Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan cəmiyyətində baş verən son prosesləri şərh edərkən bildirib ki, ermənilər hələ də reallıqla üzləşmək istəmirlər və illüziyalar içində yaşayırlar.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ermənistan cəmiyyəti hələ də 2020-ci ilin və 2023-cü ilin hadisələrini düzgün dəyərləndirmir:
“Erməni cəmiyyəti illüziyalar içində yaşayır. Onlar düşünürlər ki, guya ərazilərini itiriblər. Amma əslində Azərbaycan sadəcə olaraq öz qanuni torpaqları üzərində suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Qarabağ Ermənistana məxsus olmayıb və bu ölkə bizə heç nəyi könüllü şəkildə qaytarmayıb”.
Zülfüqarov qeyd edib ki, Ermənistan daxilində hazırda mürəkkəb bir proses gedir və xalq reallığa qayıtmaq məcburiyyətində qalacaq:
“Hazırda Ermənistanda mürəkkəb bir proses gedir, xalq reallığa qayıtmalıdır. Amma ermənilər psixoloji cəhətdən bu reallığı qəbul etməyə hələ hazır deyillər. Cəmi iki milyon əhalisi olan bir ölkə nə Türkiyəyə, nə də Azərbaycana nəsə diktə edə bilər”.
Sabiq nazir həmçinin Ermənistan rəhbərliyinin, xüsusilə baş nazir Nikol Paşinyanın davranışını da səmimi hesab etmir:
“Bu, həmin Paşinyandır ki, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Əgər təzyiq olmasaydı, hələ də həmin mövqedə qalardı. Azərbaycan ordusunun əməliyyatları tarixi ədaləti bərpa etdi”.
Zülfüqarovun sözlərinə görə, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yalnız hərbi deyil, həm də siyasi və tarixi baxımdan mühüm nəticə doğurub - ölkənin ərazi bütövlüyü bərpa olunub, Cənubi Qafqazda yeni reallıq yaranıb.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ