Onlayn ictimai-siyasi qəzet
Ukraynada döyüşlərin dayandırılmasına dair ümidlər Rusiya prezidenti Vladimir Putinin İstanbula getməməsi və əvəzində aşağı səviyyəli nümayəndə heyəti göndərməsi ilə sarsılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşr yazır ki, bu arada dünyanın diqqəti Kapitoli təpəsində müzakirə edilən təşəbbüslərə, o cümlədən Putini danışıqlar masasına oturtmağa məcbur etmək üçün yeni sanksiyalara yönəlib.
ABŞ dövlət katibi Marko Rubio qarşıdakı İstanbul danışıqlarının uğur gətirəcəyinə dair gözləntiləri aşağı salıb. O bildirib ki, Vladimir Putinlə Donald Tramp arasında şəxsi görüş baş tutmadan hər hansı ciddi irəliləyiş gözləməyə dəyməz.
Rubio özü İstanbulda əsas danışıqlarda iştirak etməyəcək. Onun sözlərinə görə, ABŞ-ı uyğun səviyyədə başqa bir rəsmi nümayəndə təmsil edəcək, çünki Rusiya yalnız aşağı rütbəli nümayəndələr göndərib. Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna diplomatları ilə ayrıca görüşlər keçirməyi planlaşdırır.
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Antalyadakı görüşündən sonra Rubio deyib: “Açığı, mən inanmıram ki, burada hər hansı irəliləyişə nail olaq. Bu, yalnız Tramp və Putin üzbəüz görüşüb gələcək planlarını aydınlaşdırdıqdan sonra mümkündür”.
NATO danışıqlarında iştirak edən Avropa diplomatları Putinlə danışıqların uğursuzluğuna səbəb kimi Rusiyanın aşağı səviyyəli nümayəndə heyəti göndərməsini göstəriblər. Ukrayna prezidenti Volodimir Zelenski isə danışıqlarda müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakını müsbət qiymətləndirib və Rusiya tərəfinin iştirakını “formal və mənasız” adlandırıb.
NATO çərçivəsində keçirilən görüşlər ABŞ və Avropaya Ukrayna ilə bağlı gələcək fəaliyyət istiqamətlərində ümumi mövqe formalaşdırmağa imkan verib. Bu, Avropa liderlərinin ötən həftə sonu Rusiyaya atəşkəs tələbi ilə verdiyi ultimatuma cavab olaraq baş verib, Tramp isə bu təşəbbüsü açıq şəkildə dəstəkləməyib.
İtaliyanın xarici işlər naziri Antonio Tajani Rubio ilə görüşdən sonra bildirib ki, ABŞ və Avropa birgə şəkildə hərəkət edirlər: “Hamımız Putini iqtisadi məsələlərə diqqət yetirməyə məcbur etmək üçün sanksiyalar tətbiq etməyə cəmləşmişik”.
Hazırda əsas sual Tramp və Putinin mümkün görüşünün nə vaxt baş tutacağı və ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı qərarının nə olacağıdır. Rubio qeyd edib ki, növbəti addımlar Trampın Yaxın Şərqə səfəri başa çatdıqdan sonra müəyyənləşə bilər. Hazırda nə o, nə də Tramp son günlərdə sanksiyalardan danışmır.
Senator Lindsi Qrem Kremlin ciddi sülh danışıqlarına razılaşmaması halında, Rusiya enerji resurslarını alan ölkələrə qarşı sərt sanksiyalar və tariflər tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib. Bu sənəd hər iki partiyadan olan təxminən 80 senator tərəfindən dəstəklənib və qəbul olunma ehtimalı yüksəkdir.
Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker Tramp administrasiyasından Qremin təşəbbüsünü dəstəkləməyə hazır olduqları barədə siqnal gözlədiyini bildirib: “Prezident Putin sülhə getmək niyyətində deyil... Ona qarşı həm hərbi güc, həm də iqtisadi reallıq sərgilənməlidir”.
Moskva isə atəşkəs təklifini qəbul etmir. Bu təklifə görə döyüşlər cari mövqelərdə dayandırılır, Krımın Rusiya ərazisi kimi tanınması və sanksiyaların ləğvi nəzərdə tutulur. Əvəzində isə Ukraynaya təhlükəsizlik zəmanətləri və öz ordusunu inkişaf etdirməyə icazə verilir.
Məsələ ilə tanış olan mənbənin bildirdiyinə görə, ABŞ həmçinin NATO-Rusiya Şurası formatında məsləhətləşmələrin bərpası bəndini də əlavə edib. Bu formatdakı dialoq 2022-ci ildə Rusiyanın işğalından sonra faktiki olaraq dayandırılıb.
Putinin kompromisə getmək istəməməsi, qismən də Rusiya ordusunun yavaş olsa da irəliləməsi ilə izah olunur. Bu arada Ukrayna silah və sursat çatışmazlığı ilə üzləşib.
İqbal RZAYEV,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ