İnsanlara hürriyət, millətlərə istiqlal!

Kökə, kötək və Yaltaya göndəriş - SSRİ-də həmkarlar ittifaqının əsl işi nə olub?

Hər ay maaşdan tutulan bir qəpiklik həmkarlar ittifaqı haqqı sovet adamı üçün adi bir şey olub. Amma bu təvazökar məbləğin arxasında ilk iş günündən təqaüdə çıxana qədər hər bir işçini müşayiət edən nəhəng və nüfuzlu bir təşkilat gizlənib.

Qərbdə həmkarlar ittifaqı sözü bir məna daşıyır - işçilərin hüquqları uğrunda mübarizə, tətillər, kollektiv müqavilələr və s. Lakin SSRİ-də hər şey başqa cür olub. Sovet həmkarlar ittifaqı sistemə qarşı mübarizə aparan yox, onun ən mühüm hissəsinə çevrilən qurum kimi fəaliyyət göstərib. Təşkilat işçilərin mənafeyinin müdafiəçi deyil, hər bir fabrikdə, elmi-tədqiqat institutunda və ya müəssisədə SSRİ-nin “sosial təminat” adı altında işçiləri nəzarətdə saxlamaq funksiyası daşıyıb.

23a8f7b4-22f9-4868-a088-32d0a8832b27.jpeg (84 KB)

Bir tərəfdən, bu təşkilat faydalar mənbəyi olub, sanatoriyalara tapılmayan göndəriş vauçerləri, uşaqlar üçün şənliklərə biletlər, bayram üçün ərzaq sifarişləri təmin edib. Digər tərəfdən, qurum ciddi əxlaq nəzarətçisi olub, onun iclasında işdən çıxırılma və ya əxlaqsız hərəkətə görə cəzalandırma halları yer alıb.
Milyonlarla sovet vətəndaşı üçün həmkarlar ittifaqının mövcudluğunun əsas səbəbi onun “qıt xoşbəxtliyin paylayıcısı” rolu olub. Müəssisədəki həmkarlar ittifaqı komitəsi sadəcə olaraq pulla alına bilməyən o imtiyazların əldə edilməsinə cavabdehlik daşıyıb.

Həmkarlar ittifaqından ən çox arzulanan “mükafat” isə, şübhəsiz ki, göndərişlərdir. Bunu əldə etmək müşkül məsələyə çevrilib. Bölüşdürmə işçinin iş stajını, sağlamlığını, ictimai fəaliyyətini nəzərə alan xüsusi komissiya tərəfindən aparılıb.

Göndəriş vauçerlərinin bir neçə növü olub. İşçilər müalicə və sağlamlığın yaxşılaşdırılması üçün çox vaxt həkimin tövsiyəsi ilə sanatoriya və ya kurorta göndərilib. İstirahət evinə isə adətən ölkənin ən mənzərəli guşələrinə - Qara dəniz sahillərinə (Krıma, Soçiyə, Abxaziyaya) və ya Baltikyanı şəhərlərə göndəriş vauçerləri verilib. İşçi dəyərin yalnız kiçik bir hissəsini ödəyib - adətən 10% -dən 30% -ə qədər. Qalanı həmkarlar ittifaqı tərəfindən qarşılanıb. Bu cür elit tətillər sadə bir mühəndis və ya işçi üçün çox vaxt əlçatan olmayıb. Olması üçü isə mütləq rüşvət və ya qohum amili rol oynayıb.

3642dcdc-376d-442a-9814-1767ad855dbe.jpeg (112 KB)

Sovet insanı üçün həmkarlar ittifaqı onun istirahətini, asudə vaxtını təşkil edən, uşaqlarına baxan universal bir qurum olub. Odur ki, bu sosial mükafatlar qarşılığında insanlar onun xoşagəlməz hallarına dözüblər.

Göndəriş kağızlarının bölüşdürülməsi ilə yanaşı, sovet həmkarlar ittifaqının daha bir vacib rolu da ideoloji və tərbiyəvi planda iş aparmaq olub. Həmkarlar ittifaqı kollektivin hər bir üzvünün mənəvi keyfiyyətinə və əmək intizamına nəzarət etməyə çağırılıb. Burada əsas alət həmkarlar ittifaqının hət ay keçirilən yığıncağı idi.

Bu görüşlərdə adi hesabatlardan əlavə, çoxlarının qorxduğu bir şey baş verib - ictimai qınaq. İstənilən işçi müxtəlif yaramazlıqlara görə kollektivin qarşısına çıxarılıb. Həmkarlar ittifaqı yığıncağında insanlara açıq şəkildə töhmət verilib və insanı əlavə işlədiblər. Bundan başqa, üzrlü səbəb olmadan işə gəlməmək cinayət hesab olunub. Tez-tez iş yerini dəyişənlər, təhlükəsizlik qaydalarını pozanlar və ya istehsal qüsurlarının günahkarları, iş yerində içməyi sevənlər ittifaqın düşməninə çevrilib. Hətta həmkarlar ittifaqı komitəsi araşdırma apararaq şəxsi həyata da qarışıb.

70880d5e-9dba-4e74-a6de-9707b39f07f3.jpeg (334 KB)

Həmkarlar ittifaqının konkret cəzaları da olub: 13-cü maaşdan məhrumetmə. mənzil növbənin dəyişdirilməsi, arzulanan göndərişin ləvği. Məsələ bununla da bitməyib. “Cinayətkar” bütün kollektivin qarşısında dayanmalı, həmkarlarının və rəhbərlərin qınayan çıxışlarını dinləməli, sonra açıq şəkildə tövbə etməli və yaxşılaşacağına dair söz verməli olub.

Odur ki, həmkarlar ittifaqı insanı müəyyən sərhədlər daxilində saxlayan effektiv sosial nəzarət aləti olub, çünki təkcə karyera təhlükəsi yox, həm də qıt mallara çıxış təhlükəsi də yaranıb. Həmkarlar ittifaqı kadrlar şöbəsinin, sosial təminat idarəsinin, səyahət agentliyinin və yoldaşlar məhkəməsinin funksiyalarını birləşdirən unikal hibrid olub. Qərb həmkarlar ittifaqlarından fərqli olaraq, o, işçilərin hüquqlarını işəgötürənin zülmündən müdafiə edən müstəqil bir orqan deyil, əksinə, dövlətin özünün alətinə çevrilib.

Bu sistem insanın kollektivdən, həmkarlar ittifaqından tam asılılığını yaradıb. İstənilən səfərə çıxmaq və ya mənzil növbəsinə yüksəlmək üçün insan “düzgün” sovet vətəndaşı olmalı olub. Bu, SSRİ-də sosial idarəetmə mexanizmlərinin necə işlədiyinin ən parlaq nümunəsidir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR