İnsanlara hürriyət, millətlərə istiqlal!

Tüstülənən dələduzlar - Zamin Hacı YAZIR...

Xırdalan şəhərindəki əhvalatı xırdalayım, siz də oxuyun. Orda bir məktəb direktoru varmış, lakin bunun ali təhsil diplomu saxta imiş. Həmin “tualet kağızına” (saxta müəllim diplomuna kim başqa nə ad qoyur, qoysun; bizdə söz azadlığıdır) əsasən guya bu qadın Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını oxuyub, bitiribmiş.

Burada haşiyə çıxaraq fil qulağında yatan bəzi zəhmətkeşlərə həmin AMİ Gəncə filialı haqda qısa arayış verməyin mənası vardır. O filial elə biabırçı ad çıxarmışdı ki, axırda hökumət məcbur oldu onu ləğv etsin, çünki inkubator üsuluyla savadsız, öz adını kiçik hərflə yazan “müəllimlər” buraxırdılar. Ümumiyyətlə, bu dəqiqə respublikada hansı kolu qaldırsan, altından mütləq AMİ-nin cürbəcür, respublikanın hər yerinə metastaz vermiş korrupsioner filiallarından məzun olmuş müəllimciklər çıxar.

İndi özünüz təsəvvür edin ki, həmin bu xırdalanlı müəllimə hətta saxta AMİ Gəncə filialının diplomunu da saxta üsulla alıbmış! Necə misal çəkim ki, aydın olsun? Məsələn, təsəvvür elə rəssama pul verirsən, saxta 100 ABŞ dolları sifariş edirsən, o isə sənin üçün sovet “üçlüyü” çəkir.

Xülasə, müəllimənin işi yoxlama zamanı fırıq olanda bu, hansısa dələduzlardan yardım istəyib. Dələduzlar söz veriblər ki, 100 min manatla diplomu təsdiqlətdirəcəklər. Ancaq pulu alıb, əkiliblər. 2021-də direktor işdən çıxarılıb, bugünlərdə isə onun şikayəti əsasında məhkəmədə dələduzlara cəza kəsiblər. Birinə 7 il, o birinə 5 il yarım. İki nəfər isə şərti cəza ilə canını qurtarıb.

Belə ədalət olarmı? Bəs saxta diplom düzəltdirən və direktorluq etmiş tip niyə sərbəst dolaşır? Dələduzu aldatmaq niyə dələduzluq sayılır ki? Təsəvvür edək, həmin dələduzlar müəyyən idarələrə çıxış tapar, diplomu təsdiqlədərdilər. O zaman heç şikayət də olmayacaqdı!

Tovuz tərəflərdə hansısa məktəbdə odun sobası tüstülənmiş, uşaqlar zəhərlənmiş, dərslər müvəqqəti dayanmışdı. Bu kimin günahıdır? Əlbəttə, ilk növbədə hökumətin. Ancaq bəzən günahkara daşı elələri atır ki, adam az qalır hökumətə vəkillik etsin. Məsələn, məktəbin pis vəziyyətdə olmasına görə təhsil nazirinə alov püskürənlərdən biri hökumətdən ev almış gənc, burnufırtıqlı şair idi.

Bilirsiniz, bir aralar neft pulu çox olanda şairlərə ev vermək dəb idi, indi bir qədər azalıbdır. Heç soruşan yox idi ki, axı bu yaltaqlar dəstəsinin xalq qarşısında hansı xidmətləri vardır, niyə bu alkoqolik-müftəxorlar sürüsünə xalqın cibindən ev verilməlidir.

İndi mən sizdən soruşuram: hansısa şairin-yazıçının-filanın “mənə veriləsi evi istəmirəm, onun pulu ilə Tovuzda məktəbi təmir edin” söylədiyinə şahid olmusunuzmu? Yox. Nəyə görə biz belə örnəkləri ancaq hərbçilər barəsində eşitməliyik? Keçmişdə bizim öz evində məktəb açan ziyalılarımız olub axı. (İroniya üçün hazırda repetitorluğu “evdə məktəb açmış ziyalılıq” kimi markalaya bilərik).

İnsafən, hökumət yeni məktəblər tikməklə məşğuldur, ta orda hansı təhsil verilir, başqa mövzudur. Mən ümumiyyətlə məktəbin əsas probleminin yeni bina olduğunu düşünmürəm, bu, bir az ayrı temadır. Ancaq hərə bir yandan hökumətdən sallaşırsa, məktəbləri düzəltmək də çətinləşir. Belə müdrik fikir var: “İnsanlara imtinalarına görə qiymət verməliyik”. Bunlar isə hökumətdən hədiyyə almaq üçün sıraya düzülür, sonra deyirlər niyə məktəbin sobası tüstü verir. Sənə görədir hamısı! Sən eləyirsən! Sənin haramxor mənzildə gicbəsər qafiyə tutmağına görə, məddahlığına görə kənd məktəbini düzəltdirməyə pul qalmır.

Əlbəttə, sırtıq tiplərdir çoxu, bu məqamda da bəhanə tapacaqlar, “elə bizəmi qalıb məktəbin təmiri”, “dövlətin pulu azdırmı”, “onsuz yüzü yüz yerə yeyilir” və sairə deyəcəklər. Qəbul edirəm, əlac nədir? Sadəcə, ilk daşı günahı olmayanlar atsın. Artistlik lazım deyil. Onsuz xalq artistlərimiz yüzlərlədir. Hələ onlara və arvad-uşaqlarına, məşuqələrinə də hökumət vaxtlı-vaxtında isti sobalı ev verməlidir. İş çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025