İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən böyük sosioloqumuz Mirzə Cəlil deyilmi?..  

Vaxtilə daha bir jurnalist həmkarımız (artıq rəhmətlik!) deyirdi ki, partiyamızda iki nəfərik, bir nəfər də tapılsa, mən partiyamızın məclisinin sədri ola bilərəm.

Təsəvvür edin, indi demək olar, partiyaların  95 faizi bu gündədir. O gün baxıram, yenə nəsə müzakirə edirlər.

Baxırsan, bilmirsən güləsən, yoxsa kənara çəkilib ürəyin boşalanadək ağlayasan?..

Çox-çox qədimlərdə şahlar oğullarının gözlərini çıxardardı, şahzadə oğullar hakimiyyəti ələ keçirmək üçün öz atalarına sui - qəsdlər təşkil edərdi, doğma qardaşlar hakimiyyət üstündə biri-birilə düşmən olardı...

Amma bunlar nə vaxt olub? Bir-iki ölkəni (o da tapılsa!) çıxmaq şərtilə, hansısa normal ölkədə daha belə şeylər qalıbmı?

Görmüsünüzmü ki, məsələn, ABŞ-da bir qardaş Demokratlar, digərisə Respublikaçılar partiyasının üzvü olsun?

Oralarda hətta hansı partiyaya səs vermək belə az qala, bir ailə ənənəsidir. Çox nadir hallarda bu ənənələr pozulur. Kiməsə bu, qeyri-demokratik görünə bilər. Mümkündür! Amma xalqları, cəmiyyətləri yaşadan, ən əsası konsolidasiya edən həm də ənənələrdir. Hansı ölkəyə baxırsan, orada ciddi siyasi vektorlardan biri də mühafəzəkarlardır, yəni  konservatorlardır.

Əksər ölkələrdə siyasi mübarizə əsasən üç vektor arasında gedir: liberallar, mühafizəkarlar, sosial-demokratlar. Onların adı müxtəlif ola bilər, amma dünya bu üç ideologiyanın savaş meydanıdır. Heç kim deyə bilməz ki, bunlardan yalnız biri doğru yoldur, qətiyyən belə deyil. Lap Nils Borun “əlavəlik prinsipi”ndə deyilən kimi: onlar biri - birini təkcə inkar etmir, həm də tamamlayırlar.      

İkicə məşhur ailənin siyasətini qeyd edəcəm burada. Kennedilər və Buşlar ailəsi. Böyük siyasətə baş qoşduqlarına görə 20-ci əsrdə Kennedilər qədər faciələr yaşayan ailə olmayıb. Mən şəxsən bilmirəm, haradasa oxumusunuzmu ki, bir qardaş Kennedi digər qardaş haqqında nəsə neqativ söz desin? Desəydilər, onlar dərhal ABŞ cəmiyyətinin gözündən düşərdi, çünki cəmiyyət sözdə yox, əməldə ailə dəyərlərinə önəm verir.

Zəhləm gedən ABŞ prezidenti kiçik Buş olub, bəlkə də subyektivdir, şəxsən mənə elə gəlirdi ki, onun ciddi psixoloji problemləri var. Amma gördünüzmü ki, o, bircə dəfə belə olsun, ata Buş haqqında nəsə neqativ söz desin?

Hətta jurnalistlər onu küncə dirəyəndə ki, de, görək, İraqa niyə görə hücum etdin, tutarlı arqument tapmayan kiçik Buş qayıdıb nə demişdi? “Səddam mənim atamı təhqir etmişdi!”..

Razıyam, bir az primitiv misaldır, prezident nədir, lap balaca uşağın cavabına oxşayır.

Amma söhbət mahiyyətdən gedir. Başqa necə ola bilər? Ata müqəddəsdir! Bunu Buşun sözünə görə demirəm. Ata pisdirsə, deməli oğul da pisdir: nəinki Amerikada, hətta bütün dünyada orta statistik adamlar (istəyirsiniz, onları lap “obıvatel”, nə bilim, meşşan adlandırın!) belə düşünürlər. Az adam tapılar ki, bir az fərqli düşünsün - ən demokratik ölkədə belə! Atalar prinsipcə, oğullardan imtina da edə bilər, amma oğullar edə bilməz, hara getsə, deyəcəklər filankəsin oğludur; axı bizim heç birimiz valideynlərimizi seçmirik…        

Bilirsiniz, hara gedirsən get, nə oxuyursan oxu, adam axırda yenə də köklərə qayıdır.

Allah xatirinə, deməyin ki, bu adam da özünü böyük şəxsiyyət sayır. Əstəğfürüllah! Amma ən adi adam, ən kiçik ziyalı insan daim hansısa mənəvi axtarışlarda olur. Özümüzü də belə kiçik adamlardan sayırıq.  

Qorkinin qəhrəmanı vardı: Klim Samqin. “Perestroyka” vaxtı onun bu əsəri ekranlaşdırılmışdı, az qala, serial çəkilmişdi: rus inqilabı və onu yaşayan, nə kənarda qala bilməyən, nə də baş verənlərdən baş açmayan, ətrafına heyrətdən bərəlmiş gözlərlə baxan kiçicik bir ziyalı...

Yeri gəlmiş, Leninin bir məşhur məqaləsi vardı: “L.Tolstoy rus inqilabının güzgüsü kimi”.

Sovet vaxtı tənqidi realizmin fundamenti sayılırdı bu. Humanitar ixtisaslara hazırlaşanlar, qəbul olanlar bunu xatırlalamalıdırlar. Belədəsə, yuxarı siniflərdə ədəbiyyat dərslərində hamımıza bunu da keçərdilər.

Amma Qorkini bir az oxuyandan, nəsə qanmağa başlayandan sonra şəxsən anladım ki, Lenin çox böyük qələt edib, rus inqilabının güzgüsü Tolstoy yox, Qorkidir.

Bunu niyə deyirəm? Azərbaycanın da güzgüsü böyük Mirzə Cəlildir. Hara üz tutursan –tut, yenə də axırda Mirzə Cəlilə qayıdacaqsan. Mən də bir ara özüm üçün çox “farmazonluq” edirdim: Kant belə gəldi, nə bilim, Freyd elə getdi! Axırda cavabları yenə də Mirzə Cəlildə tapdım.

Bəli, Azərbaycanın ən böyük sosioloqu Mirzə Cəlildir. Bu adam psixologiya nə olduğunu bilmirdi, etnoqraf deyildi, indiki kimi etno-psixologiyadan – filandan təsəvvürü yox idi, amma azərbaycanlıları hiss edirdi. Heç birimizdə hətta publisist kimi belə dərin hissiyyat yoxdur – min təəssüf ki, Tanrı bizə belə qabiliyyət verməyib!

Burada daha bir dostla söhbətim yadıma düşür. Onu həvəsləndirmək üçün deyirdim ki, bəs Mirzə Cəlil belə oldu, elə oldu. Amma o da pis cavab vermədi. Dedi ki, axı biz Mizə Cəlil də deyilik! Nə demək olardı? Acı həqiqətdir...  

Amma illərdir ətrafı seyr edəndə yadıma elə hey “Ölülər” və bir də “Dəli yığıncağı” düşür. Hətta oxucu kimi deyirəm: mənə həmişə elə gəlibdi ki,  iki əsər arasında yaxınlıq var.

Mümkündür ki, yanılıram, belədirsə, üzrlü sayın, hər halda, ədəbiyyatşünas deyiləm. Amma yaddaşım aldatmrsa, “Ölülər”in qəhrəmanları qohumlarının dirilməsini, “Dəli yığıncağı”nın qəhrəmanları isə onların ağıllanmasını istəmirdilər! Səhv etmirəmsə, beləydi.

Niyəsini bəlkə məndən yaxşı xatırlayırsınız. Ona görə də deyirəm ki, çox təəssüf, millətimizin başına gələnlər tək avamlıqdan yox, həm də “çoxbilmişlik”dəndir.

Əlbəttə, Novruzəli, Məmmədhəsən kimi avamları da olubdur bu millətin. Mirzə onları da görürdü. Amma bəla “Ölülər”dəki, “Dəli yığıncağı”ndakı “çoxbilənlər” idi. Bu gün də var onlar. Çalışın, özünüzü  qoruyun: “bəylik kağızı” almaq üçün nənki eşşəyinizi, hətta özünüzü də satarlar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR