Onlayn ictimai-siyasi qəzet
"Çinin təyyarədaşıyan qrupunun ilk dəfə olaraq Yaponiyanın ərazi suları ərazisinə daxil olması Tokioda Çinin genişlənən dəniz imkanları ilə bağlı narahatlığına səbəb olub. Tokio diplomatik kanallarla vəziyyətdən narahat olduğunu Pekinin diqqətinə çatdırıb. Yaponiya dənizdə və havada müdafiə tədbirlərini gücləndirib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Yaponiyanın hərbi dairələrində düşünürlər ki, Çin ordusu əməliyyat qabiliyyətini və uzaq ərazilərdə əməliyyatlar aparmaq qabiliyyətini təkmilləşdirməyə çalışır:
"Yaponiya uzun illər ABŞ-ın hərbi dəstəyinə arxalanıb. ABŞ-ın Yaponiyanın Okinava adasında 25 min hərbçidən ibarət hərbi bazası mövcuddur. ABŞ bu hərbi bazanı İkinci Dünya müharibəsinin nəticəsinə görə formalaşdırıb. 1945-ci ildə ABŞ-la Yaponiya arasında Okivana adasındakı döyüşlərdə təxminən 200 min nəfər həlak olub. Adanın bir qrup sakini müxtəlif illərdə hərbi bazanın əleyhinə mitinqlər təşkil etsə də, Tokio Vaşinqtonla strateji müttəfiqliyə sadiq qalıb.
Tokio Çinin bölgədə artan hərbi gücü qarşılığında ABŞ-la müttəfiqliyi zəiflətmək istəmir. Əksinə, Tokio ABŞ-ın Okivanada raket sistemlərinin yerləşdirilməsinə dəstək verib. Bu iki ölkə tez-tez hərbi təlimlər keçirir. Bu, Çinin bölgədə Rusiya ilə birgə keçirdiyi hərbi təlimlərə cavabdır. Tokio Çinin hərbi gücü qədər Şimali Koreyanın raket sınaqlarından da narahatdır.
Şimali Koreyanın nüvə başlıqlı raketlərə malik olması Yaponiyanın təhlükəsizliyinə ciddi təhdiddir. Pekin hərbi gəmilərini Yaponiya sahillərinə göndərməklə Tokionun qorxusunu daha da artırıb. Çin hərbi gəmilərinin yaxınlaşdığı adalar mineral resurslarla zəngindir. Yaponiya şirkətlərinin həmin resursların çıxarılmasıyla bağlı planları var. Bu, Yaponiya büdcəsinə əlavə gəlir saxlayacaq planlardır. Ancaq ətrafda Çinin hərbi gəmiləri üzürsə, həmin resurslardan faydalanmaq çətin olacaq.
Tokio Çinin nə vaxtsa Tayvan adasını ələ keçirəcəyinə də hazırlaşıb. Çin Tayvanla bağlı hərbi əməliyyata başlayarsa, Yaponiya döyüş bölgəsinə yaxın olan adalardan təxminən 100 min sakinin köçürüləcəyi planını hazırlayıb.
"The New York Times" dərgisinin yazdığına görə, Pentaqon Yaponiyanı müdafiə etməyə hazırdır. Ancaq Tokionun ABŞ prezidenti Donald Trampın siyasətindən şübhələri var.
Tokioda bəzi ekspertlər hesab edir ki, Tramp Pekinlə Tayvan məsələsinə qarışmamaqla bağlı anlaşma əldə edə bilər. Bu halda Yaponiya təkbaşına hərəkət etməli olacaq".
Xalidə Gəray
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ