Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya indiyədək Donald Trampı qarşıladığı kimi heç bir ABŞ prezidentini bu cür təmtəraqlı qarşılamayıb. Bu fikirlər dünya mediasında geniş yayılıb. Kralı gözləmədən fəxri qarovulun qarşısında kraldan bir neçə addım öndə yeriyən Donald Trampın protokol qaydasını pozmağından çox, özünü kraldan üstün kral hesab etdiyini dünyaya nümayiş etdirmək məqsədilə bilərəkdən bu addımı atdığını deyənlər də az deyil.
Trampın Böyük Britaniya səfərinə yerli əhalinin də, medianın da etirazları oldu. Qəribə olsa da, Rusiya telekanalları bu səfəri öz baxış bucağından daha çox təriflədi, az tənqid etdi, nəinki Qərb mətbuatı. Təəccüblüdürmü? Artıq Rusiyanın Trampa, Trampın da Rusiya prezidentinə simpatiyası gizli olmadığından belə situasiyalar sakit qarşılanır. Trampın xarakterindəki özünəvurğunluğu nəzərə alıb krallara layiq törənlə qarşılamanı Rusiya siyasi şərhçilər İngiltərənin Trampdan çəkindiyi kimi dəyərləndirir və buna sevinirlər. Kral Çarlzın Trampın şərəfinə verdiyi şam yeməyi zamanı qonağının sağlığını deyəndə cəmi bir cümlə ilə Ukraynaya köməyi qeyd etməsinə Solovyovun verilişinin iştirakçıları qəzəblənir, cavab sağlığında Trampın Ukraynanın adını belə çəkmədiyini sevinclə vurğulayırlar. Tənqid etdikləri isə birinci xanımların paltarlarının Ukrayna bayrağının rənglərini xatırlatması olur.
Bəs, Tramp yeni bir söz dedimi? Söz dedi, amma indiyədək dediklərini təkrar etmiş oldu. “Putindən indi müharibəni bitirməyi xahiş etməyin vaxtı deyil. Əgər mən atəşkəs tələb etsəm, gərək sərt tədbirlər görəm. Bundan sonra da neftin qiymətini aşağı salmaq lazımdır”. Guya, neftin qiyməti aşağı düşəndə Putin müharibəni bitirəcəkmiş.
Amerika liderinin Ukrayna müharibəsi ilə bağlı Vladimir Putinə qarşı daimi tərəddüddə olduğu, əksinə Zelenski və Baydeni isə birmənalı olaraq müharibənin günahkarı hesab etməsi heç bir normal məntiqə sığmır. Polşa ərazisinə göndərilən dronlara Trampın “yəqin səhvən olub” reaksiyası isə NATO düzənini pozmaqdan başqa bir əlamət deyil.
İndiyədək olanlar aydındır, bundan sonra nə olacaq?
Artıq NATO sərhədləri də Putin yoxlamasından keçdiyinə görə, Ukraynanın ədalətli sülhə yox, güzəştli sülhə məcbur ediləcəyi, yəni proseslərin Putinin şərtləri ilə müharibənin sonlanacağı istiqamətində getdiyi hələlik, daha real görünür. Ona görə “hələlik ” ki, Avropa bu reallığı qəbul etmək istəmir. Almaniya kanslri Fridrix Mertsin sözlərinə görə, əgər müharibə Putinin şərtləri ilə başa çatarsa, bu, Rusiya diktatorunu “növbəti hədəfini axtarmağa” təşviq edəcək. Hədəf ilk növbədə Avropa olmasa da, başda Cənubi Qafqaz olmaqla qalan postsovet məkanı olacaq. Daha sonra Şərqi Avropa. Və bu məğlubiyyət yalnız Ukraynanın deyil, həm də bütün Avropanın, demokratik, azad dünyanın məğlubiyyəti olacaq.
Hətta, təslimçi şərtlərlə müharibə üç il ərzində, yəni Trampın prezidentliyi dövründə başa çatarsa, o bu müharibəni bitirməyi də öz adına çıxacaq və “səkkiz müharibə bitirdim” deyə lovğalanacaq. Amma, bu daha çox ABŞ-nin qlobal güc olaraq Rusiya qarşısında məğlubiyyətidir. Tramp hətta, bu məğlubiyyəti dünyaya növbəti müharibəni dayandırması kimi sırımaq istəsə belə keçməyəcək. Bundan sonra ABŞ-ın simasımda müdafiə axtaranlar Ağ Evin vədlərinə inanmayacaq. Tərəfdaşını yarıyolda qoyan bir gücün boş vədinə niyə də inansın. Tramp prezidentliyi dönəmində, hətta bu yanlış siyasət Trampdan sonra davam edərsə ( mümkündür ki, ondan da pis olan vitse prezident Vens hakimiyyətə gəlsin), ABŞ-nin nüfuzu Çinin liderliyi ilə formalaşan Cənub qütbü qarşısında çox aşağı düşəcək. Ən pis perspektiv isə Cənub qütbünün daha da güclənib hərbi bloka çevrilməsi ola bilər. Avropa zəruri olan gücü toplayana qədər ən azı 10 il vaxt lazım olacaq. Avropanın daxili siyasətində də qarşıdurma o qədər yüksələn xətlə gedir ki, bu müddətdə Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə aşırı sağçıların, millətçilərin hakimiyyətə gəlməsinin, Orban kimi rus sevdalıların yüksək pillələrə sahib olmasının şahidi ola bilərik.
Putin Belarusdakı təlim poliqonuna hərbi mundirdə gəlib 700 minlik qoşunun hazır vəziyyətdə olmasından danışanda müharibənin hələ xeyli müddət davam edəcəyinə şübhə qalmadı. Ukrayna ilə sülh danışıqlarından yayınmaqla o zaman qazanıb istədiyinə nail olmağa çalışır. Rusiya prezidenti Ukrayna tükənənə qədər müharibəni davam etdirəcəyini açıq söyləyir. Amma, Rusiya rəhbərliyi üzdə gülsə də ölkədə iqtisadi resursların və maliyyə mənbələrinin azaldığını və tükənmə prosesinin onlardan yan keçmədiyinin də fərqindədir. Bu barədə Böyük Britaniyanın Mİ 6 kəşfiyyatının başçısı Riçard Murun Putin haqqında dediklərini əsil həqiqət hesab etmək olar:” "Putin dünyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmağa çalışır. Amma o, yalan danışır. O, dünyaya yalan danışır. O, xalqına yalan danışır. O, hətta özünə də yalan danışa bilər", - Mur deyib.
P.S. Solovyov veriliş boyu Avropa liderlərini, Zelenskini tənqid və təhqir etməkdən çəkinmədi. Amma, növbə ABŞ prezidentinə çatanda Solovyov fəxrlə “ A, Tramp molodets”-dedi. İndi təsəvvür edin Solovyov Trampın ünvanına “molodets” deyirsə, dünya nə gündədi...
İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ