Onlayn ictimai-siyasi qəzet
Xətai rayonu ərazisində, Çingizxan Kərimov küçəsində sahibsiz itlər sakinlərin rahatlığını pozur. Avtomobillərə, velosiped sürən gənclərə, əlində çanta işə tələsən qadınlara hürür, bəzən də sürü ilə ardınca düşürlər.
“Əlimizdə çubuq, cibimizdə daşla gəzirik. Uşaq məktəbə tək getsə, ürəyimiz ağzımıza gəlir. İtlər hər gün bir az da aqressivləşir”, - deyə bina sakini Təranə Məmmədova narazılığını bildirir.
Ardınca da əlavə edir ki, havalar qızındıqca, it qorxusuna ilan vahiməsi də qatışıb. Buna görə də itlərə münasibət dəyişib.
Sakinlərin itlərlə bağlı fikirlərində köklü dəyişiklik etməsinin olduqca maraqlı səbəbi var!
Sakinlər artıq sahibsiz itləri təhlükə yox, çarə kimi görməyə başlayıblar. Səbəb çoxalan ilanlar, onların yayılması ilə bağlıdır.
“Deyirlər, bu itlər ilanları boğur. Ona görə də daha it sürüsünün yığışdırılması üçün şikayət etmirik, susuruq…”, - Təranə Məmmədova belə deyir.
Sakinlər bildirirlər ki, parklar, boş ərazilər, hətta bina zirzəmilərində ilanların olacağından ehtiyat edirlər.
“Əvvəllər itlərdən qorxurduq. İndi isə ümidimiz onlardır. Bəlkə ilanlara qarşı nəsə edə bilərlər”, - deyə yerli sakin Vidadi Əhmədov deyir.
Şəhərin digər hissələrində, xüsusilə park və yaşayış komplekslərində ailələr ziddiyyətli hisslər yaşayır. Bir tərəfdən uşaqlara heyvan sevgisi aşılanır, digər tərəfdən isə sahibsiz və peyvəndsiz itlərin varlığı valideynləri təşvişə salır.
“Övladımıza heyvanları sevdirməyə çalışırıq. Amma itlər peyvəndsiz və nəzarətsizdirsə, biz onları necə qorxusuz sevdirməliyik?, - deyə 3 uşaq anası Lalə Orucova sual edir.
Ən dəhşətlisi isə budur ki, ötən il sahibsiz itlərin bir uşağı parçaladığı xəbərini əksəriyyət hələ də unutmayıb.
İtlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin və baytarlıq qurumlarının mövqeyi ya görünmür, ya da müəmmalı şəkildə susur. Halbuki, bu həm insan həyatı, həm də ictimai təhlükəsizlik məsələsidir.
İlanlarla bağlı vəziyyət isə daha bərbaddır. Sakinlərin sözlərinə görə, nə dezinfeksiya işləri aparılır, nə də maarifləndirmə. Kimin həyətinə ilan girsə, özü çarə tapmalıdır.
Mənzər NOVRUZLU,
İnarə HÜNBƏT
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ