Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində keçiriləcək tarixi Tramp–Putin sammiti ərəfəsində mühüm və sərt bəyanatlarla çıxış edib. O, həm Ukrayna müharibəsinin gedişatı, həm də qarşıdakı görüşün mümkün nəticələri barədə danışaraq, bir sıra diqqətçəkən mesajlar verib.
Tramp vurğulayıb ki, Putin və Zelenskinin iştirakı ilə nəzərdə tutulan ikinci görüş daha da önəmli olacaq: “Düşünürəm ki, onlar sülhə nail olacaqlar və o zaman mən 6 ayda 6 müharibəni dayandıracağam.” ABŞ Prezidenti bununla həm Ukrayna, həm də digər münaqişələrdə Vaşinqtonun sülh təşəbbüslərinə rəhbərlik edəcəyini bəyan edib.
Jurnalistlərin “Putini güzəştə getməklə mükafatlandırırsınızmı?” sualına cavab verən Tramp kəskin mövqe sərgiləyib: “Fikrimcə, heç vaxt başlamamalı olan vəziyyət – heç vaxt başlamamalıydı. Bu mənim vaxtımda başlamadı və dörd il ərzində bu barədə heç danışılmadı. Mən gördüm ki, bu baş verəcək, getdikdən sonra nə baş verdiyini gördüm… Hamı günahkardır, Putin də günahkardır.”
Ukrayna ilə bağlı daha qətiyyətli mövqe ortaya qoyan Tramp bəyan edib: “Əgər mən prezident olmasaydım, Putin bütün Ukraynanı ələ keçirərdi.” Onun sözlərinə görə, məhz onun hakimiyyəti dövründə Rusiya bu istiqamətdə addım ata bilməyib və hazırda gedən müharibə də ABŞ-da siyasi rəhbərliyin dəyişməsinin nəticəsidir.
Sammitin nəticələri barədə də danışan Tramp açıq xəbərdarlıq edib: “Əgər Putinlə görüş pis keçsə, o, çox tez bitəcək. Əgər yaxşı keçsə, yaxın zamanda sülhə nail olacağıq.” ABŞ lideri bununla Moskva ilə danışıqların taleyini birbaşa Alyaska sammitinin nəticələrinə bağlayıb.
Ekspertlər hesab edirlər ki, Alyaska sammiti yalnız Ukrayna müharibəsi deyil, həm də qlobal güc balansının taleyi üçün həlledici ola bilər. Görüşdə strateji silahların məhdudlaşdırılması, yeni sanksiyalar və Moskva–Vaşinqton münasibətlərinin gələcək formatı müzakirə ediləcək əsas mövzular sırasındadır.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ