Onlayn ictimai-siyasi qəzet
İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətləri hərbi əsirlərin genişmiqyaslı mübadiləsi məsələsini müzakirə ediblər.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bunu İstanbulda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov media üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər “1000-ə 1000” formatında mübadilə haqqında razılığa gəliblər. Bunun dəqiq nə vaxt baş verəcəyini dəqiqləşdirməyib:
“Yaxın vaxtlarda. Tarixi bilirik”.
Daha sonra oxşar bəyanatla Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimir Putinin köməkçisi Vladimir Medinski çıxış edib:
“Yaxın günlərdə 1000 nəfərlik məhbusun 1000 nəfərə genişmiqyaslı dəyişdirilməsi baş tutacaq”.
Danışıqlarda həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin şəxsi görüşü müzakirə olunub. Umerovun sözlərinə görə, hazırda bununla bağlı komandalar işləyir.
Vladimir Medinski Rusiya mətbuatına verdiyi şərhdə bildirib ki, Ukrayna iki dövlətin liderləri arasında görüşün təşəbbüskarı olub, ona görə də Moskva “bunu nəzərə alıb”.
O əlavə edib ki, Ukrayna və Rusiya atəşkəs rejiminin yaradılması ilə bağlı təkliflərini təfərrüatlı şəkildə müzakirə etməyə razılaşıb.
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ