İnsanlara hürriyət, millətlərə istiqlal!

“... ölkəyə buraxmayıblar” - vaxt vardı, adı “qara siyahı”da olanları güllələyirdilər

Son illərdə postsovet ölkələrdə bir ənənə yaranıb: hansısa başqa bir ölkənin ictimai-siyasi xadimi, sənətçisi, idmançısı, bir sözlə, tanınmış siması ölkə haqqında publik şəkildə yaxşı-yaman nəsə deyirsə, onu “arzuolunmaz şəxs” elan edir, “qara siyahı”ya salır, həmin ölkəyə girişini yasaqlayırlar.

Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması hadisəsi bu kateqoriyadandır. Rusiya tərəfi bu qərarı deputatın “anti-Rusiya və rusofob xarakterli fikirlər” səsləndirməsi ilə əsaslandırıb.
Əslində məhz elədir və bunu “Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş siyasətin tərkib hissəsi” kimi tövsif etməyə ehtiyac yoxdur. Bir şeyi düşünək ki, Rusiya Badamovun bir xeyli həmkarına orden-medal verib və verməkdədir, amma onu ölkəyə buraxmır. Çünki orden-medal alanlar Rusiyaya qarşı pis söz deməyiblər, əksinə, yeri gələndə ona qahmar çıxıblar, Badamov isə açıqlamaları ilə, necə deyərlər, “özünü yandırıb”.

Bizə qarşı danışanları çox vaxt “anti-Azərbaycan qüvvələr” və ya “ermənipərəstlər” adlandırmırıqmı? Ruslar da onlara qarşı nəsə deyəni “anti-Rusiya xarakterli fikirlər” bildirməkdə, “rusofob” olmaqda ittiham edirlər.
Bir iş var ki, son 3 ildə ruslar belə məsələlərdə çox həssaslaşıblar. Özlərində hətta “qoy həmişə sülh olsun” deyənləri “xarici agent” adlandırır, xüsusi reyestrə salırlar. Adam nə edib? Heç nə. Sülh çağırışı edib. Ancaq yox. “Bu, o deməkdir ki, həmin şəxs Rusiya Federasiyasının Ukraynada apardığı xüsusi əməliyyatın haqlı olmasını şübhə altına alıb” – düşüncə və zərbəçi arqument budur.

Bu günlərdə rusiyalı deputatların, politoloq və jurnalistlərin bir qrupu da Qazaxıstanın “qara siyahı”sına salınıb. Onların içində “Russotrudniçesvo”nun rəhbəri, postsovet ölkələrdəki “rus evləri”nin himayədarı, başqa sözlə, Rusiyanın açıq fəaliyyət göstərən kəşfiyyatçısı, özü də kəşfiyyatçı nəvəsi olan Yevgeni Primakov da var. Primakov özü bir müddət əvvəl Qazaxıstanın informasiya naziri Əsgər Umarovu “rusofob pislik” adlandırıb. Niyə? Çünki Umarov qazax dilinin Qazaxıstanın dövləti olmasını vurğulayıb, ana dilinin inkişafından danışıb.

Primakovkimilər düşünür ki, hansı xalq öz ana dilinin öz dövlətində inkişafından, işlək dil olmasından danışırsa, bu, avtomatik olaraq rus dilinin sıxışdırılması demək olur. Bu, isə rusofobluqdur. Sən qazaxsan, qırğızsan, türkmənsən, taciksən, özbəksən, amma Astanada, Bişkekdə, Aşqabadda, Düşənbədə, Daşkənddə öz ana dilində danışmaq istəyirsən, rus dilində danışmaq istəmirsənsə, rusofobluq edirsən. Mövqe budur.

Hələ indi yaxşıdır, rus dilində suala ana dilində cavab verənləri eləcə “qara siyahı”ya salırlar. Sovet dövrü olsaydı, o zaman əsl “qara siyahı”nın nə olduğunu hamı görərdi. Ötən əsrin 20-ci illərindən ta ortalarına qədər üstünə “rusofob” damğası vurulan milli vətənpərvərlərin çoxunun nəsibi güllə və ölümə bərabər sürgün olub. Əsrin ortalarından sonra “ana dili”, “milli haqq” davası edənlərin də başını sığallamayıblar, ən yaxşı halda vəzifədən, partiyadan çıxarıblar. Ötən əsrin altmışıncı illərində xalq yazıçımız, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov “ana dili” söhbəti etdiyinə görə Kremldə qəzəbə gəlib, vəzifəsindən götürülüb.

Rusiyada Konstantin Zatulin adlı bir rus deputat var, adı bir neçə ölkənin “qara siyahısı”ndadır. Çünki o, Krımın, Donbasın işğalına haqq qazandırıb, Ukraynanın pis dətərinə düşüb, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin ziyarətinə gəlib, bizim “arzuolunmaz şəxslər”imizdən birinə çevrilib, Qazaxıstana dil uzadıb, onlar da zatı ali olmayan Zatulinə ölkəyə giriş yasağı qoyublar. Bundan başqa, bütün Avropa İttifaqı ölkələrinin qapısı onun üzünə bağlıdır. 2022-ci ildə isə o, həmişə dəstəklədiyi Ermənistanın da “qara siyahısı”na salınıb.

Bu cür adamlar var və olacaqlar. Bizdə də təbii ki, belə adamların cavabını vaxtında və layiqincə verənlər olmalıdır. Ona görə də Azər Badamovun Rusiyaya buraxılmaması faciə deyil. Faciə o olar ki, rus deputatlar eyzən ölkəmizə qarşı hərzə-hədyan danışalar, bizimkilər isə Rusiyaya buraxılmamağın dərdindən onlara cavab verməyələr.

Dünya təkcə Rusiyadan ibarət deyil. Xüsusi bağlılığın yoxdursa, min il Moskvaya getməzsən, heç yadına da düşməz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR