İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaşı da, sülhü də qazanan LİDER – Əliyevin Ağ Evdə yazdığı möhtəşəm tarix

Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi anlaşmanın imzalanmasına sayılı saatlar qaldı. Ancaq artıq əminliklə söyləmək olar ki, Vaşinqtonda imzalanacaq sənədlər, qəbul ediləcək ortaq “Yol xəritəsi” nəinki Azərbaycan-ABŞ münasibətlərini yeni və yüksək mərhələyə daşıyacaq, bütövlükdə Güney Qafqaz üçün, uzun on illər müharibə və konfliktlərdən əziyyət çəkmiş bir bölgə üçün taleyüklü, sabit, uğurlu və təhlükəsiz bir mərhələnin əsasını qoyacaq.

Amerika lideri Donald Trampın səyləri öz yerində, şübhə yox ki, bu inqilabi dəyişikliyin memarı Prezident İlham Əliyevdir. Azərbaycan dövlət başçısının apardığı çevik, praqmatik və uzaqgörən diplomatiyasının nəticəsidir. İmzalanacaq yeni sənədlər həmçinin Azərbaycanın regionda açar dövlət kimi təsbit edilməsinin növbəti və bariz şəkildə təsdiqi demək olacaq...

Əlbəttə ki, dünyanın bir nömrəli dövləti ABŞ-la strateji tərəfdaşlıq istənilən ölkənin marağındadır. Əfsus ki, Co Bayden dövründə Azərbaycan buma nail ola bilmədi. Tərəflər ən azı 4 qiymətli il itirdi. Çünki həmin dönəmdə Bayden-Blinken administrasiyasının əsas məqsədi regionda daimi sülh, rifah yox, bölgənin açar dövləti olan Azərbaycan qaralamaq, gözdən salmaq idi. Hətta ölkəmizə qarşı sanksiyalar barədə düşünənlər var idi. Lakin Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bu təzyiq və təhdidlərə mətanətlə dözdü, sınmadı, əyilmədi, milli maraqlarımızdan bircə addım çəkilmədi... 

6285276e724b06285276e724b116528935506285276e724ae6285276e724af.jpg (147 KB)

Tramp dövründə isə əməkdaşlıq artıq strateji tərəfdaşlığa doğru inamla irəliləyir. Prezidentin səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair Xartiya”nın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.
Xəbər verildiyi kimi, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə;

Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı sözsüz ki, ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

İlham Əliyevlə Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq səfər çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalaması da ikitərəfli münasibətlərin hazırkı strateji xarakterinə tam uyğundur.

Beləcə, Tramp dönəmində Azərbaycan və ABŞ strateji tərəfdaşlıq çərçivəsində enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satışa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcək. Bu yöndə Ağ Evdəki sammitə qədər daha bir mühüm anlaşma imzalanıb. O sırada Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Beləcə, əməkdaşlığın konkret istiqamətləri müəyyənləşib...

Bölgədə sülh və inteqrasiyanın əsas şərti isə müharibə ehtimalının tam aradan qalxması ilə bağlıdır. Bu isə ən əvvəl Ermənistanlın sülhpərvər ölkəyə çevrilməsindən keçir. Onun nəhayət, öz qonşuları ilə beynəlxalq hüquq normaları əsasında əlaqələr qurmasından, ərazi iddialarından həmişəlik əl çəkməsindən keçir. Qarşılıqlı etimadı bərqərar etməyin başqa yolu yoxdur, olmayacaq.

Bu xüsusda Azərbaycan və Ermənistan arasında düşmənçilik səhifəsinin bağlanması çox vacibdir. İki ölkə rəhbərlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciətə hazırlaşması bu mənada mühüm önəm kəsb edir. Tarixin atavizminə çevrilən üzdəniraq Minsk Qrupu onsuz da de-fakto mövcud deyil. 

1725003739_48570d23-fea2-4c76-9f42-e47c2a7a0799-30-08-2024-11-06-01jpg.jpg (216 KB)

Amma onun rəsmən ləğvi əlbəttə ki, keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu” tamamən bağlanması, həmçinin revanşist-separatçıların Azərbaycana, böyük sülhə qarşı məkrli planlarına sarsıdıcı zərbə demək olacaq. Əlbəttə ki, bu, Azərbaycan adına, diplomatiyamız adına növbəti ciddi uğur kimi tarixə düşəcək. Bunun ardınca istər Ermənistanda, istərsə də ondan kənarda revanşist çevrələr, erməni havadarları, Ermənistanın faşist prezidentləri – Levon Ter-Petrosyan, Robert Koçəryan, Serj Sərksiyan, erməni lobbisi, ümumən Azərbaycan düşmənləri əsas rıçaqdan və tutaraqdan məhrum olacaq.

Habelə sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərin, özəlliklə “Azərbaycan Zəngəzura hücum edəcək” deyib yorulmadan ölkəmizə iftira atanların əlini-qolunu bağlayaca, onların demaqoji arqumentlərini əllərindən alacaq, öz beynəlxalq imicini daha da yaxşılaşdıracaq...

Zəngəzur dəhlizinə gəlincə, bu, İlham Əliyevin dahi və müdrik gedişlərindən biri sayıla bilər. Məlumdur ki, bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq, sakitləşəcək. Amma əksi oldu. 

9999999778.jpg (57 KB)

İrəvan təxminən 5 ilə qədər məsələni yubatmağa, gündəmi süni şəkildə dəyişməyə, “Sülh kəsişməsi” adlı utopik layihə ilə vaxt udmağa çalışsa da, Bakı ən böyük məqsədlərindən birinin-Zəngəzur dəhlizinin açılmasının bir addımlığındadır. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Çünki söhbət Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz marşrutdan gedir. Zəngəzur dəhlizinin idarəetməsi ABŞ-da olacaq. İndi qoy SEPAH, Vilayətilər gedıb ABŞ-la “qırmızı xət” davası aparsınlar...

Və xüsusi bir məqam. Tarixdə müharibəni udsa da diplomatiyada uduzan ölkələr olub. Yəni hərbi qələbəni maddiləşdirə, legitimləşdirə bilməyən ölkələr. Məsələn, İsrail Qəzzada hərbi qələbələr qazanmasına baxmayaraq, özünün beynəlxalq imicini ciddi şəkildə zədələyib. Azərbaycan isə haqlı tərəf kimi həm müharibədə tam və qəti qələbə qazanıb və onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, həm də Vaşinqton zəfəri ilə sülhü qazanıb.

Bu da tarixin ironiyasıdır ki, 2020-ci ildən, 44 günlük Vətən savaşından sonra Azərbaycanı tələyə salmaq istəyənlər özləri tələyə düşüb. Ölkəmizi dünyadan təcrid etmək istəyənlərin özləri təcridlə üzləşib...

 

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR