Onlayn ictimai-siyasi qəzet
Son günlər “TikTok” sosial şəbəkəsində yayılmış bəzi videolar ictimai narahatlıq doğurur. Belə ki, müxtəlif adlarla fəaliyyət göstərən səhifələrdə özlərini “İT mütəxəssisi”, “haker” və ya “sistem işçisi” kimi təqdim edən şəxslər Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) borcu olan vətəndaşlara müraciət edərək onları borclarının “sistemdən silinə biləcəyinə” inandırmağa çalışırlar.
Bu cür videolarda əsas hədəf qrupu – kredit borcunu ödəməkdə çətinlik çəkən vətəndaşlardır. Fırıldaqçılar vətəndaşa “kömək” etmək adı ilə əvvəlcədən müəyyən məbləğ tələb edir, əvəzində isə guya sistemə daxil olub borc məlumatını siləcəklərini iddia edirlər. Lakin pulu əldə etdikdən sonra ya həmin səhifə tamamilə silinir, ya da vətəndaş bloka atılır.
Əldə etdiyimiz məlumata görə, bu cür hallarla qarşılaşanların sayı artmaqdadır. Nəticədə vətəndaş nəinki kredit borcundan qurtulmur, əksinə, həm BOKT-a olan öhdəliyini ödəməyə davam edir, həm də əlavə maddi ziyana düşür.
Hüquqşünaslar bu cür “xidmətlərin” açıq şəkildə dələduzluq olduğunu bildirirlər.
Çünki kredit borclarının hüquqi silinməsi yalnız məhkəmə qərarı və ya müvafiq rəsmi prosedurla mümkündür. İstənilən qeyri-rəsmi vasitə isə həm hüquqi risk yaradır, həm də vətəndaşın ikinci dəfə aldadılmasına şərait yaradır.
Mütəxəssislər vətəndaşlara bu cür vədlərə inanmamağı, şübhəli səhifələrlə əlaqə saxlamamağı və belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı Musavat.com-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, istər BOKT-larda, istərsə də banklarda kommersiya qurumu müştərisinin məlumatının silinməsində maraqlı deyil:
“Bu, həmin quruma birbaşa maliyyə zərəri olaraq hesablanır. Ona görə də kommersiya təşkilatları bunda maraqlı deyillər. Doğrudur, orada çalışan müəyyən səlahiyyətli şəxslər bu əməliyyatı edə bilərlər.
Ancaq nəzərdən qaçmamalıdır ki, bank proqram təminatına bənzər proqram təminatları üzərindən iş aparmaq olursa, bu o deməkdir ki, sistem çoxşaxəli olaraq nəzarət altındadır. Yəni hər hansısa bir əməkdaşın və ya kənar şəxsin oradakı müdaxiləsi bir çox nəzarət mexanizmi tərəfindən izlənilir. Xüsusən də maliyyə təşkilatlarına Mərkəzi Bankın tələbləri ağırdır. Bu tələblər içərisində müəyyən standartlar tətbiq olunur.
Bu isə o deməkdir ki, hər hansısa daxili əməkdaş bir əməliyyat apardıqda bu, qısa müddət ərzində aşkarlanar və əməkdaş böyük məsuliyyətə cəlb olunar. Ona görə də əməkdaşların hazırkı rəqəmsal dövrdə bunu etməsi ağlabatan deyil. Əgər təşkilat proqram təminatı ilə idarə olunursa, əməkdaşın bu riskə getməsi mümkün deyil”.
Ekspert kənar müdaxiləyə də aydınlıq gətirib:
“Kənar müdaxilə ola bilər. Azərbaycanda banklara hücumlar çoxdur. Lakin bu müdaxilələr istənilən halda araşdırılıb tapılır.
Onu da qeyd edim ki, ölkəmizdən kənar müdaxilə ilə bankdan oğurluq halları hələ ictimaiyyətləşməyib. Bu o deməkdir ki, bu kimi hallar ya baş verməyib, ya da bank tərəfindən anındaca qarşısı alınıb.
Bir sözlə, Azərbaycanda bu günədək bankdan və ya bank olmayan kredit təşkilatından kənar müdaxilə ilə oğurlanma baş verməyib. Çünki burada aparılan bütün əməliyyatlar bir neçə izlənmə və monitorinq mexanizmləri ilə izlənilir. Həmçinin də sistemin daxilində bir borc silinəndə digər sistemlər inteqrasiya olunur. Yəni digər tərəfdə boşluq, açıqlıq yaranır. Hazırkı sistemlərdə mümkün deyil ki, müştərinin hər hansısa kənar müdaxilə ilə borcu silinsin və o iz tapılmasın.
BOKT-lar da banklar kimi maliyyə standartlarına uyğunlaşdırılıb. Mərkəzi Bank bu təşkilatların hər birinə eyni gözlə baxır və lisenziya vermək üçün eyni tələbləri qoyur.
Azərbaycanda vətəndaşların kütləvi halda bank borcları var. Buna görə də insanlar bu silinməni ümid yeri olaraq görür. Dələduzlar isə bunun fərqindədirlər.
Sosial şəbəkələrdə belə “xidmətlər” təklif edən şəxslər səhifəni də xaricdən idarə edirlər, izlərini tapmaq çox çətindir. Onların məqsədi dələduzluq yolu ilə vətəndaşın pulunu əlindən almaqdır”.
İqtisadçı Natiq Cəfərli bildirib ki, bu kimi hallar birbaşa dələduzluqdur:
“BOKT-lar və banklar kredit məsələsində demək olar ki, eyni sistemdə çalışırlar. Onların elə də ciddi fərqi yoxdur. Doğrudur, bank sistemində nəzarət daha sərtdir və risk menecmenti daha güclüdür. Amma hər halda hər ikisinin prinsipləri eynidir. Ona görə də belə çağırışlardan uzaq durmaq lazımdır.
Əgər elə bir şey mümkün olsaydı, hakerlərin özləri BOKT-lardan kredit götürərdilər və sonra da silərdilər. Bu da onu göstərir ki, bu şəxslər dələduzdurlar.
Bəzən insanlar mənə də müraciət edib soruşurlar ki, belə bir şey mümkündür? Deyirəm ki, qəti mümkün deyil”.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ