Onlayn ictimai-siyasi qəzet
Musavat.com bildirir lki, maraqlı fakt aşkarlanıb.
Öncə xatırladaq ki, sentyabrın 7-nə keçən gecə Rusiya ordusu Kiyevdə yerləşən Ukrayna Nazirlər Kabinetinin binasına zərbə endirmişdi. Əvvəlcə hücumun “Şahed” tipli kamikadze dronla həyata keçirildiyi bildirilmişdi. Lakin sonradan məlum olub ki, əslində hücum “İskander” tipli qanadlı raketlə gerçəkləşdirilib.
Defense Express-in və Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Matternovanın açıqlamasına görə, raketin qalıqları üzərində aparılan analiz nəticəsində müəyyən olunub ki, döyüş başlığı partlamayıb. Binanın yuxarı mərtəbələrində yaranan yanğın raket yanacağının alovlanması səbəbindən baş verib.
Hadisə nəticəsində Ukrayna hökumət binasının bir hissəsi alova bürünüb. Xilasetmə və yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub.
Arayış üçün bildirək ki, “İskəndər” raketləri Rusiya istehsalı olan ən güclü operativ-taktiki raket komplekslərindən hesab olunur. Onların uçuş məsafəsi 500 kilometrə qədər çatır, yüksək dəqiqliklə hədəfi vurmaq imkanına malikdir və böyük dağıdıcı gücə sahibdir. Əgər bu dəfə də “İskəndər”in döyüş başlığı partlasaydı, Kiyevin mərkəzində daha genişmiqyaslı fəlakət yaşana bilərdi. Xoşbəxtlikdən, raket tam partlamayıb.
Musavat.com xatırladır ki, 44 günlük Vətən müharibəsi zamanı da Ermənistan tərəfindən Azərbaycana atılan “İskəndər” raketlərinin bəziləri partlamamışdı. Raketlərdən ikisi Qarabağ ərazisində, daha biri isə 2020-ci il 10 noyabr tarixində Bakı–Xırdalan istiqamətində atılmışdı. Müharibədən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı ittiham edərək, Ermənistana verilən “İskəndər” raketlərinin yararsız olduğunu, çoxunun partlamadığını bildirmişdi. Görünür ki, Rusiyanın “ən şöhrətli” silahlarından hesab edilən bu raketlərin etibarlılığı ilə bağlı ciddi qüsurlar mövcuddur.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ