Onlayn ictimai-siyasi qəzet
Bəzi insanlarda şirniyyat yedikdən sonra yaranan "bulanıq görüntü" göz yorğunluğu ilə deyil, qanda şəkərin səviyyəsinin sürətli dəyişməsi ilə əlaqədardır.
Bunu oftalmoloq Xədicət Süleymanova açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, məsələn, çoxlu miqdarda qarpız yedikdən sonra qanda qlükozanın səviyyəsi kəskin şəkildə artır. Bu zaman qlükozanın bir hissəsi büllurda sorbitola çevrilir, o isə mayeni saxlayaraq şişməyə səbəb olur. Nəticədə büllurun forması və işığın sınma göstəricisi dəyişir, görüntü dumanlı və "axıcı" hala gəlir. Bu vəziyyət adətən "miyopik sürüşmə" adlanır və görmə mənfi istiqamətə dəyişir.
"Şəkərin kəskin qalxması göz yaşının tərkibinə də təsir edir, onu daha az stabil edir. Buna görə də şəkərli qidalar qəbulundan sonra bir çox insan hər iki gözdə bulanıqlıq və 'pərdə' effekti hiss edir", - deyə Süleymanova qeyd edib.
Adətən bu simptom yeməkdən 30-60 dəqiqə sonra yaranır və 1-3 saat davam edir. Lakin maddələr mübadiləsi pozulmuş şəxslərdə bu hal 4-8 saata qədər uzana bilər. Prediabet, insulinə qarşı dözümsüzlük və 2-ci tip diabeti olan insanlarda bu effekt daha aydın hiss olunur.
Həkim əlavə edib ki, belə hallarda görmədəki bulanıqlıq iki tərəfli olur, göz qırpmaqla keçmir və tez-tez susuzluq, baş ağrısı və yorğunluqla müşayiət olunur. Əgər bulanıqlıq 1-2 gündən çox çəkərsə, tək gözdə yaranarsa və ya gözdə ağrı, işıq haləsi və ya "uçan nöqtələr" müşahidə edilərsə, bu, ciddi problemin göstəricisi ola bilər.
Süleymanova bildirib ki, şəkərin qısa müddətli yüksəlişi göz daxili təzyiqin artmasına da səbəb olur. Bu isə xüsusilə qlaukoma xəstələri üçün təhlükəlidir.
Mütəxəssis, şəkərli qidaların qəbulunda porsiya ölçüsünə və yemək sürətinə diqqət etməyi məsləhət görür:
"Qarpızın böyük dilimini sürətlə yemək riski artırır. Əgər şirniyyat zülal, lif və yağla birlikdə qəbul edilərsə, şəkərin qalxması yüngülləşir."
Oftalmoloq əlavə edib ki, belə simptomlar təkrarlanarsa, bu, şəkər mübadiləsinin pozulmasının erkən əlaməti ola bilər: "Bu kimi hallar baş verərsə, şəkər səviyyəsini və göz təzyiqini yoxlatmaq, həkimə müraciət etmək vacibdir."/Milli.Az
05 Oktyabr 2025
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ