Onlayn ictimai-siyasi qəzet
Tanınmış vəkil Əkrəm Həsənov çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlərin özünüidarəetmədən uzaqlaşdırılmasının detallarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Əkrəm Həsənov bu barədə özünün sosial media hesabında yazıb.
Statusu təqdim edirik:
"Məlum olduğu kimi, çoxmənzilli binalar mənzil mülkiyyətçiləri (onların ümumi yığıncağı) tərəfindən idarə olunmalıdır. Buna baxmayaraq, əksər hallarda tikinti şirkətləri binaların idarəçiliyini əldən vermək istəmir və qanunsuz olaraq sakinlərdən pul yığmağa davam edirlər. Məhkəmələrin bu işlər üzrə sakinlərin xeyrinə çıxardığı qərarlar da artıq var: tikinti şirkətləri binadan çıxarılır.
Lakin tikinti şirkətləri bundan nəticə çıxararaq saxtakarlığa əl atmağa başlayıblar. Belə ki, guya binada ümumi yığıncaq keçirilib və sakinlər idarəetməni onlara həvalə ediblər.
Təəssüf ki, məhkəmələr qərarın aşkar saxta olmasını başa düşsələr də, tikinti şirkətlərinin fırıldağına şərik olurlar. Belə işlərdən biri və Bakı Apellyasiya Məhkəməsinin çıxardığı biabırçı qətnamə haqda yaxın zamanda ayrıca yazacağam".
Vəkil Bakı Apellyasiya Məhkəməsində bu xüsusda baş verən özbaşınalıqların olduğunu qeyd edib:
"Deməli, Əhmədlidə sakinlər idarəçiliyi əllərinə alaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini ("Xətai-7" MMC) yaratmağa nail olublar. İlk dövrdə MMC-yə tikinti şirkətinin sahibi rəhbərlik edib. Amma sonra sakinlər onu kənarlaşdırıb və idarəçiliyi tam əllərinə alıblar. Tikinti şirkətinin sahibinə qarşı vurulan zərərə (mənimsənilmiş vəsaitə) dair ayrıca iddia da qaldırıblar (heç normal təhvil-təslim də olmayıb).
Çünki bina onlara nəinki bərbad vəziyyətdə, həmçinin borcla yüklənmiş şəkildə miras qalıb və həmin borcları da ödəmək məcburiyyətindədirlər.
Bu əsnada tikinti şirkətinin rəhbəri də binadakı özünüidarəçiliyi iflic etmək taktikasına keçib. Belə ki, özü və ətrafındakı bəzi sakinlər binanın saxlanılması üçün ödəniş etməkdən yayınırlar. MMC də ödəniş tələbi ilə onlara qarşı məhkəmədə iddia qaldırıb.
Əvvəlcə Xətai Rayon Məhkəməsi (hakim Aygün Həsənova), sonra isə Bakı Apellyasiya Məhkəməsi (hakim Sabit Bəhramzadənin sədrliyi ilə) iddianı tam cəfəng əsaslarla rədd edib. Maraqlısı budur ki, tikinti şirkətinin sahibi özü MMC-nin rəhbəri olanda digər sakinlərə qarşı analoji iddia qaldırmışdı və Ali Məhkəmə daxil olmaqla məhkəmələr iddianı təmin etmişdi. Yəni bina üzrə artıq presedent var!
İndi isə məhkəmələr tam əks mövqe nümayiş etdirir. Bəhanə odur ki, guya MMC bəzi xidmətləri göstərmir, sakinlərdən yığılan məbləğin əsaslandırılması yoxdur və s.
Əslində isə xidmətlər nəinki göstərilir, onlara dair rəsmi sənədlər var və MMC-nin bütün hesabatları da məhkəmələrə təqdim olunub. Sakinlərdən yığılan məbləğ isə elə tikinti şirkətinin sahibi MMC-yə rəhbərlik edəndə təsdiq olunub və o vaxtdan dəyişməyib (qiymətlər və xərclər artsa da). Həm də qeyd etdiyim kimi, bu bina üzrə tam analoji məhkəmə qərarı var. Heç nə də dəyişməyib axı!!!
Məsələnin təfərrüatları çoxdur, hamısını yazmağa lüzum da yoxdur. Əsas odur ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məsələ gün kimi aydın olsa da, yekunda tam cəfəng qətnamə qəbul edildi.
Burada problem yalnız tikinti şirkətinin sahibinin min cür yolla sudan quru çıxmasına imkanın yaradılması deyil. Problem daha qlobaldır. Sabah istənilən binada hər hansı ödənişdən yayınmaq istəyən qeyri-konstruktiv sakin deyəcək ki, xidmət məni qane etmir və s. – ödəniş etmirəm. Bununla da binalarda özünüidarəçilik iflic vəziyyətə düşəcək.
Bu presedent dövlət və bələdiyyə vergilərinə də analogiya üzrə tətbiq oluna bilər. Kimsə deyəcək ki, dövlət və ya bələdiyyənin fəaliyyəti məni qane etmir, ödəmirəm. Gülməli və eyni zamanda ağlamalı olsa da, məhkəmələrin mövqeyi məhz budur.
Halbuki, qanunvericilin mahiyyəti, xarici təcrübə və sağlam məntiqdən irəli gələn odur ki, binada əksəriyyət tərəfindən təsdiq olunmuş tariflərlə hamı ödəniş etməlidir. Narazı qalan audit yoxlaması təşkil edə, nəhayət, ümumi yığıncaq keçirərək İdarə Heyətinin tərkibini dəyişə bilər. Konstruktiv və sağlam yanaşma budur.
Yoxsa hansısa qeyri-konstruktiv azlıq (sabiqlər) ödəniş etməyərək binada nizam-intizamı və idarəçiliyi pozacaq, ödəniş edən əksəriyyətin haqqına girəcək. Nəticədə ödəniş edənlər də etməyəcək. Binada idarəetmə çökəcək.
Hazırda Ali Məhkəmənin Mülki Kollegiyasında şikayətə İspəndiyar Şəfiyevin sədrliyi ilə baxılır. Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına da müraciət olunub. Yalnız qeyri-prosessual münasibətlərin mövcudluğuna dair şübhələr müstəvisində yox.
Məsələnin ciddi əhəmiyyəti var. Faktiki olaraq söhbət çoxmənzilli binalarda özünüidarəçiliyin mövcudluğundan gedir. Ya qanun rəhbər tutularaq ədalət bərpa olunacaq, ya da binalarda xaos yaranacaq. Çünki MMC-nin fəaliyyəti sırf mənzil mülkiyyətçilərinin məcburi ödənişləri hesabına maliyyələşdirilir. Bu, bir növ lokal vergidir. Həmin məcburi ödənişin toplanmasında problem yarandıqda binanın idarəçiliyi iflic olur.
Bu da həm iqtisadiyyatımız, həm sosial rifah, həm şəhərimizin abadlığı və hətta təhlükəsizlik (məsələn, liftlərə qulluq, binanın mühafizəsi və s.) baxımdan çox ciddi problemdir".
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ