İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük sülhə TƏHLÜKƏ 2026-ya keçir, Zəngəzur dəhlizi isə... – ABŞ-Rusiya son savaşı Ermənistanda olacaq?

Cəmi iki ay sonra 2025-ci il də tarixə qovuşacaq. Artıq aydındır ki, avqustda Ağ Evdə paraflanmış Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması 2026-a qalır. Çünki bu müddətdə nə qədər çeviklik olsa belə, kapitulyant ölkədə konstitusiya referendumu zaman etibarilə mümkün deyil.

Doğrudur, başa çatmaqda olan ildə iki qonşu arasında sülh prosesi xeyli dərəcədə irəli aparıldı. Sülh sənədi paraflandı. Zəngəzur dəhlizi və ya “Tramp marşrutu” (TRİPP) ilə bağlı ABŞ prezidenti Donald Trampın zəmanəti və imzası ilə yeni anlaşma-öhdəlik qəbul olundu. Dəhlizlə ilgili texniki məsələləri dəqiqləşdirmək üçün Birləşmiş Ştatlar hökumətinin nümayəndə heyəti Bakıda və İrəvanda oldu.

Həmçinin baş nazir Nikol Paşinyan bu həftə etdiyi çıxışlarının birində Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək yolun maneəsiz olması haqda öhdəlik götürdüklərini ilk dəfə açıq bildirdi. Bir növ öz xalqına profilaktik xatırlatma etdi. Habelə sərhədlərin delimitasiyası üzrə komissiyalar bir neçə dəfə toplaşdı.

Əlavə olaraq, qarşılıqlı etimad mühitinin gücləndirilməsi yönündə bəzi addımlar gerçəkləşdi, hətta ilklərə imza atıldı – erməni kəşfiyyatının rəhbəri Azərbaycanda, azərbaycanlı deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri isə İrəvanda oldular. Paşinyanın təyyarəsi bu il ilk dəfə Azərbaycan səmasından istifadə etdi. Bakı Ermənistana tranzit yük daşınmalarına qadağaları götürdü. Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdışının qeyri-real olduğunu, bu məsələnin qabardılmasının sülh prosesini poza biləcəyini öz cəmiyyətinə elan etdi və s...

Sadalananların hamısı şübhəsiz, pozitiv olaylardır. Ancaq əfsus ki, iki xalq arasında düşmənçilik səhifəsinin qapadılması üçün kifayət deyil. Çünki əsas problem – Ermənistan Konstitusiyasında, digər normativ-hüquqi sənədlərdə (Müstəqilik Bəyannaməsi və b.) ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəalar qalır.

Bunsuz isə nə sülh müqaviləsi, nə də böyük barışıq olacaq. Deməli, konflikti təzədən qızışdırmaq ümidi ilə yaşayan revanşist-radikal dairələr və onların xarici havadarlarının aranı qarışdırmaq üçün nəzəri şansı qalır. Söhbət ilk növbədə neo-imperialist maraqlarından əl çəkməyən Rusiyadan və ona bağlı qüvvələrdən gedir...

Azərbaycan əlbəttə, yenə gözləyə bilər. Hər halda sülh müqaviləsi ən çox Ermənistana lazımdır. Ona görə ki, yarım-blokada vəziyyətində yaşayan, dünya okeanına çıxışı olmayan, inkişafı Türkiyə və Azərbaycandan ciddi şəkildə asılı olan tərəf odur.

Dəfələrlə yazılıb, biz Paşinyan hökuməti ilə deyil, erməni xalqı ilə bütün zamanlar və hakimiyyətlər üçün legitim olacaq sülh sazişi imzalamaq istəyirik. Belə bir sənəd bölgədə digər pozitiv proseslərə (yolların və kommunikasiyaların açılması, Rusiyanın bölgədə “əl-ayağı”nın yığışdırılması və s.) də geridönməz xarakter və impuls verərdi...

Digər ciddi çatışmazlıq və ya neqativ budur ki, 2025-ci ildə də sərhədimizdə Aİ-ni “casus missiyası” davam etdi. Hansı ki, İrəvanın bəyan etdiyi sülh gündəmi ilə bir araya sığmır. Bundan da mühümü – rəsmi İrəvan yolların və kommunikasiyaların qaydaya salınması üçün faktiki heç nə etməyib. Halbuki Azərbaycan Zəngəzur dəhlizinin özünə aid hissəsində infrastruktur işlərini tamamlamaq üzrədir və uzağı, gələn ilin ortalarında bitəcək.

Qardaş Türkiyə də özünə aid seqmentdə işləri sürətləndirib. Ermənistan isə ona aid hissədə əlini “daşın altına qoymağa” tələsmir. Bu il də yalnız qulağa xoş gələn bəyanatlar eşitdik və eşidirik. Xüsusilə də dəmiryolunun inşası ilə bağlı tərpəniş yenə qeydə alınmadı. Axı buna əngəl olacaq heç nə yoxdur. Bu və digər səbəbdən Azərbaycan Prezidenti dəhlizin 2028-də açıla biləciyini söyləyib...

İddia oluna bilər ki, Paşinyan və komandasının başı daha çox parlament seçkiləri ərəfəsi Rusiyaya bağlı pozucu müxalifəti, keşişləri, ümumən revanşist ünsürləri neytrallaşdırmağa qarışıb. Ancaq bunlar bir-birinə mane olmayan proseslər. Üstəlik, 44 km-lik Zəngəzur dəhlizində avtomobil və dəmir yollarını salınması, körpülərin tikilməsi yoxsul erməni əhalidən ötrü yeni iş yerləri deməkdir.

Üçüncü yandan, daxildə köklü islahatlar aparmağa çalışan Paşinyan hökumətinin əndişəsi, “sağa-sola boylanması” haradasa həm də anlaşılandır. Siyasi müşahidəçilərə görə, gələn il Ermənistanda həlledici Qərb (ABŞ)-Rusiya toqquşması gözlənilir və bu, Cənubi Qafqazın taleyinə ciddi təsir göstərə bilər.

Bu toqquşmadan üzüağ və uğurla çıxmaq üçün bölgə xalqlarının, illah da Azərbaycan və Ermənistanın Türkiyə ilə birgə sinxron hərəkət etməsi son dərəcə vacibdir...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR