Onlayn ictimai-siyasi qəzet
Sovet İttifaqına rəhbərlik etdiyi illərdə Nikita Xruşşov bütün məsələlərdə həmişə amerikalıları qabaqlamağa çalışıb. Ən absurd fikirlərdən biri də planı üç yüz faiz yerinə yetirmək üçün lazım olan “ət təşəbbüsü” olub. Ekspertlər belə bir təklifi axmaq və qeyri-mümkün hesab ediblər. Bununla belə, bəzi bölgələr üzərlərinə belə öhdəliklər götürüblər.
Ryazan vilayətinin partiya xətti ilə rəhbəri Aleksey Larionov (1907-1960) bu məsələdə xüsusi fəallıq göstərib. 1959-cu ildə o, Moskvaya hesabat verib ki, dövlətə nəzərdə tutulandan təxminən dörd dəfə çox ət təhvil verə bilər. Lakin bu söz ona həyatı bahasına başa gəlib.
1953-cü ildən SSRİ-ni idarə etməyə başlayan Nikita Xruşşov hər dəfə bütün dünya ictimaiyyətinə ittifaqda həyat şəraitinin ABŞ-dən pis olmadığını, bəlkə də iqtisadi göstəricilərə görə daha yaxşı olduğunu sübut etmək istəyib. Baş katib ərzaq qıtlığı, möhtəkirlər və digər iqtisadi məsələlərlə bağlı problemləri həll etməyə çalışıb.
1957-ci ilin yazında o, fermerlərə bildirib ki, Sovet İttifaqının ət və süd istehsalında ABŞ-ni keçmək imkanı mövcuddur. Xruşşovun fikrincə, həyat səviyyəsinə görə onları qabaqlamaq üçün bu məhsulları amerikalılardan çox istehsal etmək kifayətdir. Sonra istehsalı üç dəfə yarım artırmaq lazım olacaq.
Mütəxəssisin hesablamalarına görə, tələb olunan ət istehsalına yalnız 1975-ci ilə qədər nail olmaq mümkün olacaq. Lakin belə vəziyyət SSRİ-nin birinci adamını sevindirməyib. O, yaxın illərdə bu məsələni həll etmək istəyib.
Təklifi yalnız bəzi rayonlar dəstəkləyib. Məsələn, Ryazan vilayətinin kompartiya komitəsinin birinci katib A.Larionovun simasında Ryazan bölgəsi cəmi bir il ərzində lazım olan planı yerinə yetirəcəyinə söz verib.
1959-cu ilin əvvəlində Ryazan sakinləri bu məsələdə amerikalıları qabaqlamaq üçün ət planını yerinə yetirməyə qətiyyətlə başlayıblar. Kənd təsərrüfatı məhsulları istehsalçıları həmin il doğulan mal-qaranın hamısını dövlətə təhvil veriblər. Yetkin mal-qaranın yarıdan az hissəsi fermalarda qalıb.
Hətta südlük mal-qara da kəsilib. Lakin bu tədbirlər kifayət etməyib. Planı yerinə yetirmək çox çətin görünüb və qonşu ərazilərdən də ət alınıb. Kəndlərdə, məktəblərdə dovşan yetişdirmək hamı üçün məcburi olub.
“Ryazan möcüzəsi” baş verib və plan üç yüz əlli faiz yerinə yetirilib. Larionov Sosialist Əməyi Qəhrəmanı” fəxri adı, “Qızıl ulduz” medalıyla təltif edilib. Mükafatlandırma mərasimində o, növbəti ilin planını otuz min ton (180 min ton) artımla yerinə yetirəcəyini bildirib. Ancaq təəssüf ki, bu arzu yalnız kağız üzərində qalıb.
1960-cı ildə Ryazan dövlətə yalnız cüzi otuz min ton ət verə bilib. Bölgədəki bütün resurslar tamamilə tükənib və rayon praktiki olaraq ətsiz qalıb. Larionovun heç bir bəhanəsi də olmayıb, vəziyyət dözülməz hala gəlib. Nəticədə o, özünü güllələyib.
Hadisədən 15 il sonra Özbəkistan SSR-in başçısı Şərəf Rəşidov Moskvanın rəğbətini qazanmağa çalışıb. O, şişirdilmiş pambıq yığımı rəqəmləri ilə bağlı mərkəzə məlumat vermək qərarına gəlib. Onun məlumatlarına görə, ölkə guya nəzərdə tutulandan iki dəfə çox pambıq toplayıb.
Üç milyon ton rəqəmi çox gözəl səslənib. Əslində bu, ikiqat şişirdilmiş rəqəm olub. Bütün bunlar saxta nailiyyətlər naminə, amerikalılara sovet xalqının daha yaxşı yaşadıqlarını sübut etmək üçün edilib. Sonda saxta məlumatlar da Ş.Rəşidovun müəmmalı ölümü ilə nəticələnib.
Məşhur “pambıq işi”nə qədər Şərəf Rəşidov 20 ildən çox yüksək vəzifədə çalışıb. Daha sonra 1970-ci illərin ikinci yarısında Özbəkistanda ona qarşı korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə bir neçə cinayət işi açılıb.
İqor Musskinin “100 böyük fırıldaq” kitabında yazdığı kimi, SSRİ baş prokurorluğunun müstəntiqi Telman Qdlyanın apardığı işlərdən birində əsas müttəhim Buxara vilayətinin sosialist əmlakının oğurlanmasına qarşı mübarizə idarəsinin rəisi Müzəffərov olub. Araşdırma zamanı Qdlyan aşkar edib ki, Müzəffərovdan tutmuş bütün ipucular yuxarıya, Şərəf Rəşidova doğru gedib.
Nəticədə qalmaqal böyüyüb. Rəşidov vaxtında Brejnevin sevimlisi olması vəziyyəti daha da gərginləşdirib. Leonid Mleçin “Məşhur intiharlar” kitabında iddia edib ki, Andropovun tapşırığı ilə 1983-cü ilin payızında Özbəkistana xüsusi komissiya getməli olub. Lakin Rəşidov onun gəlməsini görməyib və həmin ilin oktyabrın 31-də qəflətən ölüb.
Bəziləri hesab edir ki, Rəşidov ürək tutmasından ölüb, bəziləri isə düşünür ki, pambıq yığımı ilə bağlı saxta məlumatların və korrupsiya hallarının üstü açıqlacağına görə, o özünü öldürüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
ŞƏRHLƏRŞƏRH YAZ