İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Laçın Zirvəsi ilə bağlı bunları söylədi 

Milli Məclisin sədri Sahibə Qafarova Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı parlamentin 30 may tarixli plenar iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, spiker bildirib:

“Hörmətli həmkarlar!

Bildiyiniz kimi, iki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Xatırladım ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır.

Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir.

Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi”.

S.Qafarova qeyd edib ki, Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi:

“Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu.

İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni böyük uğurlara imza atacaq.

Qeyd edim ki, hörmətli həmkarlar, Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclisin adından təbrik məktubları da ünvanlanıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR