İnsanlara hürriyət, millətlərə istiqlal!

21 yaşı tamam olmayanlara spirtli içki niyə olmaz? – Ona görə ...

ABŞ-nin müxtəlif ştatlarında spirtli içkilərin satışı və istehlakı ilə bağlı fərqli qanunlar var. Bəzi şəhər və əyalətlər hətta "quru qanun" tətbiq edirlər, bəziləri spirtli içkilərin satışına müxtəlif məhdudiyyətlər qoyur.
Bir çox ştatlarda spirtli içkilərin yalnız müəyyən axşam saatlarında mağaza və barlarda satışına icazə verilir. Nyu-Yorkda gecələr spirtli içki satılmır. Amma dünyanın qumar mərkəzi olan Las Veqasda spirtli içkilərin satışına və istehlakına heç bir məhdudiyyət yoxdur.

Minnesota, Kentukki, Oklahoma, Cənubi Karolina və İndiana, ümumilikdə ondan çox ştatda bazar günləri spirtli içkilərin satışı qadağandır.

Ancaq bütün ştatlar üçün belə bir ümumi qayda var ki, 21 yaşdan aşağı gənclərə və yeniyetmələrə spirtli içki satışı yasaqdır. Bunu qadağan edən federal qanun mövcuddur.

Əksər Amerika ştatlarının nədən müsəlman ölkələrinə xas olan belə bir “şəriət rejimi” tətbiq etmələrinin sirri dərində deyil. Ştatların qanunvericilik orqanları faktlardan çıxış edirlər. Onlar spirtli içkilərin nəzarətsiz, məhdudiyyətsiz satışı və istehlakı sayəsində minlərlə ağır cinayətin törədildiyini təsbit ediblər və bu qərara gəliblər ki, spirtli içki təkcə onu qəbul edənlərin orqanizminə ziyan deyil, həm də heç nədən xəbərsiz yol keçənlərin, barda, hansısa şənlikdə sakitcə əylənənlərin həyatına da təhlükə deməkdir.

İndiyədək ABŞ-nin 50 ştatının hamısında spirtli içkilər verilən barlarda yüzlərlə qətliamlar baş verib, sərxoş canilər qarşılarına keçənləri bıçaqlayıb, güllələyiblər.

ABŞ-də 21 yaşdan aşağı olan alıcılara spirtli içki ona görə satılmır ki, bu yaşda olan gənclərin onsuz da çılğın hərəkətlərə meylli olduqlarını, aşıb-daşan gənclik enerjisinin asanlıqla məsuliyyət hissini üstələdiyini bilirlər. Onlar faktdan çıxış edirlər və bu məsələyə yenidən baxmaq ehtimalını yaxın qoymurlar.
Bilindiyi kimi, Rusiya başda olmaqla bir çox ölkələrdə belə bir məhdudiyyət yoxdur. Gənclər də, yeniyetmələr də istədikləri vaxt istədikləri qədər spirtli içki əldə edə bilərlər.

Dünən axşam İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmələrin təşkil etdiyi şənlikdə baş verən qətliamın başlıca səbəbinin spirtli içki olması artıq yəqinləşib. Məlum olduğu kimi, həmin içki məclisində Mixail adlı 17 yaşlı yeniyetmə 8 nəfəri bıçaqlayıb, onlardan 4-ü ölüb, 4-ü yaralanıb.

Şənliyin təşkilatçısı Mixail bu qətliamı törədərkən sərxoş olub. Bundan əvvəl o, ad günü olan 15 yaşlı qızı cinsi əlaqəyə sövq etməyə çalışıb. Qız isə bundan imtina edib, nəticədə ara qızışıb. Qızı müdafiə edənlər, güman ki, Mixailə fiziki təzyiq göstəriblər (bu xüsusda detallar hələ məlum deyil), o da kəsici-deşici predmetə əl atıb.

Yeri gəlmişkən, bir çox ölkələrdə həddi-büluğa çatmamış yeniyetmələrin cinsi əlaqəyə sövq edilməsi cinayətdir və ağır şəkildə cəzalandırılır. Ancaq Rusiyada buna riayət etmirlər. Bir yetkin şəxs azyaşlıya qarşı cinsi sataşma hərəkətləri edəndə cəzalandırılsa da, yeniyetmələrin öz aralarında cinsi həyata başlamalarına göz yumulur, hətta normal sayılır. Cəmiyyətdə hesab edirlər ki, məsələn, 10-cu, 11-ci sinifdə oxuyan oğlan və qızların öz “könül həmdəmləri” olmalıdır.

Görünür, ona görə Mixail özündən 3 yaş kiçik qıza qarşı belə bir təklif, daha doğrusu, iddia irəli sürüb və imtina ilə qarşılaşdıqda, onsuz da içkinin təsirindən qızışmış beyni daha da çönüb. Nəticə: həyatdan qopmuş 4 yeniyetmə + qatil Mixailin özü.

Həmin məcisdə spirtli içki olmasaydı, nə olacaqdı? Yeniyetmələr bir az oynayıb dağılaşacaqdılar, çoxu bir-birinə qarşı cinsi istəkdə olduğunu büruzə verməyə utanacaqdı. Spirtli içki isə bütün emosiyaları üzə çıxarıb, pərdələri götürüb, yeniyetmələrin sırtıqlaşmasına səbəb olub, sonda ehtirasları tamamilə qızışdırıb, əndazədən çıxarıb.

Fikir verirsinizsə, son 15-20 ildir bu vaxtlar ölkəmizdə orta məktəbdən məzun olan gənclərin kütləvi şənlik keçirmələrinə xüsusi nəzarət olunur, məhdudiyyətlər tətbiq edilir, onların spirtli içki qəbul etmələrinə, kütləvi şəkildə şəhər mərkəzlərinə axışaraq müxtəlif xuliqanlıq aktları törətmələrinə imkan verilmir.

Bundan narazı qalanlar çox olur. Xüsusilə məzun gənclər “ömürdə bir dəfə məzun oluruq, günümüzü bərbad edirlər” deyə gileylənirlər. Amma bu “bir günlük həzz”in çox acınacaqlı nəticələri ola bilir. Məsələn, əvvəlki illərdə 4-5 məzun gəncin bir avtomobilə doluşaraq “cavanlıq etdiyi”, axırda qəzaya düşdüklərinə dair xeyli fakt var.

Ona görə də İrkutsk faciəsi yaxınlaşmaqda olan “məzun günü” üçün hər kəsə siqnal olmalıdır.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR