İnsanlara hürriyət, millətlərə istiqlal!

"Alıcı yoxdur, satıcılar narazıdır" - Bazardan REPORTAJ

Son günlər bazarlarda ətin qiymətinin artmasından sonra meyvə qiymətlərinin də yüksəlməsi müzakirələrə səbəb olub. Musavat.com əməkdaşı "Qara Qarayev" metrostansiyası yaxınlığındakı bazara baş çəkib və qiymətlərlə maraqlanıb. Satıcılarla bu barədə danışdıqda isə onlar qiymət artımına az qala üsyan etdilər. “Qiymətlər elə də çox artmayıb, əksinə al-verimiz azalıb. Demək olar ki, alıcı yoxdur. Camaatın güzəranı yaxşı deyil ki, gəlmirlər. Bu boyda dükan 300–400 manat gəlir əldə edirik bir günə,” – deyə bir satıcı qəzəblə danışır.

Digər piştaxtaya yaxınlaşanda isə vəziyyət daha dramatik idi. Orada işləyən xadimə satıcı ilə söhbətimizə müdaxilə edərək dedi: “15 ildir bu dükanlarda süpürgəçi işləyirəm. Oğlum lal və kardır, 150 manat pensiya alır, heç yerdə işə götürmürlər, necə dolanaq? Dilimizə ət dəymir aylardır”.

Digər satıcı da narazılığını gizlətmir: “Hər şeyin qiyməti artıb, kommunal xərclər artıb. Onları soruşmaq lazımdır, niyə artır. Özü də qiymətlər elə də artmayıb. Gərək mal alan olsun ki, qiymətlər də artsın. Al-ver getmir, insanlar çətinlik içindədir”.

Bazarda mövsümü keçmiş tərəvəzlərin qiymətləri belədir: pomidor 3 AZN, xiyar 1.70 AZN, bibər 2.50 AZN, kök 1.50 AZN, badımcan 2 AZN, qırmızı bibər 6 AZN, lobya 1.80 AZN.

Meyvə qiymətləri isə belədir: naringi 2 AZN, kivi 4.50 AZN, “Duşes” armud 3.70 AZN, portağal 3.90 AZN, feyxua 1.70 AZN, “Fuşe” alma 2 AZN, “Qızıləhmədi” 5–6 AZN, İsmayıllı alması 4 AZN, xurma 2 AZN, nar 1.50–3.50 AZN, Astara naringisi 2.50 AZN, heyva 2.20 AZN, banan 3 AZN, üzüm 3.20 AZN, avokado 3.50 AZN, limon 0.70 AZN. Çərəzlər də müxtəlif qiymətdədir: Qəbələ qozu 4.50–5 AZN, Şəki qozu 6 AZN.



Satıcılar qiymət artımını müxtəlif səbəblərlə izah edirlər. Bəziləri bunu inflyasiya və məhsul çatışmazlığı ilə əlaqələndirir, digərləri isə mövsümlə bağlı təbii dəyişiklik hesab edir. Amma hər kəs vurğulayır ki, alıcı azdır, xərclər çoxdur və bu, onların işini çətinləşdirir.

Yeri gəlmişkən, Musavat.com olaraq sentyabr ayının sonlarında da meyvə-tərəvəz bazarından reportaj etmişdik. Bu günlə müqayisədə sentyabr ayında bazarda qiymətlər bir qədər daha aşağı idi. Naringi 2.80 AZN, portağal 5 AZN, üzüm 2 AZN, nar 2.50 AZN, moruq 4 AZN, şaftalı 2.80 AZN, ananas 8 AZN. Yəni, bu gün xüsusilə üzüm və narın qiymətində artım müşahidə olunur. Mövsümü keçmiş tərəvəzlərdə isə pomidor və badımcanın qiyməti sentyabra nisbətən yüksəlib, xiyar isə stabil qalıb.

Beləliklə, bazarda qiymət artımı təkcə rəqəmlərdə deyil, həm də satıcıların danışığında hiss olunur. Onların emosiyası, narazılığı və çətinliyi bazarın əhvalını əks etdirir, alıcıların isə artan qiymətlər qarşısında çətinlik çəkdiyi aydın görünür.



Ümumiyyətlə, ekspertlər son vaxtlar bazarda meyvənin qiymətinin artmasını bir çox amillərlə izah edirlər. Qeyd edilir ki, həm təbiət, həm də iqtisadi amillər burada mühüm rol oynayır. Meyvələr mövsümi məhsullardır. Mövsüm bitdikdə məhsulun miqdarı azalır, nəticədə qiymət artır. Məsələn, yayda bol olan meyvələr qışda az tapıldığı üçün daha baha satılır. Hava şəraiti də qiymətə birbaşa təsir edir. Quraqlıq, dolu, şaxta və ya sel kimi təbii hadisələr bağlara və məhsula zərər vurur, bu da bazarda təklifin azalmasına səbəb olur.

Meyvə istehsalında istifadə olunan gübrə, suvarma sistemi, yanacaq və işçi qüvvəsinin qiyməti artdıqda məhsulun maya dəyəri də yüksəlir. Fermerlər bu əlavə xərcləri qarşılamaq üçün satış qiymətini qaldırırlar. Daşınma və saxlanma prosesləri də meyvənin qiymətinə təsir göstərir. Yanacaq və enerji xərcləri artdıqda məhsulların daşınması və soyuducu anbarlarda saxlanması daha bahalı olur. Bu xərclər son nəticədə alıcının ödədiyi qiymətə əlavə olunur. Bəzi hallarda meyvə məhsulları xarici ölkələrə ixrac edilir. İxrac artdıqda daxili bazarda məhsul miqdarı azalır və qiymətlər yüksəlir. Ümumi iqtisadi vəziyyət və inflyasiya da bu prosesə təsirsiz qalmır. Pulun dəyərinin azalması və bazarda ümumi bahalaşma meyvələrin qiymətini də artırır. Yəni, meyvənin qiymətinin artması bir səbəbdən deyil, bir neçə amilin təsiri nəticəsində baş verir. Hava şəraiti, istehsal xərcləri, daşınma və ümumi iqtisadi vəziyyət dəyişdikcə bazarda meyvənin qiyməti də buna uyğun olaraq qalxır.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR