Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətlərində gərginlik, Tiflis və Moskva arasında hələ də diplomatik münasibətlərin bərpa edilməməsi, eləcə də İran-İsrail savaşı regional əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3" formatının taleyini sual altında qoyub. ”Yeni Müsavat" xatırladır ki, bu format altı dövlətin Rusiya, İran, Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlığını nəzərdə tutur. Bu konfiqurasiya Rusiyanın Gürcüstanla münasibətləri dalandan çıxarmaq, İranın Cənubi Qafqaz siyasətində daha tolerant siyasət yürütmək şansı kimi qiymətləndirilirdi.
Bundan əlavə, Türkiyə və Ermənistan arasında həllini tapmamış bir sıra məsələlər bu platforma çərçivəsində iki ölkənin əməkdaşlığına mane olur. İki ölkə arasında diplomatik nümayəndəlik mövcud deyil. Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən 1993-cü ildən Ermənistanla sərhədi bağlı saxlayır. Bunun nəticəsində avtomobil və dəmir yolu əlaqəsi yoxdur. Bütün bunlara baxmayaraq, Ermənistan və Türkiyə təmsilçiləri “3+3" platformasının işində iştirak edirlər.
Bu çərçivədə əməkdaşlıqdan birmənalı şəkildə imtina edən təkcə Gürcüstandır. Sirr deyil ki, Moskva və Bakı arasında ötən ilin dekabrından davam edən gərginlik bu əməkdaşlıq konfiqurasiyasına ciddi əngəl oldu. Rusiyanın və İranın ən ciddi rəqibləri, ABŞ-nin isə Zəngəzur dəhlizinə (Tramp yolu) gəlişi bu əməkdaşlıq formatının taleyinə də təsirsiz ötüşməyə bilməz. İndi vəziyyət elə dəyişib ki, nə Moskva, nə Tehran bu formatda əməkdaşlığı davam etdirməyə hazır deyil. Ümumiyyətlə, bu formatın daha perspektivi qaldımı?
Onu da deyək ki, Azərbaycanın təşəbbüskarı olduğu bu format Türkiyə tərəfindən də tam dəstəklənib. Göründüyü kimi, “3+3" çərçivəsində əməkdaşlıq o qədər də sadə məsələ deyil. Lakin Rusiya və İran destruktiv siyasətinə son qoymağı bacarsa, bu platforma reallaşa bilər. Çünki hər şey Moskva və Tehranın münasibətindən asılıdır. Eyni zamanda Gürcüstanı da razı salmaq mümkündür. Yəni ”Tramp marşrutu" və Bakı ilə İrəvan arasında sülh razılaşması bölgə üçün yeni imkanlar açır. Əgər Rusiya və İran qərəzindən əl çəksə, iqtisadi doktrina ilə regiona gəlsə, “altılıq platforması” üçün fürsətlər yenə yarana bilər.
Yada salaq ki, buna qədər “3+3" formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) görüşləri olub. Birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra üçüncü görüş isə İstanbulda keçirilib.
Xəyal Bəşirov
Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın təşəbbüsü artıq bəllidir: “Bu formatın Vaşinqton razılaşmalarına aidiyyəti yoxdur. Hansı dövlət sülh prosesinə və regional əməkdaşlığın inkişafına dəstək verirsə, onu alqışlayırıq. Ağ Evdə əldə olunan razılaşma da məhz Cənubi Qafqazda sülhə xidmət edir. ”Tramp marşrutu"na gəlincə, mahiyyəti dəyişmədi, Zəngəzur dəhlizidir. Ona görə də “3+3" formatına region ölkələrinin necə yanaşması əsasdır. Məsələn, Gürcüstan Rusiya ilə düşmənçiliyə görə imtina edir, amma bu, bizim problem deyil”.
X.Bəşirovun fikrincə, əsas olan “3" formatını qurmaqdır və buna nail olmuşuq: ”Bundan sonra 3 dövlətin qoşulması artıq onların seçimindən asılı olacaq. Yəni Gürcüstan Vaşinqton anlaşmasını dəstəkləməklə “3" formatı təmin edildi. Əgər Rusiya və İran istəməsə, itirən tərəf onlardır. Türkiyə isə bu prosesdə aktiv iştirak edəcək. Yəni bu format ”3+1" də ola bilər. Sadəcə, Tehran və Moskva praqmatik düşünməlidir, regional əməkdaşlığın gətirəcəyi iqtisadi dividentdən istifadə etməlidir. Əks halda onun zərbəsi Rusiya və İrana dəyəcək. Çünki hər iki tərəf üçün yollar bağlanıb. O baxımdan şimal və cənub qonşularımız Cənubi Qafqaz kimi nəfəsliyi əldən verməməlidirlər".
Siyasi şərhçinin sözlərinə görə, ümumilikdə Cənubi Qafqaz regionu strateji cəhətdən qlobal kəsişmə nöqtəsi və böyük güclərin maraqlarının ənənəvi toqquşma qovşağına çevrilmişdi: “Region son illərdə Qarabağ müharibəsi, Gürcüstanda daxili dəyişikliklər və Rusiya-Ukrayna müharibəsi kimi proseslərə məruz qalıb. İndi isə sülh sənədi paraflandı, Ukraynada atəşkəs ümidləri yaranıb. Düşünürəm ki, regionda yeni bir dövr başlana bilər. Platforma həm də iştirak edən ölkələr arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın artırılması, bölgə əhalisi üçün daha çox ticarət, investisiya və iş imkanlarının yaradılması və s. baxımından da əhəmiyyətlidir. Çünki ”3+3" formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu da sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanlarının geniş olmasının göstəricisidir".
Onun fikrincə, format regional əlaqələrdə, dialoq və əməkdaşlığın təmin edilməsi ilə gərginliyin azaldılmasına və regionda sabitliyin təşviqinə kömək edə bilər: “Həmçinin ”3+3" platforması regionun enerji və nəqliyyat layihələri üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa və Asiya arasında daha sıx əlaqə yarada bilər ki, bu da region üçün faydalıdır. Bir sözlə, Rusiya və İranın gələcək addımları “3+3" formatının yaşayıb-yaşamayacağını müəyyən edəcək. Hazırda bu platforma dondurulmuş görünür. Birincisi, Moskva təyyarəmiz vurulandan bəri Bakı ilə əlaqələri düzəltmir, getdikcə böhran daha da dərinləşir. İkincisi, İranın mühafizəkar qanadı Zəngəzur dəhlizi əleyhinə bəyanatlar verməyə davam edir. Üçüncüsü isə, Gürcüstanın işğal problemi qalmaqdadır. Bu mənada ”3" formatının reallaşması daha yaxındadır. Bizi də maraqlandıran Cənubi Qafqaz ölkələri arasındakı münasibətlər, dayanıqlı sabitliyin əldə olunmasıdır. O baxımdan “Qafqaz evi” ideyasının da gerçəkləşməsi mümkün görünür. Vaşinqton razılaşması bunu diktə etməkdədir. Artıq region eskalasiyalardan qurtulmalı, iqtisadi əməkdaşlığın genişlənməsi zəruridir. ABŞ-nin dəhlizin açılmasında rolu da buna qarantiyadır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ