İnsanlara hürriyət, millətlərə istiqlal!

Sobyanin açıqladı: miqrantlara bunu da etdilər! Hər kəs hava limanındaca...damğalanacaq

Moskvanın meri Sergey Sobyanin miqrantlara qarşı sərt nəzarət mexanizmlərinin tətbiq olunacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq bütün hava limanlarında miqrantlar sərhədi keçməzdən əvvəl biometrik nəzarətdən keçirlər – onların fotoşəkli və barmaq izləri götürülür, daha sonra isə genetik məlumatlar Mərkəzi Miqrasiya Xidmətinə ötürülərək FSB və Daxili İşlər Nazirliyinin bazasına əlavə olunur.

Bununla kifayətlənməyən Rusiya rəhbərliyi 1 sentyabrdan etibarən pandemiya dövründəki “sosial izləmə” sisteminə bənzər yeni rejim tətbiq edəcək. Miqrantlar xüsusi mobil tətbiq vasitəsilə öz yerlərini mütəmadi olaraq təsdiqləməli olacaqlar. Paralel olaraq, hər kəsə QR-kodla elektron “miqrant kartı” veriləcək. Polis həmin kod vasitəsilə miqrantın Rusiyada qalma müddətindən tutmuş, mümkün pozuntularına qədər bütün məlumatları dərhal əldə edə biləcək.

Ekspertlər və ictimaiyyət bu addımı açıq şəkildə irqçi və ayrı-seçkilik siyasəti adlandırır. Sosial şəbəkələrdə bəzi rus fəallar ironiya ilə qeyd ediblər: “Əgər məqsəd miqrantları damğalamaqdırsa, ulduz nişanı taxdırmaqla da bunu edə bilərsiniz. Bu qədər bahalı sistemlərin qurulmasına ehtiyac yoxdur – mahiyyət eynidir”.

Hadisələrin fonunda diqqət çəkən başqa bir məqam isə Rusiyanın əsasən müsəlman və türksoylu miqrantlara qarşı sərt tədbirlər görməsi, eyni zamanda isə Hindistandan miqrantların gətirilməsinə yaşıl işıq yandırmasıdır. Bu, Kremlin miqrasiya siyasətindəki ikili standartları və geosiyasi maraqlarla şərtlənən seçici münasibəti üzə çıxarır.

Beləliklə, Rusiyada hazırda baş verənlər “müasir texnologiyalarla bəzədilmiş, lakin mahiyyəti dəyişməyən” köhnə diskriminasiya siyasətinin yeni formasından başqa bir şey deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR