Onlayn ictimai-siyasi qəzet
Rusiya ictimaiyyətində demoqrafik böhran və miqrasiya siyasəti ilə bağlı müzakirələr getdikcə güclənir. Son illərdə doğum səviyyəsinin azalması, gənc nəsil arasında ölkədən köç tendensiyalarının artması və əmək bazarında yaranan boşluqlar Kremlin qarşısında ciddi çağırışlar qoyub.
Musavat.com xəbər verir ki, bu fonda ölkənin gələcək inkişafı üçün miqrasiya siyasətində müəyyən yumşaldılmalar və dəyişikliklər həyata keçirilir.
Rus teleqram kanallarının yaydığı məlumata görə, artıq Belarus, Ukrayna, Qazaxıstan və Moldovadan gələn köçkünlər üçün rus dili biliyinə dair imtahan tələbi ləğv olunub. Nə onların uşaqları məktəblərə qəbul olunarkən, nə də valideynlərin özləri sənədləşmə mərhələsində əlavə “kağız üzərində əzablı prosedurlar”dan keçməli olacaqlar. Bu addım həm bürokratik maneələri azaltmaq, həm də Rusiya ilə tarixi, mədəni və dil bağlılığı olan xalqların inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.
Mütəxəssislər bu qərarı “doğru, amma gecikmiş addım” kimi dəyərləndirirlər. Çünki uzun illərdir Rusiyada demoqrafik göstəricilər əhalinin azalmasını göstərir, regionların bəziləri isə kəskin əmək çatışmazlığı yaşayır. Bununla belə, ekspertlər hesab edirlər ki, Rusiya üçün yalnız sadə miqrasiya prosedurları kifayət etmir – artıq “qan hüququna” əsaslanan repatriasiya proqramı tətbiq edilməlidir.
Almaniya təcrübəsi tez-tez nümunə kimi göstərilir. Orada “qan hüququ” əsasında etnik almanların repatriasiyası illərdir uğurla tətbiq olunur. Almaniya, multikulturalizm siyasətinə baxmayaraq, etnik köklərə xüsusi önəm verir və ölkəyə qayıdan almanlara geniş imtiyazlar təqdim edir.
Rus ekspertlər hesab edirlər ki, oxşar mexanizm ruslar üçün də tətbiq olunmalıdır. Yəni keçmiş SSRİ respublikalarında yaşayan, rus köklərinə və kimliyinə sahib insanlar üçün Rusiya vətəndaşlığına daha sürətli və asan yol açılmalıdır. Bu, həm demoqrafik boşluğun doldurulmasına, həm də milli-mədəni kimliyin qorunmasına xidmət edə bilər.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ