İnsanlara hürriyət, millətlərə istiqlal!

20 min işçi İXTİSAR OLUNUR - 400 min təzminat ÖDƏNİLƏCƏK

Almaniyanın avtomobil nəhəngi olan "Volkswagen" (VW) konserninin təxminən 20 min əməkdaşı artıq şirkəti vaxtından əvvəl tərk etməyə razılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, onların təxminən üçdə ikisi təqaüdə çıxacaq. Bu yolla avtomobil istehsalçısı xərclərin azaldılması məqsədilə həyata keçirilən tədbirlər paketində irəliləyiş əldə edir.

Mürəkkəb danışıqlardan sonra, ötən ilin sonunda konsernin İdarə Heyəti ilə əməkdaşların maraqlarını təmsil edən "IG Metall" sənaye həmkarlar ittifaqı əsas "Volkswagen" brendi üçün xərclərin azaldılması proqramı üzərində razılığa gəlib. Bu proqram 2030-cu ilə qədər ümumilikdə 35 min iş yerinin ixtisarını nəzərdə tutur. Əsas ixtisarlar VW konserninin Almaniyadakı zavodlarında həyata keçiriləcək. Proqrama görə, ixtisarlar sosial cəhətdən qəbuledilən şəkildə aparılmalı və təsirlənən əməkdaşlar bu addımla razılaşmalıdır.

Əməkdaşlara işdən çıxmaları müqabilində iş stajlarına uyğun şəkildə müavinət ödəniləcək. 

Nəşr yazır ki, bu məbləğ 400 min avroya qədər çata bilər. Bundan əlavə, 2026-cı ildən etibarən "Volkswagen" hər il təklif olunan təcrübə proqramlarının sayını 1400-dən 600-ə endirəcək. Bu tədbirlər sayəsində şirkət əmək haqqı xərclərindən hər il 1,5 milyard avro qənaət etməyi planlaşdırır.

Bundan başqa, VW konsernində çalışan təxminən 130 min işçi maaşların artırılmasının dayandırılmasına razılaşıb. Planlaşdırılan 5 faiz artım əvəzinə, bu vəsait xüsusi fonda yönəldiləcək, oradan isə məsələn, əlverişli iş qrafiklərinin təşkili üçün istifadə ediləcək. Həmçinin, artırılmış məzuniyyət müavinəti ödənişi də ləğv edilir.

"IG Metall" həmkarlar ittifaqının bildirdiyinə görə, bu tədbirlər VW zavodlarının bağlanmasının qarşısını alıb. Lakin qəzet qeyd edir ki, Almaniya avtomobil istehsalçılarının davam edən zəif fəaliyyəti fonunda bu vədin uzunmüddətli olacağı şübhə doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR