İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada absurd, SSRİ-də norma sayılan hallar - əcnəbilər qadağalardan şoka düşüblər

SSRİ-yə səfər edən əcnəbilər ölkədə bəzi qadağalardan mədəni sarsıntı yaşayıblar. Sovet vətəndaşlarının özləri də hər şeydən məmnun olmayıblar. Məsələn, məktəbi götürək. Oğlanlara uzun saç, cins şalvar, hətta saat taxmaq qadağan edilib. Belə saçlar səliqəsiz “görünüb”, cins şalvarlar kapitalist dəbi sayılıb və saatlar təmtəraq əşyası hesab edilib, hər məktəblinin saat taxmaq imkanı olmayıb.

Qızlara təkcə dodaqlarını deyil, kirpiklərini də boyamaq qadağan edilib. Saçlarını boyayanları məktəb iclasında biabır etmək vacib sayılıb. Halbuki vəzifədə olan şəxslərin övladları xüsusi məktəblərdə təhsil aldıqları üçün Qərb “stili” onlar üçün norma olub.

qad-4.jpeg (167 KB)

1950-ci illərin sonlarından dəmir pərdə açılmağa və Sovet İttifaqına xarici turistlər gəlməyə başlayıb. Avropadan və ABŞ-dən gələn qonaqlarda çox fərqli təəssürat yaranıb - inamsızlıq və qorxudan tutmuş səmimi heyranlığa qədər. Ancaq yerli sakinlərin etiraz etmədən müşahidə etdikləri sərt sovet qaydaları və məhdudiyyətləri, demək olar ki, hər kəsi təəccübləndirib. Odur ki, SSRİ-yə gələn əcnəbilər tez-tez qarşılaşdıqları çoxsaylı məhdudiyyətlərdən şoka düşüblər. Onlara qəribə, hətta absurd görünən şey sovet ölkəsində normal sayılıb.

Məsələn, seçdiyin şəxs əcnəbidirsə, onunla evlənmək necə qadağan edilə bilər? Hökumət hesab edib ki, bu insanların sayının azalmasına gətirib çıxaracaq. Çünki II dünya müharibəsi zamanı 26 milyon 600 min sovet insanı həlak olduqdan sonra vətəndaşların xaricə daimi yaşamaq üçün getməsinə icazə verilməyib.
Əsas səbəblərdən biri də o olub ki, taleyini əcnəbi ilə bağlayanlar tam əksəriyyəti SSRİ-də qalmaq istəməyib. Digər tərəfdən, Sovet İttifaqında demoqrafiya ilə bağlı problemlər həmişə olub. İnsanların sayını çoxaltmaq barədə düşünən ölkə rəhbərliyi müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçiriblər.

qad-3.jpeg (224 KB)

Daha bir təəccüblü məqam işləmək istəməyənlərin həbs edilməsi olub. SSRİ-də hamı işləmək məcburiyyətində olub. Tələbə universiteti bitirdikdən sonra müvafiq mövqeyə təyinat alıb. Problem ondadır ki, həmin zavodda sənin vəzifəndə kiminsə qohumu və yaxını işləyib. Təyinat vərəqəsinə isə baxan olmayıb və gənc ağır işlərə mənəvi basqılar altında cəlb edilib. Çoxları isə buna dözməyərək içki aludəçisinə çevrilib.
SSRİ-də xarici valyutaya sahib olmaq yasaqlanıb. Mərkəzi qəzetlər mütəmadi olaraq rublun, dolların məzənnəsini dərc ediblər. Hətta 1970-ci illərdə 1 dollar rəsmi olaraq 80 qəpik olub. SSRİ vətəndaşlarına xarici valyutaya sahib olmaq və ya dəyişdirmək həbs də daxil olmaqla ağır cəzalarla nəticələnib. Onlara “valyuta alverçisi” adı qoyulub, bu işdə ilişənlərin çoxuna güzəşt olmayıb. Dövlət Qərb iqtisadiyyatının təsirinin qarşısını almaq üçün valyuta əməliyyatlarına nəzarət etməyə çalışıb. Amma müəyyən vətəndaş kateqoriyaları xarici valyutanı sərbəst əldə edə bilib.

Bundan başqa, SSRİ-də kişilər müəyyən xarici görünüş standartlarına riayət etməli olublar. Uzun saç, saqqal və qeyri-standart saç düzümü birmənalı qarşılanmayıb və həm cəmiyyət, həm də hakimiyyət tərəfindən mənfi reaksiyaya səbəb olub. Kişilərin zinət əşyaları, xüsusən də sırğa taxması yolverilməz sayılıb. Görünüşün bu cür elementləri Qərb mədəniyyəti ilə əlaqəli hesab edilib, fərqli fikir və ya hətta deviant davranışın təzahürü kimi göstərilib.

qad-1.jpeg (237 KB)

Ən qəribə münasibət isə solaxay insanlara qarşı olub. Sol əli ilə yazan uşaqlar tez-tez sağ əllərini istifadə etməyə öyrədiliblər. Bu, standart alət və avadanlıqların unifikasiyası və istifadəsinin asanlığı arzusu ilə izah edilib. Karate və bodibildinq kimi bəzi idman növləri isə potensial təhlükəli və ya fərdiyyətçilik üçün əlverişli hesab edildiyi üçün qadağan edilib və ya məhdudlaşdırılıb. Bunun əvəzinə kollektivçi ideologiyaya uyğun idman növləri təşviq edilib.

Malları ucuz qiymətə alıb baha satmaq cəhdi mənfi qarşılanıb və həmin şəxslər ciddi şəkildə cəzalandırılıb. Belə fəaliyyət sosialist prinsiplərinə zidd olub və cinayət məsuliyyəti yaradıb. Bütün hallarda bu qadağalar sovet dövlətinin vətəndaşların həyatının müxtəlif sahələrinə nəzarət etmək və dövrün ideoloji standartlarına uyğun cəmiyyət formalaşdırmaq istəyini əks etdirib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR