Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl Bakıya turist kimi gələn üç ərəb vətəndaşının Şəhidlər Xiyabanında yol verdiyi qeyri-etik davranış cəmiyyətdə ciddi narazılıq yaradıb. “Yeni Müsavat” xəbər verir ki, hadisədən dərhal sonra həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, barələrində cinayət işi başlanıb. İctimai qınaqla yanaşı, bəzi şəxslərin bu hadisə fonunda peyğəmbər və imamlar haqqında təhqiramiz ifadələr işlətməsi, ərəbləri hədəfə alaraq dini simvolları ümumiləşdirməsi yeni narazılıq dalğasına səbəb olub. İnanclı insanlar bu yanaşmanın qəbulolunmaz olduğunu bildirir, şəhidliyin tarixi köklərinin İmam Hüseynin Kərbəlada göstərdiyi fədakarlıqdan qaynaqlandığını xatırladırlar. Hadisə bir daha göstərir ki, fərdi davranışlara görə bütöv xalqları və dini dəyərləri ittiham etmək cəmiyyətdə bölücülüyə yol aça bilər. Bu baxımdan məsələni hüquqi çərçivədə saxlamaq və dini inancı olan insanlara hörmətlə yanaşmaq vacibdir.
İctimai-siyasi həyatda tanınan bir sıra şəxslər də hadisəyə münasibət bildiriblər. Onlar həm əcnəbi turistlərin davranışlarını, həm də bunun fonunda dini dəyərlərə qarşı yönəlmiş bəzi təhqiramiz fikirləri tənqid ediblər.
Yazıçı-publisist Şərif Ağayar məsələ ilə bağlı bunları deyib: “Şəhidlik anlayışı İmam Hüseynlə sabitləşib. Tək ifadəni yox, məfhumu da oradan götürmüşük. Vətən üçün canını fəda edənləri ona oxşatmışıq. Ən gözəl dəyəri onunla vermişik. Bu, böyük söhbətdir. İnandığın üçün haracan gedə bilərsənsə imtahanıdır. İki dılğır ərəbin inzibati xəta çərçivəsində həll oluna biləcək düşüklüyünü bu qədər böyütmək yanlışdır. Onları İmam Hüseynə bağlamaq isə sadəcə axmaqlıqdır. İmam şəhidlərin yanındadır, ərəblərin yox. Bilirsiniz axı...”
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov da sərt mövqe sərgiləyib: “İmam Hüseyn (ə) həmin şəxslərin mənəvi dünyasında heç vaxt yer almayıb. Onlar nə dini dəyərləri tanıyırlar, nə də bu səfərə hər hansı dini məqsədlə gəliblər. Əksinə, əxlaqa və qanunlara zidd davranışlarını öz ölkələrində açıq edə bilmədikləri üçün başqa ölkələrdə sərbəst şəkildə nümayiş etdirməyə çalışırlar. Bu baxımdan, onların davranışını bütün bir dini sistemə və onun simvollarına qarşı yönəltmək həm mənəvi, həm də ictimai baxımdan zərərli yanaşmadır. İslam və onun müqəddəsləri Azərbaycan xalqının böyük əksəriyyəti, o cümlədən şəhidlərimiz üçün son dərəcə dəyərlidir. Həmin şəxslərin əməllərinə görə İslama və İmama qarşı təhqiramiz ifadələr işlətmək yalnız bizim öz müqəddəsatımıza qarşı hörmətsizlikdir. Bəzi hallarda isə bu cür ritorikanın bilərəkdən təşkil olunduğu və ölkədəki ictimai sabitliyə yönəlik təxribat xarakteri daşıdığı da ehtimal olunur”.
“Kulis.az” saytının baş redaktoru, yazıçı-şair Ulucay Akif isə dini inancın hədəfə alınmasının yanlış olduğunu bildirib: “Əgər bir neçə ərəb turistin davranışına görə İslam dinini və müsəlmanları təhqir edəcəksinizsə, o zaman digər səmavi dinlərə də eyni yanaşmanı tətbiq etməli olarsınız. Çünki xristianlıq da, yəhudilik də ərəblərlə bağlı coğrafiyadan çıxıb. Tarixə görə yəhudilər İbrahim peyğəmbərin oğlu İshaqın, ərəblər isə oğlu İsmayılın soyundan gəlir. Yəni eyni kökdən çıxan xalqların formalaşdırdığı dinlərə qarşı bu cür ümumiləşdirici yanaşmalar doğru deyil. Belə hallarda dini dəyərləri hədəfə almaq cəmiyyətdə gərginlik yaradır. Mən tanıyıram, insanlar var ki, İslamı heç kimə göstərmədən, öz daxilində yaşayır - namazı, orucu, duası ilə. Onlar üçün inanc təkcə dini ayin deyil, həyatın mənəvi təməlidir. Mən də radikal davranışları, baş yarmağı, zorakı metodlarla dini təbliği qəbul etmirəm. Amma bu, İslamın özü deyil. Mənim üçün inanc, bir insanın Allahla gecənin səssizliyində tək qalması, yeməkdən, sudan əvvəl şükür etməsi, sabaha ümididir. Başqasına yardım etməkdir”.
Yeri gəlmişkən, hadisənin yaratdığı gərginlik fonunda fərqli və diqqətçəkən bir mənzərə də yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Azərbaycana səfər edən bir qrup ərəb turistin Şəhidlər Xiyabanını ziyarət etdiyi əks olunub. Onlar yerli sakinlərlə birgə şəhid məzarlarının üstünə qərənfil qoyaraq, Azərbaycan xalqına və vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə dərin ehtiram nümayiş etdiriblər.
Turistlər həm ərəb, həm də Azərbaycan dillərində çıxış edərək baş vermiş insidentin təəssüf doğurduğunu bildiriblər. Qeyd ediblər ki, qalmaqallı davranışlar ümumilikdə ərəb dünyasının mövqeyini əks etdirmir və həmin şəxslərin hərəkətləri ilə razı deyillər. Onlar Azərbaycanın keçdiyi ağrılı tarixi yolun və şəhidlərin müqəddəs xatirəsinin dərin hörmətə layiq olduğunu xüsusi vurğulayıblar.
Yazını hazırladı: Afaq MİRAYİQ
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ