Свобода людям, независимость нациям!

Balaca işlər

Üzeyir bəyin (başa düşürəm, artıq bu məqamda “Hacıbəyli” də yazmağa məcbur olacağımız epoxaya düşmüşük) çox ünlü felyetonlarından birində xalqımızın nə cür işlər gördüyündən bəhs edilir. Deyir, başqa xalqlar siçan boyda iş görəndə, biz birbaşa fil boyda iş görmək istəyirik, alınmır, keçirik daha balaca işlərə. Dəvə, it-pişik-filan... Lakin onları da yarıtmırıq, axırda məcbur siçan boyda iş görmək istəyəndə pişik çıxır, onu happ eləyir.

Proqram kimi yazıdır. Hər işi buna əsasən görsək bəlkə böyük uğurlar qazanarıq. Məsələn, siyasətdə bələdiyyə seçkilərindən başlamaq kimi. Çox da siyasətə qarışmıram, ona görə izah eləmirəm, anlayan anladı.

Mini futbol üzrə dünya çempionu olmağımız da həmin “mini-işlər” konsepsiyasına uyğun gəlir. (Hərçənd burada da maraqlı faktlar var, məsələn, qəribədir ki, Bakıdakı dünya çempionatında Braziliya, Argentina, İspaniya, Almaniya-filan kimi klassik futbol divləri yox idi. Yəqin seçmə mərhələsində ələniblər. Başqa nə yazmaq olar?) Yekə futbol üzrə milli komandamız FİFA reytinqində arxa sıralarda sürünərkən mini futbol komandamızın dünya çempionu olmağı bir az paradoksal, kontrastlı görünsə də, həyatda hər şey mümkündür. Ağ Partiya keçən dəfə az qalmışdı parlament seçkisini udsun. Bakıda üç gün qum fırtınası oldu, özümü bədəvi hiss eləməyə başlamışdım. Qarışqa ən balaca canlıdır, lakin özündən 20 dəfə ağır yükü daşıyır. Bunu təsəvvür eləməyiniz üçün 70 kiloluq bir adamın 1 ton 400 kilo ağırlıq qaldırmağını düşünün. Naim Süleymanoğlu öz ağırlığının 3 qatını qaldırıb dünya və olimpiya çempionu olmuşdu.

Sözgəlişi, burada bir hədisin yeridir. Deyir bir gün molla məclisdə nəql edir ki, İmam Hüseyn qoşunla şəhəri mühasirəyə aldı, kafirlər təslim olmaq istəməyəndə qurban olduğum imam çeçələ barmağını keçirtdi şəhər darvazasının altına, darvazanı çıxarıb atdı, qoşun varid oldu şəhrə. Halbuki darvazanın hər tayı 250 ton ağırlığında imiş. Rəhmətliyin məslisdəki qahımlarından biri dərddən başını itiribmiş, ona görə mollaya sual edir: “Molla əmi, bəs o darvazanı petləyə kim keçirmişdi?”

Əlhəmdüllah, vaxtaşırı belə dini savadlandırmaya ehtiyac vardır. Qayıdaq mövzumuza.

Mövzu isə balaca işlərdir. Xırda-xırda, bala-bala işlər görsək regionların inkişaf proqramında da uğurlara imza atarıq. Yoxsa birdən görürsən kimsə nəhəng avtomobil zavodu tikir, o da yarımçıq qalır. Bəyəm təkərdən, partbiresdən, nə bilim, tormoz tutacağından başlamaq olmazmı? Bunların zavodunu aç, sonra keç maşının özünə.

Tumanımız yoxdur, şalvar fabriki açırıq. Quzunu yeyib zebu saxlayırıq. Qatar Bakıdan Gəncəyə təyyarə qiymətinə gedir, əvəzində hər rayonda beynəlxalq hava limanımız var.

Hələ sovetin vaxtında Hacıqabulda atom elektrik stansiyasının bünövrəsi qazılmışdı. Camaatın xəbəri yoxdur, Çernobıl qanımızın arasına girdi, az qala tikəcəkdilər. Nəyə gərək? Bu yaz sel gəldi, Hacıqabulu yudu apardı, bir kişi deyirdi ki, iki uşağımdan xəbərim yoxdur, özü də armud ağacının budağından sallaşıb intervü verirdi, ümid edirəm indiyəcən uşaqları tapılmış olar. İndi təsəvvür edin ki, sel gəlib AES-i yuyardı... Allah göstərməsin. Biz gərək alternativ enerji, külək dəyirmanı, təzək stansiyalarından başlayaq.

Hətta mənə elə gəlir ki, mini futbolda bir qədər tələsdik. Gərək futzaldan başlayıb dünya çempionu olardıq. Təkqapı üzrə Avropa çempionu olmaq da yaxşı inkişaf vəd edirdi. O cümlədən, yaxşı, bacarıqlı uşaqlar var, bütün günü kompüter salonunda PES oynayırlar. Lazım idi öncə PES üzrə dünya çempionu olmaq... Çünki indi bizim mini çempionluq əsas futbol komandamıza dünya çempionu olmağa əngəl törədəcək. Hamı bizə ehtiyatlı yanaşacaq. Dünən Messi pörtmüşdü, hamımız gördük... 

Yazını isə şairin misraları ilə bitirirəm: “Mən böyüyə bilmədim, xırdadan-xırda qaldım, Öküz zəhməti çəkdim, yenə axırda qaldım”. Dərin mənası var, bilənlər bilməyənlərə izah eləsin, mənim böyük işlərim çıxdı.

Нет комментариев

Новости автора