İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdabda qız qaçıran şəxs həbs edildi, Sabirabadda isə...

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı qızın qaçırılması hadisəsi baş verib. Bunda məqsəd iradəsinin əleyhinə olaraq həmin qızla evlənmək olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xdmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı polis şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub. Oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Sabirabadda isə 15 yaşlı qızın qanunazidd olaraq ərə verilməsinin qarşısı alınıb. 

Bəs qanunların sərtləşdirilməsinə, aparılan maariflənmə işlərinə rəğmən, bu faktlar niyə azalmır?

Ölkədə ən çox kişilər iş tapmır - səbəb

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq hesab edir ki, cərimələrə və Cinayət Məcəlləsinə bir qədər də sərt yanaşma olmalıdır: “Çünki bəzən vətəndaşlar bu qanundan tam xəbərsiz olur və hüquqi məsuliyyətlərin fərqinə varmadan hərəkət edirlər. Demək, bu məsələdə iki paralel istiqamət götürülməlidir: birinci növbədə qanunlar sərtləşdirilməli, ikinci növbədə isə vətəndaşların, xüsusilə də yeniyetmələrin, gənclərin və valideynlərin mövcud qanunlar barədə əhatəli şəkildə məlumatlandırılması təmin edilməlidir.

Bu məlumatlandırma, sadəcə, formal bir kampaniya şəklində yox, ardıcıl, planlı və davamlı olmalıdır. Orta məktəblərdə, ali təhsil müəssisələrində hüquqi maarifləndirmə dərslərinin təşkili vacibdir. Həmçinin sosial çarxlar, televiziya proqramları, radio verilişləri və sosial media platformalarında maarifləndirici materialların yayımlanması mütləqdir. İnsanların gündəlik həyatında belə mesajlarla qarşılaşması onların şüurunda bu məsələnin vacibliyini möhkəmləndirə bilər".

Sosioloq qeyd edib ki, bəzən cəmiyyətdə belə bir yanlış düşüncə formalaşır ki, əgər uşaq özü könüllü razılıq veribsə və yaxud arzuolunmaz hamiləliklə rastlaşılıbsa, artıq barışığa gedilməlidir, halbuki bu, humanist yanaşma adı ilə qanunsuzluğu leqallaşdırmaq deməkdir: “Belə yumşaq yanaşmaların qarşısı alınmalıdır. Çünki qanunların yumşaq tətbiqi gələcəkdə daha ağır fəsadlara yol aça bilər. Yeniyetmə və gənclər öz hüquqlarını bilmədikdə, çox vaxt səhv qərarlar verir və bunun nəticələrini də ağır formada yaşayırlar.

Bu məsələdə xüsusilə qız uşaqlarına diqqət yetirmək lazımdır. Orta məktəblərdə onların təhsilə, elmə, karyeraya marağını artırmaq üçün xüsusi layihələr hazırlanmalıdır. Yaxşı olardı ki, müxtəlif sahələrdə uğur qazanmış qadınların məktəblilərlə görüşləri təşkil olunsun. Uğur hekayələri qız uşaqları üçün motivasiya rolunu oynayar. Onlar görərdilər ki, nümunə götürə biləcəkləri qadınlar var və həyatda uğur qazanmağın yolu yalnız təhsildən, zəhmətdən keçir. Bu, onların gələcəkdə yeniyetmə yaşında düşünülməmiş addımlar atmasının qarşısını ala bilər.

Eyni zamanda oğlan uşaqlarının da maarifləndirilməsi mühümdür. Onlar anlamalıdırlar ki, qız qaçırmaq, sadəcə, adət deyil, hüquqi müstəvidə bu, adam oğurluğu hesab olunur və çox ciddi məsuliyyət daşıyır. Əgər cəmiyyətin gənc nəslinə bu düşüncə aşılanmasa, köhnə ənənələrin təsiri altında qanunsuz halların davam etməsi mümkündür".

Üzeyir Şəfiyev vurğulayıb ki, bu məsələdə təkcə təhsil müəssisələrinin deyil, həm də müvafiq icra strukturlarının fəallığı vacibdir: “Yerli icra hakimiyyətləri, məktəblər, qeyri-hökumət təşkilatları, eləcə də mətbuat birgə fəaliyyət göstərməlidir. Xüsusilə hansı bölgələrdə bu hadisələrin daha çox baş verdiyi müəyyənləşdirilərsə, həmin ərazilərdə hədəfli maarifləndirmə tədbirləri aparılmalıdır.

Müşahidələr göstərir ki, əvvəllər qız qaçırma cəmiyyətdə bir adət kimi qəbul olunurdu. Hətta ailə qurmağın bir forması idi. Tərəflər ya toy vasitəsilə ailə qururdular, ya da imkanları olmadıqda “qoşulub qaçma” yolu seçirdilər. Bu, ənənəvi cəmiyyət dövründə müəyyən mənada başa düşülən hal idi. Amma bu gün biz dünyəvi dövlətdə yaşayırıq, hüququn aliliyini qəbul etmişik, uşaq hüquqlarını beynəlxalq konvensiyalar səviyyəsində qoruyuruq. Bu səbəbdən, köhnə adətlərin indiki şəraitdə davam etməsi yolverilməzdir.

Azərbaycan Respublikasının qanunvericiliyi bu məsələdə kifayət qədər sərtdir. Əgər 16 yaşdan aşağı olan yeniyetmə nikaha məcbur edilirsə, bu, Cinayət Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq məsuliyyət doğurur. 18 yaşa qədər məcburi nikah, hətta 18 yaşdan sonra belə zorla nikaha cəlbetmə Cinayət Məcəlləsinin 176-cı maddəsi ilə məsuliyyətə səbəb olur.

Təəssüf ki, real həyatda bəzən görürük ki, qızı zorla qaçıran şəxslər və yaxud erkən nikaha cəlb edənlər, qız hamilə qaldıqda valideynləri barışığa razı salırlar. Bu isə digər gənclər üçün pis örnək olur. Cəmiyyətin “onsuz da sonradan barışırlar” yanaşması başqa ailələrdə də eyni halların baş verməsinə zəmin yaradır".

Sosioloq vurğulayıb ki, 1 iyul 2025-ci ildən yaxın qohum evliliklərinə qoyulan qadağa ilə yanaşı, erkən yaşda nişanlanmaların da qanunsuz elan edilməsi mühüm addımdır: “Artıq bu da erkən nikaha cəlbetmə kimi qiymətləndirilir və ciddi məsuliyyət yaradır. Əgər müəyyənləşsə ki, valideyn övladını iradəsinə zidd olaraq erkən nikaha cəlb edib, bu halda valideyn həm İnzibati Məcəllə, həm də Cinayət Məcəlləsi ilə cəzalandırılır. Hətta valideynlik hüququndan məhrumetməyə qədər tədbirlər nəzərdə tutulur. Əgər valideyn övladını daha sərt üsullarla məcbur edibsə, bu halda övlad valideyndən alınaraq sosial xidmətə verilə bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR