

ICAO-nun bu qərarı məsuliyyətin rəsmi olaraq təsdiqlənməsi kimi qiymətləndirilir.

MH17 ilə bağlı ICAO-nun qərarı Aktaudakı AZAL təyyarəsi insidentini yenidən diqqət mərkəzinə gətirir.

AZAL SON.jpg (163 KB)

Ötən ilin dekabrında Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 aydan çox vaxt keçsə də, Rusiya hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır.

Mayın 12-də isə Qazaxıstan Nəqliyyat Nazirliyi təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatın təhqiqat başa çatdıqdan sonra dərc olunacağını açıqlayıb.

“Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. AZAL-ın təyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq”, - məlumatda deyilir.

APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir.

“Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs-qətimkan tədbiri seçilməyib”, - deyə mənbə qeyd edib.

Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur:

“Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.

Prezident İlham Əliyev hələ ötən il Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, qəzaya görə Rusiya Azərbaycandan üzr istəsə də, rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib.

İLHAMİ SON.jpg (55 KB)

Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir:

“Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.

Qəza baş verəndən dərhal sonra Rusiya tərəfi doğru olmayan informasiyalar tirajlayaraq məsuliyyətdən yayınmağa çalışırdı. Məsələn, təyyarənin guya quş dəstəsi ilə toqquşması, salonda oksigen balonunun partlaması, yaxud pilotların təyyarəni digər hava məkanında endirməməsi və s. Amma bunların heç biri öz təsdiqini tapmadı, çünki doğru olmayan məlumatlar idi.

Moskva Malayziya “Boeing”i vurulanda da eyni taktikadan istifadə etmişdi. Təyyarə Rusiya silahlı qüvvələrinin 53-cü Zenit raket briqasından atılan raket nəticəsində qəzaya uğrayıb. Ölənlər arasında Niderland, Avstraliya, Malayziya, İndoneziya, Britaniya, Almaniya, Belçika, Filippin və Kanada vətəndaşları olub.

Moskva eyni taktikadan istifadə edərək, bürokratik məhdudiyyətlər və bəhanələrlə məsələni uzadaraq unudulmasına cəhd göstərir. Amma Azərbaycan heç nəyi unutmayıb, Rusiya tərəfindən cavab gözləyir.

Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya uğrayıb.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Aktauda baş verən təyyarə qəzası hər zaman Azərbaycan dövlətinin gündəliyində və prioritetindədir. Nazir deyib ki, Rusiya ilə təmaslar zamanı bu məsələ hər zaman qaldırılır.

BAYRAMOV.jpg (186 KB)

“Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”, - deyə nazir əlavə edib.

Göründüyü kimi, rəsmi Bakı bu məsələnin diqqətdən yayınmasına yol vermək niyyətində deyil. Azərbaycan tərəfi baş vermiş bu dəhşətli hadisənin hərtərəfli araşdırılması, günahkarların müəyyən olunaraq məsuliyyətə cəlb olunması və ictimaiyyətin məlumatlandırılması istiqamətində prinsipial mövqe sərgiləyir.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.

PİLOT EN SON.jpg (135 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR