Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda həbs edilən sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs edilmişdi. Sonradan ev dustaqlığına buraxılan iş adamının cinayət işinin təfərrüatı məlum olub. İş adamının vaxtı ilə icazəni Vasif Talıbovdan aldığı məlum olub.
Musavat.com xəbər verir ki, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Məmmədov Əmir Əli oğlu məsuliyyətə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.
2023-cü ilin oktyabr ayında həbs edilən Əmir Məmmədov sonradan ev dustaqlığına buraxılmışdı.
İstintaq zamanı müəyyən edilib ki, Əmir Məmmədov 2010-cu ildə Culfada “Əlincə” Kinoteatrının binasını qardaşının adına özəlləşdirib. Hələ Vasif Talıbovun vaxtında kinoteatrın yerində obyekt tikilməsi ilə bağlı rəsmi sənədlər əldə edib. Lakin sonradan həmin tikintinin ərazisinin qanunsuz olaraq genişləndirildiyi, qanunsuzluğa yol verildiyi məlum olub.
Onun Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin balansında olan torpaq sahəsi üzərində təkrarən mülkiyyət hüququnu pozduğu da aşkar edilib.
Əmir Məmmədovun qeyd edilən ərazilərdəki tikinti işlərində əmək müqaviləsi olmayan işçilər işlətdiyi, həmin işçilərdən ikisinin tikinti zamanı xəsarət aldığı da istintaq zamanı müəyyən edilib.
Fəhlənin xəsarət almasına görə Əmir Məmmədovun işlərinə nəzarət edən Ağayev Daşqın Aydın oğlu da məsuliyyətə cəlb edlib. Ona qarşı Cinayət Məcəlləsinin 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. O, da istintaq zamanı azadlıqda olub.
Araşdırma zamanı məlum olub ki, Əmir Məmmədov qalmaqallı torpaq sahəsini Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman alıb.
Vasif Talıbov sədr olan zaman Culfada xəstəxana açılışına gələndə Əmir Məmmədovun qardaşının adına aldığı kinoteatrın xarabalıq binasını görüb. Sədr o zaman göstəriş verib ki, xarabalıq bina şəhərin görüntüsünü pozduğu üçün sökülsün, yerində şəhid ailələri üçün ev tikilsin.
Xarabalıq bina sökülüb, amma yerinə şəhid ailələri üçün bina yox, obyekt tikilib. Buna görə Əmir Məmmədov sənədləri Culfanın o zamankı icra başçısı Siyam Hacıyevə verib. Siyam Hacıyev də Vasif Talıbovdan razılıq alandan sonra xarabalıq sökülüb.
Əmir Məmmədov tikintiyə başlayandan xeyli müddət sonra sənədlərdə nöqsanlar olduğu məlum olub. Buna görə də prokurorluq tərəfindən araşdırma aparılıb. Həmin ərəfədə tikintidə bir fəhlə xəsarət alıb. Prokurorluqda işinin araşdırıldığını bilən Əmir Məmmədov polis rəsinin müavini olmuş şəxslə razılığa gələrək hadisənin başqa ərazidə olması ilə bağlı yalan məlumatları rəsmi sənədlərə qeyd ediblər. Bu işlərin üstü açılanda isə rəis müavini sərəncama götürülüb.
Tikinti üçün alınan sənədlərdə uyğunsuzluğun olması barədə Əmir Məmmədov sualları cavablandırarkən deyib ki, Vasif Talıbovun zamanında belə deyilmiş və icazəni yalnız icra hakimiyyətindən alırmışlar. Onun sözlərinə görə, hazırda rəsmi qurumlardan onlardan tələb edilən sənədlər Vasif Talıbovun zamanında tələb edilmirmiş. Buna görə də hazırda qarşılaşdıqları problemlər üzə çıxıb.
İş araşdırılan zaman o da məlum olub ki, obyektin tikintisi üçün 2024-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən Əmir Məmmədova 500 min manat vəsait ayrılıb. Lakin o, bu vəsaiti də səmərəli istifadə edə bilməyib. Əmir Məmmədov özü də bunu etiraf edib. Bildirib ki, prokurorluq tərəfindən problemlər yaradıldığından çətinlikləri başlayıb.
Əmir Məmmədovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayan zaman onun Rusiyada olan obyektinə bomba düşüb. Bu problem də onun maddi sıxıntılar yaşamasına səbəb olub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Əmir Məmmədova məxsus tikintidə iki işçi xəsarət alıb. İstintaq zamanı onlar dəymiş zərər ödənildiyi üçün şikayətçi olmayıblar.
Hökmə əsasən, Əmir Məmmədov şərti cəza alıb. Daşqın Ağayev isə islah işlərinə cəlb edilib.
İlkin Muradov
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ