İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuyucu toz yerinə duz satılır? – Azad İstehlakçılar Birliyi araşdırma tələb edir

Son günlər sosial şəbəkələrdə yuyucu toz markası “Ariel”lə bağlı müxtəlif şikayətlər yayılmaqdadır.

Musavat.com xəbər verir ki, istifadəçilərdən biri öz sosial media hesabında aldığı məhsuldan narazılığını yumoristik formada paylaşaraq diqqət çəkib. O, paylaşımında belə yazıb: “Ariel deyib almışıq, 10 kiloqram duz çıxıb. Kimin duza ehtiyacı varsa “Ariel”dən ala bilər. Əladır”.

Paylaşım sosial şəbəkələrdə sürətlə yayılıb və bənzər vəziyyətlə üzləşdiyini deyən digər alıcıların da reaksiyasına səbəb olub.

Başqa bir xanım isə daha ətraflı şəkildə yaşadığı problemi ictimailəşdirib. O, çəkdiyi videoda aldığı yuyucu tozdan istifadəni nümayiş etdirərək ciddi narazılığını bildirib. Videoda bir qaşıq yuyucu tozu suya töküb qarışdırır və suda həll olmayan iri dənəcikləri əlində göstərərək bunun duz olduğunu iddia edir. O, dadına da baxaraq duz dadı gəldiyini təsdiqlədiyini deyir. Şikayətçi qadın videoda izləyicilərə belə xəbərdarlıq edir:

“Baxın, aldanmayın! Bizə duz satırlar”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlama verib.

O bildirib ki, bir neçə il əvvəl quru sərhədlər açıq olan dövrdə Gürcüstandan gətirilən saxta “Ariel” yuyucu tozlarının satışını araşdırıb və qarşısını alıblar.

“Lakin indi də Sədərək bazarında iri torbalarda belə məhsulların satıldığını görürük. Bunlar standartlara uyğun olmayan mallardır. Təkcə yuyucu keyfiyyətinin zəifliyi ilə deyil, əllə və paltarla təmasda dəri qaşınmaları, qızartılar kimi xoşagəlməz hallara da səbəb ola bilər”, – deyə Eyyub Hüseynov vurğulayıb.

Sədr qeyd edib ki, bəzi dünya brendləri bazarlarını qorumaq üçün yerli mediayla iş aparmır, nəticədə bazarda saxta və keyfiyyətsiz mallar geniş yayılır:

“Çox təəssüf ki, dünyaca məşhur brendlər bazarlarını qorumaq üçün media ilə heç bir iş görmürlər. Bazar nə qədər çirklənsə də susurlar. Bəzən firmaların özlərinin də bu işdə əlləri olur. Standartlara uyğun mallarla yanaşı uyğun olmayanları da satışa çıxarırlar”.

Eyyub Hüseynov onu da əlavə edib ki, belə hallarda məhsulun maya dəyərinin süni şəkildə aşağı salınması və ya rəqabətdə olan şirkətlərin, şirkətin işdən çıxarılan işçilərin məqsədli fəaliyyəti də rol oynaya bilər.

İstehlakçılara tövsiyə olaraq o bildirib ki, belə məhsulları alarkən qablaşdırmanın möhkəm bağlanmasına, etiketin düzgün yazılmasına diqqət etsinlər və üzərində “qaynar xətt” nömrəsi varsa, həmin xidmətə müraciət etsinlər. Hüquqlarının pozulduğunu düşünən vətəndaşlara isə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq şikayətlərini bildirməyi məsləhət görüb.

“Bütün hallarda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (012) 599-76-00 nömrəsi ilə əlaqə saxlayıb hüquqlarını qorumağı tələb etsinlər”, – deyə Eyyub Hüseynov bildirib.

Mənzər Novruzlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR