Onlayn ictimai-siyasi qəzet
ABŞ Əmək Nazirliyi ölkədə məşğulluqla bağlı məlumatları saxtalaşdırır. Musavat.com xəbər verir ki, bu sensasion açıqlama ilə prezident Donald Tramp Truth Social hesabında çıxış edib. Onun fikrincə, nazirlik son aylarda iş yerlərinin artım statistikasını aşağı salıb: "Prezident seçkilərinin ilkin nəticələri saxtalaşdırıldığı kimi, iş hesabatı da saxtalaşdırılıb. Buna görə də hər iki halda nəticələrdə radikal sol Demokratların lehinə kütləvi, görünməmiş dəyişiklik oldu".
Tramp qeyd edib ki, onun fikrincə, bu cür sənədlərə istənilən əhəmiyyətli düzəlişlər “rəqəmləri ört-basdır etmək” və “böyük Respublikaçı uğurun daha az möhtəşəm görünməsi” üçün edilir.
Qeyd edək ki, avqustun 1-də Tramp Amerika əmək bazarının kəskin zəiflədiyini göstərən məlumatların açıqlanmasından sonra ABŞ Əmək Statistikası Bürosunun rəhbəri Erika MakEntarferi işdən çıxarıb.
O, keçmiş prezident Co Bayden tərəfindən təyin edilmiş MakEntarferi məşğulluq məlumatlarını saxtalaşdırmaqda günahlandırıb. Bununla belə, prezidentin istehlakçı və istehsalçı qiymətləri ilə bağlı məlumatları idarə edən Əmək Statistikaları Bürosunun məlumatları manipulyasiya etdiyinə dair iddialarını dəstəkləmək üçün heç bir sübut təqdim edilməyib.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ