Onlayn ictimai-siyasi qəzet
"Skuter və skeytbord sürən uşaqlar üçün təhlükəsizlik qaydaları çox vacibdir, çünki bu vasitələr düzgün istifadə edilmədikdə ciddi xəsarətə səbəb ola bilər”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun travmatoloq-ortopedi İlham Şıxbabayev deyib.
Onun sözlərinə görə, son bir ay ərzində 48 nəfər motosiklet, moped və skuter qəzası nəticəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib:
“Skuter qəzası ilə gətirilən şəxslərdən 12 nəfərin vəziyyəti ağır olub və onlar dərhal əməliyyat olunublar. Əsasən çoxsaylı sınıqlar və travmatik yaralanmalar müşahidə olunub. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.
İ.Şıxbabayev bildirib ki, əsas təhlükəsizlik qaydalarına düzgün qoruyucu vasitələrdən istifadə etməsi olduqca vacibdir. Qoruyucu vasitələrə dəbilqə (ən vacib qoruyucu vasitədir, baş zədələrinin qarşısını alır), dirsək, diz və bilək qoruyucuları, əlcəklər, gözlüklər və s. aiddir.
Geyimlər rahat olmalı, rahat hərəkət etməyə imkan verməlidir. Qapalı və rezin altlıqlı idman ayaqqabıları geyinilməlidir. İstifadə olunan ərazi düzgün seçilməlidir. Təhlükəsiz yer seçilməli və yer səthi hamar olmalıdır, maneələr olmamalıdır. Sürətə nəzarət və sürətli sürməkdən çəkinilməlidir. Sürməkdən əvvəl mütləq sürməyi öyrənmək üçün təlim keçməlidirlər. Uşaqların yaşına və fiziki imkanlarına uyğun avadanlıq seçilməldir. 8 yaşına qədər uşaqlar yalnız böyüklərin nəzarəti altında bu kimi vasitələrdən istifadə etməlidir. İnsanların çox olduğu, nəqliyyat vasitələrin hərəkət etdiyi, qaranlıq yerlərdə sürmək olmaz. Skuter və skeytbord sürərkən qulaqlıqlardan və telefondan istifadə etmək qadağandır”.
Travmatoloq qeyd edib ki, belə vasitələrdən istifadə zamanı yıxılan uşaqlara yerində ümumi qaydalara uyğun ilkin tibbi yardım göstərilməli, ciddi bir travma alıbsa, mütləq təcili yardım çağırılmalı və dərhal xəstəxanaya çatdırılmalıdır:
“Ümumi təhlükəsizlik qaydalarına əməl etmədikdə bəzən ciddi travmalar müşahidə olunur. Travma alan şəxsin birinci huşu aydın olub-olmaması, açıq yaranın, ətraflarda deformasiyanın olub-olmamasına diqqət yetirilməli və uyğun tədbirlər görülməlidir”.
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ