İnsanlara hürriyət, millətlərə istiqlal!

30 ildir diplomunu ala bilmir – 52 yaşlı qadının ümidləri Agentliyin qapısında qalıb

İllərdir diplomunu ala bilməyən vətəndaş Rəna Qocamanova tərəfindən Musavat.com-un redaksiyasına şikayət məktubu daxil olub:

"Mən - Qocamanova Rəna Şahmar qızı Azərbaycan vətəndaşı olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən şikayətçiyəm. 1993-cü tədris ilində Bakı 2 nömrəli Tibb texnikumunun Feldşer-Laborant fakültəsini bitirmişəm. Həmin il bizə diplom verilmədi. Məni təyinatla Gənclikdə yerləşən 5 nömrəli Uşaq Xəstəxanasına işə göndərdilər. Orada 3 ay işlədim, lakin övladım olduğu üçün işdən çıxdım. Daha sonra texnikuma gedib diplomumu istəsəm də, ala bilmədim.

SAHMAR.jpeg (132 KB)

2024-cü ilin 18 aprel tarixində, yəni 30 ildən sonra yenidən texnikuma diplomum üçün müraciət etdim. Mənə bildirdilər ki, sənədlərim arxivdən götürülərək Elm və Təhsil Agentliyinə göndərilib və 3-4 ay sonra diplomumu ala biləcəyəm. 2024-cü ilin avqust ayında yenidən texnikuma getdim, lakin mənə "diplomunuz hələ gəlməyib" dedilər. Bu səbəbdən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutdum.

Orada Elçin adlı bir mütəxəssis mənim məsələmlə maraqlandı, bir neçə yerə zəng etdi və bir həftə sonra gəlməyimi tövsiyə etdi. Beləcə, avqust ayı ərzində hər həftə çərşənbə günləri Agentliyə getdim, yenə növbəti həftəyə saxladılar. Daha sonra Elçin bəy məni daxili telefonla Şahzadə adlı bir xanımla danışdırdı. Həmin xanım isə oktyabr ayında işlərin tamamlanacağını və diplomumu texnikumdan ala biləcəyimi bildirdi. Hazırda 25 aprel 2025-ci ildir və mən hələ də diplomumu ala bilməmişəm.

Xahiş edirəm, bu məsələ ilə bağlı köməklik göstərəsiniz. Hər dəfə də süründürməçiliklə üzləşirəm. Get növbəti həftə gələrsən, araşdırırıq dedilər. Axı nəyi araşdırırlar? Bir ildir araşdırma bitmir, oxumuşam, bitirmişəm, yüksək qiymətlər almışam. Mənim nəyimi araşdırırsınız? Tək mən deyiləm, bir çox insan var ki, görürdüm, diplomlarını ala bilmədiklərinə görə etiraz edirlər, hətta dava salanlar da var idi. Bu cür davranış mənim xasiyyətimə uyğun deyil.

İndi təkrar Baytarlıq Təbabəti fakültəsinə daxil olmaq istəyirəm. Diplomu ala bilməsəm, sənədlərimi təqdim edə bilməyəcəyəm. Mən onsuz da gec qalmışam, 52 yaşım var. Heç olmasa uşaqlar böyüyüb, indi heyvanlarla məşğul olmaq istəyirəm. Niyə diplomumu verməyəsiniz ki?!"

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə müraciət etdik. Bildirildi ki, müraciət araşdırılır, cavab veriləcək.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR