İnsanlara hürriyət, millətlərə istiqlal!

Şerbak Gəncədən desantçıları çıxaranda nələri etiraf etmişdi: Nadir kadrlar - VİDEO

1991-ci il 8 dekabrda SSRİ-nin rəsmən süqutu elan olunduqdan sonra digər postsovet respublikalarında olduğu kimi, Azərbaycanda yerləşən sovet qoşunlarının sıralarında da xaos hökm sürürdü.

Musavat.com xəbər verir ki, araşdırmaçı jurnalist Füzuli Sabiroğlu özünün “YouTube” kanalında Gəncədə dislokasiya olunmuş rus desant qüvvələrinin ölkədən çıxarılmasını əks etdirən yeni, nadir kadrları yayımlayıb.

Kadrlarda həmin dövrdə Gəncədəki diviziyaya rəhbərlik etmiş general Valeri Şerbakın da adı keçir. O, Azərbaycan tarixində “Gəncə qiyamı” kimi tanınan məlum faciəvi hadisələrdə də hallanan fiqurlardan biri idi. Çünki o zamanlar rus generalın Surət Hüseynova xeyli sayda silah-sursat verdiyi məlum olmuşdu. Bəzi mənbələrə görə, bu silahlar Hüseynov tərəfindən pulla alınmışdı. Yeni kadrlarda Şerbak jurnalistin silah və texnikanın Gəncədə qalıb-qalmayacağı ilə bağlı sualını da maraqlı və düşündürücü şəkildə cavablandırır:

“Azərbaycan artıq suveren dövlət olub. Bizim üçün burada hər şey yaxşı idi. Amma biz burada qonaq idik. Ona görə də indi çıxırıq, evə dönmək lazımdır...”

Ümumilikdə kadrlar əsasən Gəncə qiyamı və Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri olan 1993-cü ildəki xaos barədə açıqlamalar, təhlillər və keçmiş dövlət məmurlarının müsahibələrini əhatə edir.

Xatırladaq ki, sovet dövründə Rusiyanın 104-cü hava-desant diviziyası Gəncədə dislokasiya olunmuş və SSRİ-nin Cənubi Qafqazdakı ən iri hərbi qruplaşmalarından biri hesab edilirdi. SSRİ-nin dağılması ərəfəsində diviziyaya general Valeri Şerbak komandanlıq edirdi. 1993-cü ildə əldə edilmiş razılaşmaya əsasən, Gəncə desant diviziyası hərbi texnikasının böyük hissəsini Azərbaycan ordusuna təhvil verərək ölkəni tərk etmişdi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR