Onlayn ictimai-siyasi qəzet
FSB 1945-ci il Qələbə Paradı ilə bağlı məxfi sənədləri açıqlayıb.
Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 1945-ci ildə Moskvada keçirilmiş Qələbə Paradının təhlükəsizlik tədbirlərinə dair yeni arxiv materiallarını ictimaiyyətə təqdim edib.
Verilən məlumata görə, 1945-ci il iyunun 15-də SSRİ rəhbəri İosif Stalin bütün cəbhələr və qoşun növlərinin nümayəndələrinin iştirakı ilə Qələbə Paradının keçirilməsi barədə qərar verib. Elə həmin gün Moskvanın komendant müavini, polkovnik Nikolay Grebenşçikov Dövlət Təhlükəsizlik Xalq Komissarlığının (NKGB) 6-cı İdarəsinə 4 səhifəlik xidməti məktub göndərərək paradda iştirak edəcək hərbi hissələrin siyahısını təqdim edib.
Açıqlanan sənədlər arasında Qırmızı meydanda qoşunların düzülüş sxemi də yer alıb. Bu sxemdə müxtəlif rənglərlə Qırmızı Ordu və Hərbi Dəniz Donanmasının parad bölmələri, eləcə də hərbi texnika və silahların dayanma yerləri göstərilib.
Bundan əlavə, NKGB-nin 6-cı İdarəsi paraddan öncə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi arayış hazırlayıb. Sənəddə qeyd olunur ki, Qələbə günündə Qırmızı meydanın qorunması üçün ümumilikdə 1715 nəfər operativ heyət cəlb olunub.
Tarixi sənədlərin açıqlanması, həmin dövrün təhlükəsizlik protokolları və təşkilati işlərinin miqyasını daha yaxından anlamağa imkan verir.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ