Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində Türkmənistan Mədəniyyəti Günlərinin möhtəşəm açılış mərasimi baş tutub.
Musavat.com bildirir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir iki qardaş xalqın dərin tarixi, mədəni və mənəvi bağlarını, qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərini bir daha nümayiş etdirib.
Açılış mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edib. O, Türkmənistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Murad Hüseynov qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqlarını eyni kökdən gələn ortaq tarix, qədim ənənələr, mədəniyyətə və incəsənətə dərin hörmət birləşdirir:
“Xalqlarımız arasındakı dostluq münasibətləri əsrlər boyu sınaqlardan keçərək möhkəmlənib. Bu gün həmin münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və birgə təşəbbüsləri nəticəsində daha da güclənib. Türkmənistan Mədəniyyəti Günləri bu əlaqələrin bariz təzahürüdür”.
Murad Hüseynov həmçinin urğulayıb ki, iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı xalqların bir-birini daha yaxından tanımasına, yaradıcılıq sahəsində mübadilələrin genişlənməsinə və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə möhkəm zəmin yaradır.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov da çıxış edərək, Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edib. O, qeyd edib ki, Türkmənistan Mədəniyyəti Günləri iki qardaş xalqın mədəniyyətlərarası dialoqunun və qarşılıqlı anlaşmasının təntənəsidir:
“Mədəniyyət xalqlar arasında körpü rolunu oynayır. Biz inanırıq ki, bu tədbir gələcək əməkdaşlığın daha da genişlənməsinə və dostluq münasibətlərimizin dərinləşməsinə xidmət edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında vurğulayıb ki, Azərbaycan və Türkmənistan mədəniyyətləri minilliklər boyu ortaq tarixi yaddaş və mənəvi dəyərlər üzərində formalaşıb:
“Ədəbiyyatlarımız, musiqimiz, dastanlarımız və xalq yaradıcılığımız bir-birini tamamlayır. Bu gün burada şahidi olduğumuz mədəniyyət bayramı Türkmənistan-Azərbaycan birliyinin yeni dövrdəki ən canlı təcəssümüdür”.
Tədbir çərçivəsində qonaqlar türkmən xalqının zəngin irsini əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə qədim Türkmən sənətkarlığının nümunələri, milli geyimlər, xalçalar, keramika və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilib.
Daha sonra Türkmənistanın folklor rəqs və musiqilərin ibarət konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-dək davam edəcək və bu müddət ərzində Bakıda və Gəncədə silsilə tədbirlər - sərgilər, konsertlər və görüşlər təşkil olunacaq.
Xalidə GƏRAY
Foto və video müəllifindir
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ