İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə möhtəşəm Qərbi Azərbaycan tədbirləri - Əziz Ələkbərli böyük diqqətə görə təşəkkür etdi

 
 
Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin iclasında qardaş Türkiyəyə səfər və çox önəmli tədbirlər, görüşlər barədə danışdı.

Musavat.com-un məlumatına görə Ə.Ələkbərov bildirdi ki, mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda gerçəkləşdirdiyimiz beynəlxalq konfransla  Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru növbəti, çox mühüm və tarixi bir addım atmış olduq: “Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-dən artıq iştirakçı, o cümlədən Azər bay canın və Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm adamları, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri qatıldılar.

Konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin səsləndirilməsi konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı”.

Deputat konfransa Bakı və Ankara tərəfindən yüksək səviyyədə verilən dəstəyi də xüsusi qeyd etdi: “Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın açılış nitqləri ilə davam edən konfransda Türkiyənin və bütün Türk dünyasının Kamal Çiçək, İlbər Ortaylı, Tufan Gündüz, Okan Yeşilot, İbrahim Atnur və b. kimi dünyaca məşhur elm adamlarının, TBMM-nin Çiğdem Ərdoğan, Vedat Bilgin, Derya Yanık kimi komissiya sədrlərinin Qərbi Azərbaycan tarixi və Qərbi Azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və Qərbi Azərbaycan məsələsinin Türkiyə ictimaiyyətinə effektiv şəkildə təqdim edilməsinə imkan verdi”.  

Ə.Ələkbərov parlament rəhbərliyinə də diqqət və dəstəyə görə təşəkkürünü çatdırdı: “Hörmətli xanım sədr, millət vəkillərimizin böyük bir heyətinin sözügedən konfransda iştirakına şərait yaratdığınıza görə Sizə Qərbi Azərbaycan İcması və Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvləri adından bir daha təşəkkür edirəm”.

İcma rəhbəri digər vacib mövzudan da bəhs etdi: “Hörmətli millət vəkilləri, dünən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə İrəvan qazılığı bərpa olunub. Bu, Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru atılmış mühüm addımdır, tarixi ədalətin bərpasının növbəti təzahürüdü və mən bu münasibətlə də bütün xalqımızı təbrik edirəm”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR