Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, avqustun 22-də Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, iqtidardakı Milli Liberal Partiyanın parlament fraksiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, Senatın mədəniyyət və media komitəsinin sədri, həmçinin Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qarabağ İqtisadi Rayonuna səfər edib.
Səfər çərçivəsində senator və nümayəndə heyəti Xankəndi, Şuşa şəhərlərində, həmçinin Ağdərə və Xocalı rayonlarında olub. Xankəndidə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanovla keçirilən rəsmi görüşdə rumıniyalı senator Qarabağda olmaqdan şərəf hissi keçirdiyini bildirib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, Qarabağın beynəlxalq əməkdaşlıq üçün turizm və sənaye baxımından böyük potensiala malik olduğunu qeyd edib.
Senator Qarabağ və Maramureş regionları arasında əlaqələrin inkişafı təşəbbüsünü irəli sürərək, yaxın gələcəkdə əməkdaşlıq haqqında bəyannamənin imzalanmasını təklif edib. O, həmçinin səfər təəssüratlarını Rumıniya parlamentində həmkarları ilə bölüşəcəyini və Qarabağın rəsmi nümayəndələrini Maramureş bölgəsinə dəvət etdiyini bildirib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iki ölkə və onların regionları arasında əməkdaşlığın strateji tərəfdaşlığa xidmət etdiyini vurğulayıb. Səbuhi Qəhrəmanov isə qonaqlara 30 illik işğaldan sonra torpaqların azad edilməsi, “Böyük Qayıdış” proqramı çərçivəsində köçkünlərin yurdlarına qayıdışı və bölgədə həyata keçirilən iri miqyaslı layihələr barədə məlumat verib.
Bundan əvvəl, avqustun 15-də Qarabağ İqtisadi Rayonunun xüsusi nümayəndəsi Elçin Yusubov video bağlantı vasitəsilə Rumıniyada keçirilən “Maramureşin günü” tədbirinə qatılaraq, Qarabağla Rumıniya arasında əməkdaşlıq imkanlarından danışmışdı.
Rumıniyalı nümayəndə heyəti Qarabağ Universitetini də ziyarət edib. Universitetin rektoru Şahin Bayramov qonaqlara tədris prosesi, layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Senator Nikulesku-Tsıqırlaş Qarabağ Universiteti ilə Maramureşdəki Baya-Mare Texniki Universiteti arasında əlaqələrin qurulmasını, tələbə və müəllim mübadiləsinin təşkili üçün konkret addımların atılmasını təklif edib.
Şuşa şəhərinə səfər zamanı nümayəndə heyətinə şəhərin tarixi, 44 günlük müharibədə Azərbaycan Ordusunun qəhrəmanlığı və Şuşada aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bu səfər Azərbaycan-Rumıniya münasibətlərinin yeni mərhələyə qədəm qoymasının, xüsusilə Qarabağla Maramureş arasında regional əməkdaşlıq üçün geniş perspektivlərin açılmasının göstəricisi kimi qiymətləndirilir.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ