Onlayn ictimai-siyasi qəzet
Ermənilərlə bizim bir çox oxşarlıqlarımız var, bilirsiniz. Məsələn, onlar da əti üzüm yarpağına bükər, bişirər, adına “dolma” deyərlər, biz də elə edərik.
Biz də xəmiri isti sacın üstünə yayıb bişirər, adına yuxa, lavaş deyərik, onlar da elə edər, elə də deyərlər.
Onlar da “Sarı gəlin”i pəsdən-pəsdən, yastı-yastı oxuyarlar və özlərinin mahnısı hesab edərlər, biz də matah bir şeymiş kimi elə edərik.
Sir-sifətcə də oxşayırıq. Yaponlar, nigeriyalılar, danimarkalılar, braziliyalılar bir erməni ilə bir Azərbaycan türkünü hələm-hələm bir-birindən ayıra bilməzlər.
Fırıldağa, hiyləyə meyl sarıdan da aşağı-yuxarı eyni olaraq – onlarda 100 adamdan 31-i elədirsə, bizdə 30+-u elə olar.
Amma iki əsas məsələ var ki, onlarda ermənilərlə bizim aramızda ciddi fərq var. Biri ustalıqdır. Erməni ustalar bizimkilərdən həm səriştəlidirlər, həm də dürüstdürlər. Bu xüsusda mübahisə etmək istəyən olmaz yəqin – milli ustalar xaric.
Bizimlə ermənilərin arasındakı o biri fərq də ustalıqla bağlıdır, amma bir az fərqli sahədədir. Yalan danışmaqda, iftira atmaqda, həyasızlıqda onlar bizdən daha ustadırlar.
İmtahan üçün, bu gün bizim ictimai-siyasi patriotlardan biri 1992-ci ilin fevralında ermənilərin Xocalıda minlərlə adamı qətlə yetirdiyini desin, ermənilər dinməyə macal tapmamış, bizdən yüzlərlə adam dərhal ona düzəliş edəcəklər ki, xeyr, ermənilər Xocalıda 613 dinc sakinimizi öldürüblər.
Ancaq bir erməni ictimai-siyasi patriot çıxsa, desə ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərləri Xankəndidə yüzlərlə dinc sakini qətlə yetirdi, minlərlə qadını zorladı, heç bir erməni bu sözə düzəliş verməyəcək. Hətta əksinə, deyəcəklər ki, xeyr, Xankəndidə öldürülənlər yüzlərlə olmayıb, minlərlə olub, 500-dən çoxu uşaq, 1200-ü qadın, yerdə qalanı qocaydı.
Onlarda belədir, həqiqəti demək söhbəti yoxdur. Hesab edirlər ki, belə danışmaq lazımdır, gerçək sərf etmirsə, demək olmaz, yalan nə qədər şişirdilmiş olsa, bir o qədər yaxşıdır.
Bax, ona görə də 1918-ci ildə 3-4 min adamın yaşadığı Şuşada baş verən erməni-türk toqquşmasından danışanda deyirlər ki, o vaxt Şuşada 30 min erməni öldürülüb. And olsun ki, vikipediyada beləcə də yazıblar.
O gün Karen Arayan adlı bir erməni nasist ukraynalı jurnalist Dmitri Qordona qarşı çəkib yaydığı videoçıxışda əvvəldən-axıra qədər bu cür həyasız və iftira dolu mülahizələr səsləndirdi, qızıl-qırmızı yalanları üfürdükcə üfürdü – qızarmadan, kiprik qırpmadan. Vallahi, kim olsa, arada burnunu, qulağını qaşıyardı (çox yalan danışanlar adətən belə edərlər). Karenin sifətində tük də qımıldanmadı.
Hələ bir bilsiniz, o, Qordona nələr dedi... 14 dəqiqəlik videoda Arayan Qordonun ünvanına 1400-dən çox söyüş söydü. Ta rus dilinin leksikonunda o pis söz qalmadı ki, o, onları Qordona aid etməsin, “sən jurnalist deyilsən, sən busan, QAARDON” deməsin. Özü də o, hər dəfə “Qardon” sözünü elə tələffüz edirdi ki, hamının yadına məşhur rezin məmulatı düşsün, axırda dözmədi, açıq-açıq eləcə də dedi.
Karenin nəzərincə Qordonun günahı Şuşadakı forumda iştirak etməsi və orada “Biz Ukraynada Azərbaycanın öz torpağını işğaldan azad etməsini heyranlıqla izləyirdik” deməsidir.
Ona görə də Karen onu söyüb-batırırdı, deyirdi ki, Xankəndidə ermənilərin genosid edilməsini, qocaların, qadınların, uşaqların qətlə yetirilməsini niyə heyranlıqla izləyib.
Deyilə bilər ki, bir hirs-hikkəli bloqerdir, məğlubiyyəti sinirə bilmir, çıxıb saçma-sapan danışır. Amma elə deyil. Həmin videonun altındakı şərh bölümünə 2884 şərh yazılıb, amma bir adam yazmayıb ki, o vaxt Xankəndidə mülki insanlar öldürülməyib, dinc sakinlər lüks avtobuslarla Sünikə yola salınıb. Onlardan başqa, 8 mindən çox nadinc döyüşçü də əlini qaldırıb, silahını təhvil verib və burunları qanamadan öz şəhər və rayonlarına – Ermənistana qayıdıblar.
Şərhlərdə belə şey yoxdur. Videoya şərh yazanların çoxu genosiddən, qırğından bəhs edir. Bir qism də eləcə, Arayana tərif yağdırır – “qeyrətli oğulsan”-zad.
Bəs həqiqət harada qaldı? Belə edirlər ki, çox adam 1915-ci ildə “erməni qətliamı” olduğuna inanmır. Gözümüzün qabağında, əllərdə azı 50 min şəkil və video çəkən cihazın olduğu və heç birinin qırğın səhnəsi çəkmədiyi vaxtda, bu qədər qızıl-qırmızı yalan danışır, iftira atırlarsa, onların 110 il əvvəlki hadisələr barədə dediklərinə inanmaq olarmı?
Bax, ermənilərlə bizim əsas fərqimiz budur. Biz o cür yalan danışsaq, qıpqırmızı olarıq. Başqa vaxt olmasa da, yalan danışdıqları vaxt onlarda rəng sabit olur.
P.S. Belə danışanlara və onlara dəstək verənlərə diqqət edirsən və anlayırsan, sülh danışığı-filan əbəsdir, onlar bu qafa və bu dillə 110 il sonra da sülhə gələn deyillər.
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ