İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadının sərvəti bədəni imiş - Zamin Hacı YAZIR...

Səmimi etirafla, dərhal yazıya girmək istəyirəm: mən xalq şairimiz Nəriman Həsənzadənin heç vaxt oxucusu olmamışam. Bilmirəm hansı səbəbdən. Yəni, burada hər hansı zövq-filan söhbəti yoxdur. Ona qalsa dünyada və Azərbaycanda zövqümü oxşayan və oxşamayan yüzlərlə şairi oxumuşam. Nəsə, hansısa qəribə təsadüf üzündən yoldaş Həsənzadənin əsərləri rastıma çıxmayıb.

Bəs bu amil Nəriman müəllimin xalq şairi olmağına hər hansı kölgə salırmı? Salmır. Biri az, biri çox. Maşallah, onsuz son illər uca millətimiz heç kimin kitabını oxumur. O cümlədən, xalq şairi, xalq yazıçısı, xalq artisti istehsalında dünya üzrə öncül yerdəyik, hər 100 nəfərimizə bir “xalq” düşür. Bəzən hansısa xalq artisti xəstələnir, rəhmətə gedir, bunun titulunu qəzetçilər başlığa çıxarırlar, sən də girib baxırsan, görürsən ilk dəfədi belə adamı tanıyırsan.

Əlbəttə, mən şəxsən həmişə bu kimi hallarda günahı ilk növbədə özümdə görürəm. Xalqdan ayrı düşdüyüm üçün onun xalq artistlərini, xalq şairlərini tanımadığım qənaətinə gəlirəm. Sanki uzun illər hardasa Sakit okeanda, kimsəsiz adada Robinzon kimi yaşamışam, qəfil, misal üçün, COP-29 tədbirində iştirak məqsədiylə Azərbaycana gəlmişəm və birdən qabağıma hansısa xalq artisti çıxıbdır.

Sözgəlişi, bilmirəm əziz oxucularımız bu detala fikir veribmi: bizdə “xalq” titulu, fəxri adı ilə mükafatlandırılan peşələr, sənətlər arasında ancaq şair, yazıçı, artist və rəssamlar var. Bəs, misal üçün, rejissorlar? Bəstəkarlar? Həkimlərə uzağı əməkdar həkim adı verilir, burda dayanılır. Niyə kimsə xalq həkimi adı almır? O cümlədən, xalq jurnalisti, xalq mühəndisi, xalq prokuroru, xalq rəisi və sairə adlar olmağa məhkumdur. Məntiq bunu tələb edir. Hesab edirəm Milli Məclis bu təkliflərimə baxmalıdır. Mənim özümə də arada xalq köşə yazarı adı verilsə bəlkə qəbul edərəm. Çox əmin deyiləm, hərçənd. Bu haqda fikirləşməliyəm.

Nəsə, köhnə kişilər kimi söhbəti çox uzaqdan fırlatdıq, nəhayət qayıdıram girişdə yazdığım cızmaqaraya. Nəriman Həsənzadə adlı xalq şairimizin varlığı bugünlərdə mənə agah oldu, çünki Nəriman müəllim hansısa azara mübtəla imiş, xəstəxanada əməliyyat edilib, evə buraxılıb və sairə. Uzun ömür, can sağlığı diləyirəm. İnşallah, xalqına bundan sonra da yeni əsərlər bəxş eltsin. Mən isə okeandakı qamış komama qayıtmazdan öncə öz-özümə dedim ki, ayə, axı sən niyə bu şairin əsərlərindən tapıb oxumayasan, maşallah, internet imkanları da vardır, əski zamanlardakı kimi kitabxanaya gedib orda çalışan beli şallı nənələri incitmək lazım gəlmir. Belə də etdim. Kaş etməyəydim.

İnternetdə önümə təxminən “Nəriman müəllimin məşhur şeirləri” adlı başlıq çıxdı, açıb gördüm orda xalq şairimiz yazır:

Pəncərəm önündə sular çağlayır,

Xal düşür gecənin aydınlığına.

Qollarım üstündə bir qız ağlayır,

İnana bilməyir qadınlığına.

Bu bəndi çox izah etməyə ehtiyac yoxdur, oxucularımız özü temanı anlamışdır. Müəyyən mənada erotik və cəsarətli şeirdir. 90-cı illərdə bizdə belə yazılar çap edən qəzetlər var idi. Alqışlamaq da olar. Lakin eyni şeirin başqa yerində şair yazır:

O ən müqəddəsdi, ən mədənidi,

Bəşər nəslimizə o həyat verir.

Qadının sərvəti - öz bədənidi,

Onu da kişiyə mükafat verir.

Vay-vay... Məncə, bu cür şeirlər ölkəmizdə qadın siyasətinə tamamilə ziddir. Qadının bədənindən başqa sərvəti yoxmuş. Əcəb müqəddəslikdir, o ünlü qaqaş demişkən, sənin qəzəlinə... Belə xalq şairi olan xalq haqqında başqa xalqlar necə fikirləşər? Ailə-Qadın-Arvad-Uşaq Komitəsi hara baxır? Niyə tədbir görülmür? Nə üçün şair ekrana çıxıb Azərbaycan qadınlarından üzr istəmir? Bədənini kişilərə mükafat verən qadınlar varsa, kişilər qadınlara nə verir? Yoxsa bu, sponsor “həcilər” haqda uzaqgörən poeziyadır?

Şükür. Nə yaxşı mən indiyəcən bu şairi oxumamışam. Necə deyərlər, poe(ziyanın) yarısından qayıtmaq da xeyirdir.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025