Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2.09 milyard dollar təşkil edib.
Musavat.com xəbər verir ki, məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayında açıqlanıb.
İcmala əsasən, yeddi ayda yeyinti məhsullarının ixracı 23,9 faiz artaraq 689 milyon dollara bərabər olub. 2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 milyon ABŞ dolları və ya 55,1 faiz, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9 faiz, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz, çay 317 min dollar və ya 8,8 faiz artıb.
Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9 faiz artaraq 551,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,3 faiz artaraq 178,8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1 faiz artaraq 730,2 milyon dollar təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon dollar) ikinci, pambıq lifi (108,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (48,5 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (33,9 milyon dollar) ikinci, daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (13,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin yeddi ayında qeyri-neft məhsullarının əsas ixrac bazarı yenə Rusiya olub - 716,6 milyon dollar. İkinci yerdə gələn Türkiyəyə 339,7 milyon dollar, İsveçrəyə 186,6 milyon dollar, Gürcüstana 183,4 milyon dollar, Ukraynaya isə 109,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Musavat.com
30 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ