Свобода людям, независимость нациям!

Ermənistanda hər an nəsə baş verə bilər – Paşinyan Kremlin planını pozub  

Ölüm-qalım seçkilərinə bir il qalmış Nikol Paşinyanın təmizləmə əməliyyatında başlayıb.  Baş nazirin sərəncamı ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib. 44 günlük İkinci Qarabağ müharibəsinin sonuncu günü - 8 noyabr 2020-ci ildə milli təhlükəsizlik xidmətinə rəhbər təyin olunan Abazyanın səlahiyyətləri müvəqqəti olaraq MTN direktorunun müavini Andranik Simonyana həvalə olunub.

Nikol Paşinyan hər dəfə təmizləmə işlərinə təhlükəsizlik xidmətindən başlayır, bundan əvvəlki kritik dönəmlərdə də anoloji addımlar atmışdı, hətta özünü mühafizə edənləri də “təpədən-dırnağadək” dəyişmişdi. Ermənistanın baş naziri bilir ki, gələnilki parlament seçkiləri onun üçün həlledicidir. Seçkilərdə uduzarsa, tifağı dağıdılacaq, qanına yerikləyən radikalların hakimiyyəti qəsb etməsi halında həbs qərarı belə onun üçün çox yüngül cəza olaraq seçilə bilər. Paşinyanı hər an qətlə yetirməyə hazır olan, adını “müxalifət” qoyan terrorçular var, üstəlik də Üçkilsədə - Eçmiədzində marıta yatan keşişlər prosesi diqqətlə izləyirlər, hərəkətə keçmək üçün fürsət axtarırlar.

Amma Nikol Paşinyan İkinci Qareginin dəstəsinin də yaxasını əlindən buraxmaq niyyətində olmadığını elə bu gün, 18 iyunda bir daha sübut etdi. Ermənistanın baş naziri ötən həftə ona boy göstərməyə çalışan katalikosun bu posta uyğunsuzluğu barədə sosial şəbəkə hesabında post paylaşıb. Bildirib ki, hər bir subay kahin qurbangahın qarşısında diz çökərək and içir və mərasimin sonunda nəzir mətni imzalanır.

Paşinyan yazıb ki, müqəddəs qurbangah önündə and içən şəxs subay kahinlik andını müqəddəs şəkildə yerinə yetirəcəyinə, Erməni Apostol Müqəddəs Kilsəsinə, Müqəddəs Eçmiədzin ana taxtına xidmət edəcəyinə and içir. Andın davamı da var: “İkincisi, pravoslav atalar tərəfindən bizə verilən doktrinanı qorumaq, onu kilsəmizin ənənəvi inancına uyğun olaraq qorumaq və öyrətmək. Üçüncüsü, ömrünün sonuna qədər Müqəddəs Eçmiədzinin ana rahibində qalmaq, patriarxallıqdan çəkinmə qaydalarına, könüllü yoxsulluğa müqəddəs şəkildə riayət etmək, dini ayıqlıq və itaət, özündən imtina etmək və müqəddəs ataların qoyduğu qaydalar çərçivəsində qalmaq. Dördüncüsü, fəzilətli həyat sürmək və nümunəvi davranış, kilsə ibadətlərini sədaqətlə yerinə yetirmək, monastır nəzirlərinin qaydalarına tam itaətlə əməl etmək, öz mənəvi həyatının inkişafı üçün daim çalışmaq və qabiliyyəti imkan verdiyi qədər özünü elmi, ədəbi və təhsil işlərinə həsr etmək, yəni bütün ermənilərin patriarxının əmrlərinə tabe olmaq, tapşırılan vəzifə və işləri sevgi və zəhmətlə yerinə yetirmək.

“Bu vədlərimin qarantiyası olaraq bu andı imzalayıram”. Subaylıq andının pozulması, subay din xadimindən imtina edilməsi üçün mütləq şərtdir. Çoxlarının əhdin pozulduğunu bildiyi, lakin susduğu vəziyyət Erməni Apostol Müqəddəs Kilsəsinin təməllərini sarsıtmaq üçün birbaşa yoldur”.

Nikol Paşinyan daha sonra niyə məhz indi katalikosun andını pozduğunu açıqlamasına aydınlıq gətirib: “Düzünü deyim ki, uzun müddət şayiələrə, dedi-qodulara inanmırdım, amma indi bunu dəqiq və aydın bildiyim üçün bu barədə susmaq küfr, kilsəmizin təməllərini sarsıdanlarla ortaqlıq olardı. Dindarlıq andını pozanların, bu halda Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin adı) və Samvel Xaçatryanın (arxiyepiskop Arşak Xaçatryanı nəzərdə tutur) faktiki sübut olunmuş hallarda Eçmiədzinə, Müqəddəs Erməni Apostol Kilsəsinə əlləri ilə erməni ziyarətgahlarına toxunmaq hüququ yoxdur”.

Paşinyan əlavə edib ki, hələ Qareginin ağlamalı günləri qabaqdadır: “Yaxın gələcəkdə mən də bu məsələnin üzərində ətraflı dayanacağam”.

Göründüyü kimi, Paşinyan Qareginlə də kifayətlənmir, ona digərlərini də qoşur, məsələn, Xaçatryanı. Rusiyaya bağlı kimlər varsa, hamısının “torbası tikilir”, məqamı çatanda torbanın ağzı çəkiləcək.

Yeri gəlmişkən, Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində cinayət işi başlanıb. “Tashir Group” şirkətinin sahibi Karapetyan saxlanılaraq İstintaq Komitəsinə təhvil verilib. İyunun 18-də, gecə saat 3 radələrində iş adamı Samvel Karapetyan evinin qarşısında saatlarla onu gözləyən tərəfdarlarına “Unutmayın, onlara yaxşı dərs keçin” çağırışını edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu malikanəsindən aparıblar, ardınca da 45 etirazçı saxlanılıb. Saxlanılanların içərisində “Respublika”çı keçmiş deputat Karen Karapetyan və oğlu da olub, “qulaqları burulandan” sonra sərbəst buraxılıblar.

Bütün bunlar bir daha təsdiqləyir ki, Paşinyan onun əleyhinə çıxan, yaxud çıxa biləcək hər kəsin ağzını yummaq tapşırığı verib və dərhal da icra olunur. Xüsusilə də Rusiya ilə bağlantısı olan hər kəs nəzarət altındadır, cızığından çıxanlar dərhal damlanır. Nikol Paşinyan anlayır ki, şirkət rəhbəri olan milyonçu Karapetyan onun hakimiyyətinə təhlükə yarada bilər, yaxud artıq yaradır, ona görə də onun neytrallaşdırılmasına qərar verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu hadisəyə hələ Karapetyan həbs olunmamışdan sərt reaksiya verərək deyib ki, Moskva İrəvanda qəribə bəhanələrlə az qala həbs olunacağı ilə hədələnən Rusiya vətəndaşı Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir: “Biz ona lazımi yardımı göstərəcəyik ki, onun bütün qanuni hüquqlarına əməl olunsun”.

İrəvanın bir qrup sakini Samvel Karapetyanın axtarış aparılan evinin önünə toplaşması da sanksiyaya təsir göstərməyib. Erməni Apostol Kilsəsinin (AAK) müdafiəsi ilə bağlı çıxış edən Karapetyanın evində axtarışlar aparılıb və çox güman ki, istintaqda hansısa planlar açıqlanacaq.

Bundan əvvəl Paşinyan ona hədə-qorxu gəlməyə çalışan Serj Sərkisyanın, həmçinin Moskvada gizli görüşlər keçirəndən sonra dili uzanan Robert Köçəryanın da köhnə cinayət işlərinin masaya qoyulması, Seyran Ohanyanla bağlı istintaqın başladılmasını, Samvel Şahramanyanın da məsələsinə qayıdılmasını tapşırmışdı və atəş açıla biləcək nöqtələrdə sakitlikdir. Hətta Qareginlə görüşüb, ona dəstəyini ifadə edən Levon Ter-Petrosyan da yoxa çıxıb. Rusiya vətəndaşı olan iş adamının həbsi isə başqa məsələdir. Kremlin məsələyə dərhal reaksiya verməsi ortada hansısa planın olmasına dəlalət edir. Hətta Milli Təhlükəsizlik şefinin belə bir durumda işdən çıxarılması bu qurumun Paşinyana qarşı planları vaxtında de-şifrə edə bilməməsi, yaxud etməməsindən qaynaqlana bilər. Şübhə yoxdur ki, Ermənistan rəhbərliyi Qərbə bağlı kəşfiyyat xidmətinin təlimatları, əldə etdikləri məlumatlar əsasında hərəkət edir. Paşinyanı Qərb kəşfiyyatı qoruyur, hətta Ermənistan kəşfiyyatından və milli təhlükəsizlik xidmətindən də.

Bu, sadəcə Ermənistandakı seçkilər məsələsi deyil. Gələn il Paşinyan komandasının devrilməsi Ermənistanda möhkəmlənməyə çalışan Qərb maraqlarının dəfni demək olar. O halda Avropa İttifaqı, ABŞ ilə imzalanan sənədlər də zibil qutusuna atılacaq. Paşinyanı əvəzləyəcək parlaq fiqur olmadığı üçün Qərb çevrələri hələ də onun üzərində dayanıblar. Rusiya təhlükəsini yaxşı anlayan Nikol Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda qalacağını və rus ordusunu çıxartmaq niyyətində olmadığını desə də, Moskvada əsl məqsədi yaxşı bilirlər.

Sergey Lavrovun İrəvandakı xəbərdarlıqlarından bir nəticə hasil olmadı, Paşinyan inadından dönmür. İstisna deyil ki, Kreml Paşinyan üçün “B” planını işə salacaq. Rusiyalı iş adamının Ermənistandakı seçkilərdə əsas fiqur, yaxud kassa rolunu oynadığı şübhəsizdir. Rusiyada hesab edirlər ki, Paşinyan planı pozub və cəzalandırılmalıdır! Kremlin qırğılarından olan “Russia Today”in baş redaktoru Marqarita Simonyan Ermənistan hökumətinin Rusiyada yaşayan erməni əsilli oliqarx Samvel Karapetyanın saxlanması ilə bağlı hərəkətlərinə sərt və aşağılayıcı reaksiya verib. “Tamamilə azğınlaşıb. Elə bil ölməzdir. Diqqətli ol, necə deyərlər, sabah bir şeylə – özü də ağzında çox xoşagəlməz bir şeylə – qalmayasan”, Simonyan yazıb.

Ardınca digər “qırğı” teleaparıcı Vladimir Solovyov “Rossiya 1” efirində Paşinyanın ünvanına təhqirlər yağdırıb və Ermənistanın da taleyinin “artsax” kimi olacağını deyib. Ermənistanda hər an nələrsə baş verə bilər...

Нет комментариев