Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin hazırda davam edən plenar iclasında “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Musavat.com-un xəbərinə görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə barədə çıxış edərkən bildirib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 6 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb:
“Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır”.
A.Nağıyev qeyd edib ki, Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib:
“Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini (MMM) hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. Mexanizmin inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və Katibliyi aid edilir. Nazirlər Şurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul nazirlərindən ibarət olur. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir. TDTMülki Müdafiə MexanizmininKatibliyi isə məqsəd və vəzifələrin icrasına, iş fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir.
Katibliyə tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir. Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum iki il uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərində yerləşir”.
Sənədin təsdiqlənməsi Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsinə imkan yaradacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ