Onlayn ictimai-siyasi qəzet
İyulun 31-də səhər saatlarında Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz təyyarələrlə genişmiqyaslı hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, Ukrayna mətbuatının yaydığı məlumata görə, zərbə nəticəsində azı 2 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Hücum zamanı çoxmərtəbəli yaşayış binasının girişi tamamilə dağılıb, bir neçə ünvanda yanğın baş verib, ciddi dağıntılar qeydə alınıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, Svyatoşinski rayonunda binanın girişi çöküb, Fövqəladə Hallar Xidməti ərazidə çalışır. Həmçinin, Solomenski, Qolosiyivski və Şevçenkovski rayonlarında çoxsaylı yaşayış və qeyri-yaşayış binaları zədələnib.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz "Telegram" kanalında bildirib ki, Rusiya raketləri birbaşa yaşayış binalarına düşüb. Onun sözlərinə görə, Qolosiyivski rayonunda bir neçə ev və avtomobil, Şevçenkovski rayonunda isə yaşayış binası və nəqliyyat vasitələri yanıb. Partlayış dalğası tibb müəssisəsinin uşaq şöbəsinin şüşələrini də qırıb.
Ukraynanın "Telegram" kanallarında yayılan məlumatlarda hücum nəticəsində doqquzmərtəbəli binanın girişi çökdüyü qeyd olunub. Daxili işlər naziri İqor Klimenko həmin dağıntının görüntülərini paylaşıb.
Prezident Volodimir Zelenski də sözügedən binanın raket zərbəsindən sonra çəkilmiş videosunu paylaşıb.
Kliçko əlavə edib ki, yaralananlardan 29 nəfəri xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib.
Hadisə ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi 10 günlük ultimatumdan dərhal sonra baş verib. Tramp iyulun 29-da Moskvaya hərbi əməliyyatları dayandırmaq üçün vaxt verdiyini bəyan edib. Əvvəlcə o, iyulun 14-də 50 günlük müddət təyin edib, lakin sonradan Rusiya prezidenti Vladimir Putinin davranışlarından məyus olduğunu əsas gətirərək, bu müddəti 10 günə endirib.
Tramp qeyd edib ki, Vaşinqtonun diplomatik səylərinə baxmayaraq, Rusiya eskalasiyanı davam etdirir və dinc şəhərləri bombalayır. Ultimatum başa çatdıqdan sonra o, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar və 100%-lik gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb.
İqbal RZAYEV,
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ